Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Putinin yeni komissiyası: ‘Qorxuram’  


Vladimir Medinski Sevastopolda, arxiv fotosu
Vladimir Medinski Sevastopolda, arxiv fotosu

“Onlar ideoloji sahədə çox güclü oyunçulardır və tarixlə oynamağa başlayanda mən qorxuram”, – o söyləyib

Rusiya Prezidenti Vladimir Putin tarixi maarifləndirmə üzrə dövlət komissiyasının yaradılması ilə bağlı fərman imzalayıb. Komissiyaya keçmiş mədəniyyət naziri, adı qalmaqallarda hallanmış Vladimir Medinski başçılıq edəcək. Qurumda Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti təmsil olunacaq. Bir çox tarixçilər bu addımı tarixin öyrənilməsinə ideologiyanın müdaxiləsi hesab edirlər.

Tarixə “vahid” baxış

Amma Prezident Putin və tərəfdarlarının fikrincə, ölkənin öz tarixinə “vahid” baxışa ehtiyacı var, əks halda çökə bilər.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri Mixail Sokolov və Robert Koalson yazırlar ki, Putinin qərarını müdafiə edənlər bir az da irəli gedirlər. Tarixçi və məşvərətçi İctimai Palatanın üzvü Pavel Pojiqalio deyir ki, “istənilən ölkədə olduğu kimi, hökumət dövləti qorumağa çalışır”.

“Şübhəsiz ki, tarix məsələsi, fikrimcə, dövlətin öz sərhədləri daxilində mövcudluğu üçün vacibdir. Tarix yenidən yazılsa, dövlət daha mövcud ola bilməz”, – Pojiqalio deyib.

Onun sözlərinə görə, Rusiya “çoxmillətli” ölkə olduğundan tarixinin “vahid” versiyasına ehtiyac var. Çünki tarix təqdim olunarkən deyilə bilməz ki, “Uzaq Şərqin adamları əladır, rusiyalılar pisdir, yaxud Şimali Qafqazlılar əladır, rusiyalılar pisdir”, bu zaman “Rusiya sadəcə, saysız kiçik dövlətlərə parçalanar”, – o deyib.



Medinski

Komissiyaya rəhbərlik edəcək Medinskiyə gəlincə, vaxtilə onun dissertasiyaları “qeyri-elmi, büsbütün absurd” adlandırılaraq məsxərəyə qoyulmuşdu. Keçmiş nazir hazırda aşırı vətənpərvər Hərbi-Tarixi Cəmiyyətin başçısıdır, həm də hakim Vahid Rusiya Partiyasının Ali Şurasında xidmət edir. 2020-ci ilin əvvəlində nazir kürsüsündən uzaqlaşdırılmış Medinski indi Putinin müşaviridir.

Medinski Prezident Dmitri Medvedev dövründə mədəniyyət naziri olanda tarixin iddia olunan saxtalaşdırılmasına qarşı oxşar komissiyanın rəhbəri idi. Həmin qurumun üzvü olmuş tarixçi Nikolay Svanidze deyir ki, o zaman komissiya çox şeyə nail olmadı.

“Üzvü olsam da komissiya haqda çox şey xatırlamıram. Amma yeni komissiyanın tərkibi fərqlidir. Federasiya Şurası və Duma təmsilçiləri kənarlaşdırılıb, elə mən də. Təhlükəsizlik qüvvələri təmsilçilərinin cəlbi isə komissiyanın başqa cür işləyəcəyini göstərir”, – o deyib.

“Düşünmürəm ki, daha ciddi olacaq. Amma daha təhlükəli olacağı dəqiqdir”, – Svanidze deyib.


Gələcəyə deyil, keçmişə fokuslanmaq...

Azad Tarixi Cəmiyyətin sədri, tarixçi Nikita Sokolov da yeni komissiyanın “tam fərqli” tərkibdə olması fikriylə razıdır.

“Onlar ideoloji sahədə çox güclü oyunçulardır və tarixlə oynamağa başlayanda mən qorxuram”, – o söyləyib.

Svanidze onu qeyd edir ki, tarixə ideoloji motivli konsepsiya gətirmək cəhdləri uzaqgörən deyil və cəmiyyətdə ziddiyyətləri dərinləşdirə bilər.

“Tarix maraqlıdır, detektiv hekayə kimi bitmək bilmir. Amma yalanlar yorucu olur. ‘Korrekt tarix’ yaratmaq istəyənlər sadəcə, görmək istədiklərini real kimi təqdim etməyə çalışırlar. Əziyyət çəkəcəyik, çünki bu hekayələri eşidənlər onlara gözlənildiyi kimi qulaq asmayacaqlar. Və buna görə də cəzalanacaqlar”, – deyən tarixçi Rusiya hökumətinin gələcək haqda çox danışmadığını, əvəzində keçmişin yenidən interpretasiyası ilə məşğul olduğunu vurğulayıb.

“Gələcəyin əvəzinə keçmişimiz var… Biz böyük keçmişə can atırıq”, – deyə Sokolov keçmişə heç bir baxışın çoxmillətli ölkəni birləşdiyə bilməyəcəyini düşünür.

XS
SM
MD
LG