Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:00

Putin NATO-ya bütün keçmiş sovet məkanını qadağan etmək istəyir


Rusiyanın təkliflərinə görə NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır

Rusiya Birləşmiş Ştatlar və NATO ilə müzakrə etmək istədiyi təhlükəsizlik şərtlərini açıqlayıb.

Bu təkliflərə görə NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 17-də açıqladığı təkliflərdən birinə görə NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır.

Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması” nəzərdə tutulur.

Moskvanın təkliflərinə görə NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.

ABŞ müttəfiqlərinin iştirakı olmadan danışıqlara qatılmayacaq

Rusiyanın bu təklifləri “istənilən vaxt” müzakirəyə hazır olmasını şərh edərkən Ağ Evin sözçüsü Cen Psaki dekabrın 17-də deyib ki, Birləşmiş Ştatlar təkliflərlə tanış olub, lakin müttəfiqlərinin iştirak etmədiyi heç bir “Avropa təhlükəsziliyi” danışıqlarına razılıq verməyəcək.

Hələ Moskvanın bu təklifləri təqdim etməsindən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Moskva ilə hər hansı dialoqda NATO-nun da Rusiyanın hərəkətlərindən narahatlığı müzakirə olunmalıdır.

Stoltenberq demişdi ki, belə danışıqlar NATO-nun Ukrayna da daxil partnyorları ilə məsləhətləşmələrdən sonra aparıla bilər.

NATO-nun baş katibi bildirmişdi ki, Rusiya əvvəlcə yaratdığı gərginliyi azaltmalıdır.

Son aylar ərzində Rusiya Ukrayna sərhədləri yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirib.

Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya müdaxilə niyyətinin ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Rusiya Cənubi Qafqaz deyəndə...

Rusiya isə bildirib ki, Birləşmiş Ştatlarla birbaşa dialoq və Ukraynanın NATO-ya daxil olmayacağına dair yazılı qarantiya istəyir.

Dekabrın 17-də keçirdiyi brifinqdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya NATO tərəfindən belə bir addımın atıla biləcəyini göstərən “dolayısı ilə əlamətlərə” görə Avropa ərazisində ortamənzilli raketlərin yerləşdirilməsinə məcbur ola bilər.

Ryabkov dekabrın 17-də Interfax agentliyinə geniş müsahibəsində deyib ki, ABŞ və NATO-nun Moskvanın təkliflərinə reaksiyası məyusedicidir və o bu təkliflərin NATO üzvləri üçün qeyri-məqbul olduğunu düşünmür.

Vaşinqtonu bu təkliflərə ciddi yanaşmağa çağıran Ryabkov deyib ki, o Birləşmiş Ştatların danışıqlara gələcəyinə ümid edir, çünki bu, “sülh və sabitliyin qorunub saxlanması üçün son dərəcə mühümdür”.

Rusiya sözü gedən sənədlərin layihəsini ABŞ Dövlət Departamentinin rəsmilərinə dekabrın 15-də təqdim edib.

Bu təkliflərdə Gürcüstanın adı çəkilməsə də, Ryabkov dekabrın 17-də bəyan edib ki, Moskva Cənubi Qafqaz dedikdə Gürcüstanı da nəzərdə tutur:

"Biz birbaşa tələb edirik ki, NATO-nun 2008-ci il Buxarest sammitində Ukraynanın və Gürcüstanın NATO üzvü ola biləcəyinə dair verilmiş qərar geri götürülsün. Bu qərar ləğv olunmalı, ona yenidən baxılmalıdır”.

Sözü gedən sammitdə NATO bəyan etmişdi ki, onun qapıları istənilən Avropa demokratiyası üçün açıqdır.

XS
SM
MD
LG