Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:53

Sonsuz resurslara sahib Rusiya anlayışı 'təbliğatın nəticəsidir'


"[Sergey] Şoyqu ilə [Nikolay] Patruşevin hər ikisi… köhnə kadrlardır və onların karyerası prezidentinkindən köhnədir".
"[Sergey] Şoyqu ilə [Nikolay] Patruşevin hər ikisi… köhnə kadrlardır və onların karyerası prezidentinkindən köhnədir".

Yekaterina Şulman mühacirətdə yaşayan rusiyalı politoloq, professor və şərhçidir. O, hər zaman açıqsözlü olmasıyla tanınıb.

Şulman 2010-cu ildən bəri qanunvericilik prosesləri bilicisi kimi nüfuz qazanıb, çap mediası, radio və sosial mediada Rusiyadakı insan haqları pozuntularını və təqibləri tənqid etməsi ilə ad çıxarıb.

Şulman bir illik məhdudiyyətin ardınca 2019-cu ildə Rusiya Vətəndaş Cəmiyyəti və İnsan Haqları üzrə Prezident Şurasından xaric edilib. Rusiya qoşunlarının 2022-ci ildə Ukraynaya girməsindən iki ay sonra isə vətənini tərk edərək Almaniyada dərs deməyə başlayıb. Və… bir neçə gün sonra Rusiya hökuməti onu "xarici agent" adlandırıb.

AzadlıqRadiosu gürcü xidmətinin müxbiri Vaja Tavberidzeyə müsahibəsində o, Vladimir Putin Rusiyasında "güc oyunları"ndan, Putinin "xaosun elçisi" olmasından, onun müharibəsini yemləyən "vəhşi kapitalizm"dən, eləcə də Putin və digərlərinin Rusiya cəmiyyətini hansı yollarla istismar etməsindən söz açıb.

"Hər bir avtokratiyada qanun"

Kremldə bu yaxınlarda baş verən kadr dəyişiklikləri haqda suala cavab verərkən, Şulman əsas postları tutan şəxslərin yerində qalmasına diqqət çəkib. "Bu sistem qeyri-loyal olmadıqları təqdirdə adamlardan qurtulmur; [bu rejimdə] səriştəsiz olmaq normal halda vəzifədən çıxarılmaq səbəbi deyil. Bu, hər bir avtokratiyada qanundur", - onun sözləridir.

"[Sergey] Şoyqu ilə [Nikolay] Patruşevin hər ikisi… köhnə kadrlardır və onların karyerası prezidentinkindən köhnədir. Şoyqu Sovet İttifaqının formal ləğvindən əvvəl, indiki prezident hələ heç kim olarkən nazir vəzifəsində idi. Putin FSB-nin rəhbəri olanadək Patruşev karyera baxımından onu ötürdü. O vaxtadək FSB-də Patruşevin karyerası daha uğurlu idi. Putin KQB-də çox da uğur qazanmamışdı və bu, açıq sirdir. Onun gerçək karyerası yalnız uğurlu təsadüf nəticəsində Sankt-Peterburq merinin [Anatoli Sobçak] köməkçisi olandan sonra başlanıb. Həmin zamanadək o, KQB-dəki karyerasında heç irəliləməmişdi, Patruşevsə irəliləmişdi.

Şoyqu və Patruşev təkcə ağırçəkili fiqurlar deyil, eyni zamanda öz klanlarının rəhbərləridir. Onların tabeliyində olanlar var, müştəri şəbəkəsi, "uşaqlar"ı var – buna …siyasi qohumluq deyilir. Bu, postsovet avtokratiyalarında patrimonial siyasətin özəlliyidir və mafiya strukturlarını xatırladır ("patrimonial" deyərkən, sadə dillə atadanqalma miras nəzərdə tutulur. Patrimonializm bütün gücün birbaşa hökmdardan qaynaqlandığı bir idarə üsulu anlamına gəlir – red.) Biz onların hər ikisinin azad edildiyini görürük… [Ancaq] onları "təmizləməyiblər", onlar heç bir şeydə suçlanmayıblar. Bu, son dərəcə mühafizəkar və son dərəcə şəxsiləşdirilmiş sistemin daha bir maraqlı özəlliyidir: təmizləmə aparmırıq. Hətta adamlara qarşı cinayət işi açsaq belə, onlara siyasi don geydirilmir; bu, həmişə rüşvət olur, həmişə iqtisadi cinayət olur... Elita iqtisadi cinayət ittihamlarına öyrəşib. Ancaq dövlətə xəyanət, casusluq – bunlar bütövlükdə tam başqa məsələlərdir. …Bu, stalinist yanaşma olardı və onlar bundan qorxurlar.

Yekaterina Şulman
Yekaterina Şulman

Qarşımızda yaşlanan şəxsiyyətçi avtokratiya var

Şəxsiyyətçi avtokratiyalar statistik olaraq kütləvi etirazlardan daha çox çevrilişlərin qurbanı olur. Baş avtokrat hakimiyyətdə qalır. Bunu etmək üçün o, heç kimi əsassız zəiflətmədən və heç kimin özünü gücləndirməsinə imkan vermədən klanların balansını qoruyub saxlamalıdır. Mən düşünürəm ki, Şoyqu klanı və bütövlükdə Müdafiə Nazirliyi müharibəyə görə hədsiz dərəcədə güclənmişdi.

Savaşın öz sonucları olur. Sən öz Müdafiə Nazirliyinə o qədər pul xərcləyirsənsə, o böyüyür. Müharibəni bir növ yeni vətən müharibəsi kimi qələmə verirsənsə, yəqin ki, populyar hərbi liderlərin ortaya çıxır. Sənsə buna imkan verə bilməzsən, axı sən, heç sözsüz, tək olmalısan. Bu üzdən, çox ehtiyatlı və çox nazik davranmalısan …", - Şulman belə deyir.

"Mən Rusiyanı "bürokratik avtokratiya" adlandırmışam. Bu ölkə siyasət elmindəki bölgüsü baxımından şəxsiyyətçi avtokratiyadır. Bizim, partiya avtokratiyalarında olduğu kimi, hakim partiyamız yoxdur. Rusiyanı hərbi avtokratiyalar kimi hərbi xunta yönəltmir. Bizdə monarxiyalarda olan oturuşmuş varislik mexanizmi yoxdur. Ona görə də biz şəxsiyyətçi avtokratiyayıq: Hakimiyyət liderin və onun ən yaxın çevrəsinin əlində cəmləşib. Ancaq biz [sadəcə] prezident və onun beş dostunun idarə edə bilməyəcəyi böyük ölkəyik.

Məncə, Rusiyanın ən [böyük] gerçək təsisatı onun bürokratiyasıdır – həm mülki, həm də hərbi. Adamlar dəyişir, təsisatlar qalır; təsisatın texniki tərifi budur. Bizdə ikinci adam, üçüncü adam, dördüncü adam və s. deyə biləcəyimiz şaqul yoxdur. Bizdə birinci adam var, ondan sonra da [boşluq] gəlir. Bizdə iri klanlar var və balansı qorumaq avtokratın işidir. O, elitaiçi münaqişənin arbitridir. O bu işi çox da yaxşı bacarmır.

…Klanlar var, sən onları orada saxlamağa çalışırsan, ancaq heç kimə birinci olmağa və həddindən çox güc əldə etməyə imkan vermirsən", - Şulmanın sözləridir.

"Onlar resurslar uğrunda yarışırlar"

Şulman Rusiyada mövcud klan sisteminin monarxiya ilə müqayisəsi ideyasını bəyənmir, axı monarxiyada oturuşmuş varislik sistemi var: "Mən bu klan sisteminə resurs təməlli bucaqdan baxardım: onlar resurslar uğrunda yarışırlar. Onlar minimum öz resurs bazalarını qoruyub saxlamalı, maksimum isə genişlənməlidirlər. Bu hakimiyyət oyunu bundan ibarətdir. Əlbəttə, özünün xələfini qoya bilən klan oyunu qazanır. Ancaq hazırda bu uzaq perspektivdir. Ondan əvvəl onlar öz resurslarını qoruyub saxlamaq, yaxud başqalarının sərvətini qamarlamaq üçün Luis Kerrollun təbirincə ("Alisa möcüzələr diyarında" əsərində olduğu kimi) desək, yerlərində qala bilmək üçün, iki dəfə daha sürətli qaçmalıdırlar".

Şulman deyir ki, sosioloji bilgilər təxminən ötən ilin sonlarından bəri müharibənin Rusiyadakı çoxluq arasında populyarlığını itirdiyini göstərir. Onun sözlərinə görə, müharibəyə dəstək yaşlı əhali arasında cəmləşib. "Respondentlərin dilə gətirdiyi əsas narahatlıq müharibənin nə üçün bu qədər uzanmasıdır. Onlar onun niyə bu qədər çox vaxt aldığını anlamırlar.

"Elita müharibə vəziyyətini sevir, çünki savaş onların daxildəki mövqeyini möhkəmləndirir".
"Elita müharibə vəziyyətini sevir, çünki savaş onların daxildəki mövqeyini möhkəmləndirir".

Hərbi senzura və ictimai müzakirələrin olmaması ortamında insanların nəyi nəzərdə tutduğunu anlamaq çətindir. Ancaq biz düşünə bilərik ki, çoxluq müharibənin bitməsinə sevinər. Onlar müharibənin bütün təsirlərini anlamırlar. Onlar bütün nəticələri təsəvvürlərində canlandıra bilmirlər. Ancaq onlar davamlı qorxu və qeyri-müəyyənlik şəraitində yaşamaqdan beziblər. Onlar yeni səfərbərlikdən qorxurlar. Belqorodun bombalanması onların xoşuna gəlmir. Bəziləri deyə bilər ki, Belqorodun bombalanmasını dayandırmağın tək yolu Kiyevi ələ keçirməkdir. Ancaq çoxluğun ağlındakı odur ki, müharibənin bitməsi yaxşı olardı. Bəziləri deyir ki, müharibə bizim qələbəmizlə bitməlidir: "Biz müharibənin bitməsini ona görə istəyirik ki, bitmək bizim qalib gəlməyimiz deməkdir". Ancaq mən şübhələnirəm ki, bu, sadəcə, söz xətrinə, [yanlış şeylər söyləməmək üçün] deyilir və ictimai baxımdan uyğun cavabdır. Axı sən durub "Necə bitsə də, istəyirəm bu müharibə bitsin" deyə bilməzsən.

"Rusiya tarixində həmişə adam çox olub, pulsa az"

Elita müharibə vəziyyətini sevir, çünki savaş onların daxildəki mövqeyini möhkəmləndirir. Onların əvvəlkindən daha çox pulları var, daha çox siyasi suverenliyi var. Mühasirədə olan qala durumu onların işinə yarayır, çünki bu da daxili siyasi idarəetməni asanlaşdırır. Hərbi əməliyyatlardan başqa hər şey onların xoşuna gəlir, çünki hərbi fəaliyyət qeyri-müəyyəndir, bahalıdır, Priqojin kimi insanları yüksəldir, davamlı qorxu yaradır, çoxlu pul tələb edir və bu pulun da bir hissəsi insanlara gedir, onlar da bunu sevmirlər, bu qədər çox pul xərcləmək istəmirlər.

Rusiya dövləti heç vaxt öz xalqına heç bir şey üçün bu qədər pul ödəməyib. Nə gördükləri iş üçün, nə həyatları üçün, nə ölümləri üçün, heç nə üçün. Rusiyanın limitsiz resurslar ölkəsi olması fikri təbliğat mənzərəsidir. Qəribə olansa… budur: Rusiya tarixində həmişə adam çox olub, pul az. Pul, qızıl, xarici valyutanın dəyəri olub, insanlarınsa heç bir dəyəri olmayıb. "Bizim yetərli [insan kapitalımız] var". İndi isə tərsinədir. Mən bunun nə qədər böyük fərq yaratdığını sizə yaxşı izah edə bilmirəm, mən bunu heç özümə izah edə bilmirəm. Onların özü də bunu anlamır, axı heç vaxt belə şey görməyiblər", - Şulman belə deyir.

XS
SM
MD
LG