Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

Yarım milyon rusiyalını ‘könüllü’ şəkildə vətənə qaytarmağa çalışırlar


Vnukovo hava limanı
Vnukovo hava limanı

Rusiya daxili və xarici işlər nazirliklərinin məmurlarına xaricdə yaşayan ən azı 500 min rusiyalını vətənə qayıtmağa sövq etməyi tapşırıblar

Rusiya daxili və xarici işlər nazirliklərinin məmurlarına xaricdə yaşayan ən azı 500 min rusiyalını vətənə qayıtmağa sövq etməyi tapşırıblar.

Finanz saytı xəbər verir ki, bu barədə qərar Rusiya hökumətində qəbul olunub.

Bu qərara görə sözü gedən nazirliklərin əməkdaşları qruplar şəklində xarici ölkələrə gedəcək və oradakı rusiyalı mühacirlərə konüllü repatriasiya dövlət proqramı haqqında məlumat verəcəklər.

Bu proqram 2022-ci ildən 2030-cu ilədək davam etməlidir.

Hökumət məmurlara tövsiyə edib ki, bu prosesdə əsas diqqəti məskunlaşdırmaya dair regional proqramlara yönəltsinlər.

Layihənin həyata keçirilməsi federal büdcədən maliyyələşçdiriləcək.

Ukrayna və Belarusun hesabına

Ötən iyunda xəbər verilirdi ki, Rusiyada Dövlət Dumasına təqdim olunmuş “repatriasiya qanunu” layihəsinə əsasən Ukrayna və Belarusun vətəndaşlarına Rusiya vətəndaşlığı verilə bilər.

Qanunvericilik təşəbbüsünün müəllifləri bildirirdilər ki, bu qanuna görə mövcud vətəndaşlıqdan imtina edilməsi və ya vaxtilə Rusiyada yaşamış qohumun olması mühüm deyil.

Qanun layihəsinin mətni “rusiyalı soydaşların daimi yaşamaq üçün tarixi vətənlərinə - Rusiya Federasiyasına qayıtmalarını” ehtiva edir.

Layihə müəllifləri bildirirdilər ki, bu qaydada repatriasiya “vətənə dönüş” Konstitusiyanın 69-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulub.

Əhali azalır

Rusiyanın əhalisi dalbadal iki ildir ki, azalır və miqrant axını bu azalmanın qarşısını ala bilmir.

AzadlıqRadiosunun Rus xidməti Rusiya Statistika İdarəsinə istinadən yazır ki, əhali azalması 2026-cı ilədək artan xətlə davam edəcək.

Rosstatın məlumatında deyilir ki, 2020-ci il, yanvarın 1-ə olan məlumata görə Rusiyanın əhalisi 146 milyon 745 min nəfərdir.

2018-ci ilin əvvəli ilə müqayisədə əhali 35 min 622 nəfər azalıb.

Bu il azalmanın artacağı gözlənilir.

2009-cu ildən 2017-ci ilədək Rusiya əhalisi artmaqda idi. Lakin 2018-ci ildə son on ildə ilk dəfə olaraq əhali 99 min nəfər azalıb.

2016-cı ildən sürətlənmiş əhali azalmasının əsas səbəbi olaraq təbii artımın azalması göstərilir.

Məmur zülmündən qaçanlar

Dünya Bankının 2017-ci ilə olan məlumatına görə o vaxt Rusiyadan kənarda 10.6 milyon vətəndaş yaşayırdı.

Bu, ölkə əhalsinin 7.4 faizi deməkdir. Rusiya ölkədən gedən miqrant sayına görə dünyada üçüncü yeri tutur.

Rusiyalıların 40 faizi mühacirətin əsas səbəbi kimi xaricdə daha yüksək həyat səviyyəsinin olmasını və Rusiyadakı iqtisadi vəziyyətin qeyri-stabilliyini göstərirlər.

Bundan başqa hər 8 rusiyalıdan biri hakimiyyətin və məmurların zülmündən müdafiə olunmaq üçün xaricə mühacirət barədə düşünüb.

XS
SM
MD
LG