Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:20

Ukraynanın qara siyahısındakı rusiyalı gəmi kapitanı öldürülüb


Stanislav Rjitski
Stanislav Rjitski

Rusiyanın Krasnodar şəhərində səfərbərlik şöbəsi rəisinin müavini Stanislav Rjitski qətlə yetirilib.

Yerli mediaların verdiyi xəbərə görə onu səhər qaçışı zamanı naməlum şəxs güllələyib.

Dörd güllə yarası alan Rjitski yerindəcə keçinib.

42 yaşlı Rjitski əvvəllər dəniz donanmasında qulluq edib və Kalibr raketləri ilə silahlanmış “Krasnodar” sualtı gəmisində komandir olub.

Ukrayna mediaları bildirirdilər ki, bu sualtı gəmi ötən ilin iyulunda Vinnitsa şəhərini Kalibr raketləri ilə atəşə tutub.

Bundan başqa bu ad və soyadı olan şəxs Ukraynada Rusiya ordusunun hərbi cinayətləri barədə faktları toplayan Mirotvorets saytının siyahısına daxil edilib.

Bu saytda göstərilirdi ki, o “Alrosa” sualtı gəmisinin komandiri olub və Ukraynaya tammiqyaslı müdaxilədə birbaşa iştirak edib.

Qətl hadisəsi

Rjitskinin gəmi kapitanlığından Krasnodardakı səfərbərlik şöbəsinin rəis müavini vəzifəsinə necə gedib çıxdığı məlum deyil.

Xəbər verilir ki, Rusiyada hüquq-mühafizə orqanları bu qətllə bağlı cinayət işi qaldırıb.

Teleqram kanalları yazırlar ki, hadisə yerində smart qol saatı və qulaqcıqlar tapılıb. Bunların qatilə məxsus ola biləcəyi düşünülür.

Baza teleqram kanalının məlumatına görə qatil Rjitskini çoxdan izləyirdi, onun hərəkət marşrutlarını bilirdi və təhlükəsizlik kameralarının tutmadığı yerləri seçirdi.

“Ləğv olundu”

Ötən ilin iyulunda Ukraynanın "Наші гроші.Львів" təhqiqat layihəsinin jurnalistləri Ukrayna ərazisini Kalibr raketləri ilə atəşə tutan bütün Rusiya sualtı gəmi kapitanlarının siyahısını dərc etmişdilər.

Həmin vaxt Rjitskinin də adı qara siyahıya salınmışdı. Mirotvorets saytında onun adının qarşısında yazılmışdı ki, “şüurlu şəkildə Putin rejiminin Ukrayna dövlətinin və ukraynalıların məhvi üçün əmrlərini yerinə yetirib”.

Vinnitsaya raket atılması nəticəsində həlak olmuş 4 yaşlı Lizanın yas mərasimi
Vinnitsaya raket atılması nəticəsində həlak olmuş 4 yaşlı Lizanın yas mərasimi

Ukrayna jurnalistlərinin məlumatına görə “Krasnodar” sualtı gəmisi iyulun 14-də Vinnitsa şəhərinə Kalibr raketləri atan gəmilərdən biri olub.

O vaxt Vinnitsanın atəşə tutulması nəticəsində 4 yaşlı uşaq da daxil 27 nəfər həlak olmuşdu.

İyulun 11-də Mirotvorets saytında Rjitskinin fotosunun üstündə qırmızı hərflərlə “ləğv olundu” yazılıb.

Kiyev şərh etmir

Ukrayna Daxili İşlər Nazirliyinin müşavirlərindən Anton Geraşşenko yazır ki, Rusiya bu qətldə Ukraynanı şübhəli bilir:

"Rusiya polisi indiyədək cinayətin törədildiyini göstərən bircə müşahidə kamerası da tapa bilməyib. Axtarış davam edir”.

Reuters agentliyi yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından indiyədək Mirotvorets saytındakı siyahıda adları olan azı iki nəfər qətlə yetirilib.

Ötən avqustda jurnalist Darya Dugina avtomobil partlayışında həlak olub. Hərbi bloger Vladlen Tatarski də kafedə törədilmiş partlayışda ölüb.

Kiyev bu qətllərə görə Moskvanın ittihamlarını rədd edir və bildirir ki, ölüm hadisələri daxili çəkişmələrin nəticəsidir.

XS
SM
MD
LG