Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:48

Quranı yandıran rusiyalı yeniyetmənin işi Çeçenistana verildi


İstintaq Komitəsinin Mokvadakı binası
İstintaq Komitəsinin Mokvadakı binası

Rusiyada Quranı yandırmış yeniyetmənin cinayət işi Volqoqrad vilayətinin istintaq idarəsindən Çeçenistana verilib.

Rusiya rəsmiləri bildirilər ki, bunu Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətlərindən sonra ediblər.

Onların sözlərinə görə “bir çox çeçenlər özlərini bu iş üzrə zərərçəkmiş hesab edirlər”.

Bununla belə Rusiya İstintaq Komitəsinin məlumatında işin bu sayaq transfer olunmasının qanuni əsasları izah olunmayıb.

Çeçenistanın hüquq-mühafizə orqanları məhbuslarla pis rəftar və işgəncələrdə ittiham olunur.

Bundan bir gün əvvəl Rusiya İK Volqoqradda yerli sakin Nikita Juravelin Quranın məscidin fonunda yandırılmasında şübhəli kimi saxlandığını bildirmişdi.

11 saniyəlik video

11 saniyəlik videoda Quranı yandıran şəxs olduğu iddia edilən adamın əli və yanan Quran görünür.

Bu videonun bu ilin 19 mayından gec olmayaraq Volqoqraddakı cümə məscidinin yanında çəkildiyi bildirilir.

İK bildirir ki, video Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan informasiya-psixoloji mərkəzinin portalında dərc edilib.

Əslində isə bu video “Utro Dagestan” kanalında dərc olunandan sonra geniş yayılıb.

Həmin kanalda videoya belə bir mətn yazılmışdı:

"Volqoqrad!!!Allah sizin İslamofob ölkəninizin belini qırsın!!!”

Həmin video Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun kanalında da yayılıb.

Ponomaryov SOTA saytına bildirib ki, bu videonu dərc etdiyinə görə şəxsi məsuliyyət daşımır:

"Heç bir dinin dini hissləri ilə oynamaq olmaz. Elə mövzular var ki, onlar fəallıq üçün tabuludur. Bu da onlardan biridir”.

İK iddia edir ki, Juravel Quranı Ukrayna xüsusi xidmətlərinin tapşırığı ilə 10 min rubl mükafat üçün yandırıb.

İşi böyüdürlər

Volqoqradlı yeniyetməyə qarşı “möminlərin hisslərinin təhqir edilməsi” ittihamı irəli sürülüb. Bu maddə üzrə maksimum cəza üç il müddətinə azadlıqdan məhrumedilmədir.

Bu da xəbər verilir ki, bu iş İK-nın rəhbəri Aleksandr Bastrıkinin şəxsi sərəncamı ilə Çeçenistana ötürülüb.

FTX Juravelin saxlanmasını və dindirilməsini görüntüləyən video yayıb.

Mediazona bildirir ki, videoda çoxsaylı “tikişlər” var. Şübhəli əvvəlcə deyir ki, qırıcıların şəklini çəkdiyinə görə saxlanıb. Daha sonra isə videoda görünməyən şəxsin yönləndirici suallarına cavab olaraq “Ukraynadan olanların” onunla əlaqəyə girdiklərini və ona “pul vəd etdiklərini” bildirir.

Propaqandaçı RIA Novosti saytı isə “hüquq-mühafizə orqanındakı mənbəyə” istinadla bu məsələdə ABŞ xüsusi xidmətlərinin iştirakı olduğunu yazır.

V1.ru saytı yazır ki, 19 yaşlı Juravel Sevastopolda doğulub, amma son illərdə Volqoqradda yaşayır və Volqoqrad Dövlət Sosioloji Universitetində təhsil alır.

XS
SM
MD
LG