Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

İşğal olunmuş ərazilərdə Rusiya pasportu alanları Avropaya buraxmayacaqlar


Avropa İttifaqının səfirləri Rusiyanın Ukrayna və Gürcüstanda işğal etdiyi ərazilərdə verdiyi Rusiya pasportlarını tanımamaq barədə qərar qəbul ediblər

Avropa İttifaqının səfirləri Rusiyanın Ukrayna və Gürcüstanda işğal etdiyi ərazilərdə verdiyi Rusiya pasportlarını tanımamaq barədə qərar qəbul ediblər.

Bu barədə məlumat Avropa İttifaqının saytında dərc olunub:

"Bu qərar Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız hərbi təcavüzünə və Rusiyanın işğal olunmuş regionlarda Rusiya pasportları vermək praktikasına cavab tədbiridir. Bu qərar habelə Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımasına qarşı yönəlib”.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan bildirib ki, sözü gedən qərar habelə Avropa İttifaqı üzvlərinin xarici sərhədlərinin təhlükəsizliyinin qorunması məqsədini güdür.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

Moskva habelə 2022-ci ilin 23-27 sentyabr tarixlərində Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə qondarma referendumlar keçirib.

Rusiya prezidenti Vladimir Putin bu ərazilərin Rusiyanın tərkibinə qəbul edilməsinə dair fərman imzalayıb.

Bununla belə Rusiya Ukraynanın qondarma DXR və LXR, habelə Xerson və Zaporojye vilayətlərinin ərazilərinə tam nəzarət etmir.

BMT və əksər dünya ölkələri qondarma referendumların nəticələrini qəbul etməyib.

Gürcüstan Rusiyanın müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiyanı öz ərazisi hesab edir.

Çexiya daha sərt mövqe tutur

Bu arada Çexiya bir qədər də irəli gedərək oktyabrın 25-dən turizm, idman və mədəniyyət tədbirləri məqsədi ilə Şengen vizası almış rusiyalıları ölkəyə buraxmamaq barədə qərar qəbul edib.

Bu barədə bəyanatı Çexiyanın xarici işlər naziri Yan Lipavski verib:

"Rusiya rejiminin mülki obyektləri bombardman etdiyi bir vaxtda biz buna göz yuma bilmərik”.

Nazir izah edib ki, söhbət Şengen zonasına daxil ölkələrin verdiyi vizalardan gedir.

Beləliklə, Çexiya Şengen vizası olan rusiyalıların ölkəyə daxil olmasını qadağan edən Baltik ölkələrinə, Polşa və Finlandiyaya qoşulub.

Rusiyalılara viza verilməsi məsələsində fikir ayrılığı

Bu da qeyd olunmalıdır ki, sözü gedən ölkələrdən fərqli olaraq Çexiyanın Rusiya ilə quru sərhədi yoxdur və rusiyalılar bu ölkəyə ya təyyarə, ya da Şengen zonasına daxil olan ölkələrin ərazisi ilə hər hansı nəqliyyatla gələ bilər.

Lipavskinin sözlərinə görə Rusiyadan birbaşa təyyarə reyslərinin olmamasına baxmayaraq Praqa hava limanına hər gün 200-dək rusiyalı turist gəlir.

Nazir bu qadağana necə əməl ediləcəyini izah etməyib, amma Baltik ölkələrinə, Finlandiya və Polşaya reysləri olan bir sıra aviasiya şirkətləri Şengen vizası olan rusiyalıları uçuşa buraxmırlar.

Çexiya XİN izah edir ki, qadağan biznes məqsədilə verilmiş vizalara və ya ölkədə yaşamaq hüququ olanlara şamil edilməyəcək.

Rusiya Ukraynaya hücum edəndən bəri Çexiya Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Hazırda 10-dək ölkə rusiyalılara viza vermir.

Lukaşenko: 'Nüvə zərbəsi də daxil, bizə qarşı yeni variantlar nəzərdən keçirilir'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Avropa İttifaqının bütün ölkələri rusiyalılara sadələşdirilmiş rejimdə viza verilməsini dayandırıblar.

Bundan əvvəl Lipavski bildirmişdi ki, Çexiya Rusiyada səfərbərlikdən qaçanlara viza verməyəcək.

Lakin Avropa İttifaqı səviyyəsində bildirilib ki, İttifaq Rusiya vətəndaşlarına viza verilməsini tam qadağan etməyəcək.

Aİ qeyd edirdi ki, Avropa dissidentlər və müharibəyə qarşı çıxanlar üçün açıq olmalıdır.

XS
SM
MD
LG