Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:32

Qazaxıstan-Rusiya gərginliyi və ya sonuncu xanın başı


Buçada xeyriyyə məqsədilə qurulmuş qazax alaçığı
Buçada xeyriyyə məqsədilə qurulmuş qazax alaçığı

Rusiya və Qazaxıstan arasında yeni gərginlik yaranır

Moskva Qazaxıstan hökumətindən Ukraynanın Buça şəhərində qurulmuş “Yenilməzlik çadırı” ilə bağlı izahat tələb edib.

Paytaxt Kiyevin yaxınlığında Rusiya işğalı zamanı dinc sakinlərin qətli törədilmiş Buçada qurulan bu çadır ehtiyacı olan yerli sakinlərə yardım göstərir.

Mərkəzi Asiya köçərilərinin ənənəvi “yurt” alaçığı şəklində qurulmuş bu çadır Buçada bu həftənin əvvəllərində açılıb.

Burada Buça sakinlərinə milli qazax xörəkləri və çay verilir, habelə onların elektron cihazlarının batareyalarını doldurmaları üçün şərait yaradılır.

Buçadakı çadırın içərisi
Buçadakı çadırın içərisi

Buça Rusiya qüvvələrinin Ukrayna boyunca bombardmanları nəticəsində elektriksiz qalmış şəhərlərdən biridir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 10-da deyib ki, Moskvaya çadırla bağlı informasiyanın “saxta” olması barədə zəmanət verilsə də, Rusiya Qazaxıstan hökumətindən iki ölkə arasında starateji partnyorluq və müttəfiqliyə xələl gətirən bu məsələ barədə rəsmi izahat gözləyir.

İzahat olmayacaq, çadırların sayı artacaq

Yanvarın 11-də Astanada keçirilən brifinqdə AzadlıqRadiosu müxbirinin bu barədə sualına cavab verən Qazaxıstan xarici işlər naziri Aybek Smadiyarov deyib ki, “izahat veriləcək heç nə yoxdur”:

"Orda çadır qurulub. Yaxşı, nə problem olub? Çadır ordadır. Adamlara yardım göstərilir. Bu özəl Qazaxıstan şirkətlərinin təşəbbüsü ilə edilir. Bunu onlar təşkil ediblər, lazımi yükləri daşıyıblar və indi də kömək edirlər. Aydındır ki, Ukraynadakı vəziyyət mürəkkəbdir. Bəlkə də bəzilərinə çadır barədə informasiya əcaib görünüb. Lakin biz burda heç bir problem görmürük”.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Buça sakinləri ötən ilin yazında Rusiya işğal qüvvələri tərəfindən törədilən qəddarlıqla üzləşiblər.

Moskva Buçada və ətraf şəhərlərdə çoxsaylı hərbi cinayətlər törətməkdə ittiham olunur.

O vaxt Ukrayna qoşunları Buçanı işğaldan azad edə bilib.

Qazaxıstan biznesmenləri və Ukraynadakı qazax diasporası burada daha çox xeyriyyə çadırlarının qurulacağını bəyan edirlər.

Qazaxıstan Rusiya ilə valyuta razılaşmasını dayandırır

Bu arada başqa bir xəbərə görə Qazaxıstan Rusiya ilə qarşılıqlı valyuta mübadiləsinə dair razılaşmanı birtərəfli qaydada ləğv edib.

Astana bəyan edib ki, 20 il bundan əvvəl imzalanmış bu saziş artıq əhəmiyyətini itirib.

Bununla yanaşı Qazaxıstanda bir çoxları sazişin ləğv edilməsindən narahatdırlar, beləki Qazaxıstanın xaricdən aldığı malların demək olar yarısı Rusiyadan gəlir.

Rusiya Qazaxıstanın ən böyük ticarət partnyoru olaraq qalır. Onun Qazaxıstanın xarici ticarətindəki payı 24 faizdir və 2021-ci ildə 24.2 milyard dollar təşkil edib.

Tenge və rublun qarşılqılı mübadiləsinə dair razılaşmanı Moskva və Astana hələ 1995-ci ildə imzalamışdılar.

Bu razılaşmaya görə iki ölkə bir-birlərinin daxili maliyyə bazarlarının sabitləşdirilməsində iştirak etməli idilər.

Bu saziş habelə həftədə iki dəfədən az olmayaraq birjalarda tenge və rublun dollara nisbətdə məzənnəsinin müəyyənləşdirilməsini nəzərdə tuturdu.

Astana bildirir ki, bu saziş artıq aktuallığını itirib, çünki Avrasiya İqtisadi İttifaqı çərçivəsində milli valyutaların mübadiləsini tənzimləyən başqa sənədələr qəbul olunub.

Qazaxıstan bunu da bildirir ki, sözü gedən razılaşma de jure qüvvədə olsa da, artıq xeyli vaxt idi de facto fəaliyyət göstərmirdi.

Qazaxıstan bəyan edib ki, Astana buna bənzər razılaşmaları təkcə Rusiya ilə yox, habelə Monqolustan, Qırğızıstan və Belarusla da dayandırır.

Kenesarı xanın Astanadakı abidəsi
Kenesarı xanın Astanadakı abidəsi

Sonuncu qazax xanının kəlləsi

Bu arada Qazaxıstan millət vəkillərindən Baqıtjan Smaqulov baş nazir Alixan Smailovu Rusiya prezidenti Vladimir Putinə onun vədini xatırlatmağa çağırıb.

Putin Qazaxıstanın sonuncu xanı olmuş Kenesarı xanın Rusiya muzeyində saxlanan kəllə sümüyünün Astanaya qaytarılacağını vəd etmişdi.

Smaqulov xatırladıb ki, Kenesarı xanın kəlləsi və tüfəngi hazırda Moskvadakı Etnoqrafiya Muzeyində saxlanır.

Deputat bildirib ki, xanın kəlləsi vətəninə qaytarılmalı, “ləyaqətlə” dəfn olunmalı və “tarixi ədalət” bərpa edilməlidir.

Qazaxlar artıq illərdir ki, Kenesarı xanın kəllə sümüyünün qaytarılmasını Moskvadan rica edirlər.

Həm də Kenesarı Qasımulı (Qasımoğlu) kimi tanınan Kenesarı 1841-ci ildə bütün qazaxların xanı seçilmişdi.

O 1847-ci ildə indiki Qırğızıstan ərazisində həlak olanadək Rusiya müstəmləkəçi qoşunlarına qarşı silahlı mübarizə aparmışdı.

Onun başı ölümündən sonra kəsilərək Omsk şəhərindəki Rusiya hakimiyyət orqanlarına göndərilmişdi.

Putin Nazarbayevə söz vermişdi

Vladimir Putin 2021-ci ilin iyununda ovaxtkı prezident Nursultan Nazarbayevə Kenesarı xanın kəllə sümüyünün qaytarılacağını vəd etmişdi.

Rusiya qazaxların başqa bir milli-azadlıq hərəkatı lideri – Keyki Batırın başını Qazaxıstana 2016-cı ildə qaytarıb.

Nurmaqanbet Kokembayulı (Kokembəyoğlu) kimi tanınan Keyki Batır 1916-cı ildə qazaxların çar Rusiyasına qarşı üsyanına rəhbərlik etmişdi.

O 1917-ci ildə bolşevik hakimiyyətini və Sovet İttifaqını tanımaqdan imtina etmiş və 1923-cü ildə öldürülmüşdü.

Onun başı Sankt Peterburqdakı Kunstkamera Muzeyində saxlanır.

2017-ci ildə Çeçenistan başçısı Ramzan Kadırov 19-cu əsrdə Şimali Qafqaz müqavimət hərəkatının liderlərindən olmuş Hacımuradın kəllə sümüyünün qaytarılmasını xahiş etmişdi.

Hacı Muradın başı da Sankt Peterburq muzeylərindən birində saxlanır. Onun məzarı isə son vaxtlaradək Azərbaycanda idi.

XS
SM
MD
LG