Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:00

Üfüqdə sülh... Rusiya və Ukrayna danışıqlara üstün mövqedə qatılmaq istəyir


Ukrayna ordusu cənub Xerson vilayətində Rusiya mövqelərini artilleriyadan atəşə tutur.
Ukrayna ordusu cənub Xerson vilayətində Rusiya mövqelərini artilleriyadan atəşə tutur.

Ukraynadakı döyüş meydanında üstünlüyü ələ keçirən Rusiya Kiyevlə mümkün sülh danışıqları öncəsi əldə etdiklərini möhkəmləndirməyə çalışır.

Ən azı, yayın ortasından bəri hücumunu sürdürən Rusiya qoşunlarının irəliləyişi güclənib: Cənub istiqamətindəki Uqledar və Pokrovskda, şimalda Çasov Yar və Kupyansk yaxınlığında və hətta Ukraynanın avqustda qəfildən daxil olduğu Kurskda.

Moskva 12 min Şimali Koreya əsgərini də Rusiyanın qərbində yerləşdirməyə başlayıb. ABŞ və Ukrayna rəsmiləri bu addımı Ukrayna qüvvələrini Rusiya ərazisindən tam çıxarmaq üçün hücuma hazırlıq sayır.

"Hərbi sirri açmış olmaram"

"Hamımız bilirik ki, cəbhə xəttimizin dağıldığını söyləsəm, hərbi sirri açmış olmaram", - ukraynalı general-mayor Dmitro Marçenko oktyabrın 29-da belə demiş və daha sonra istefasını açıqlamışdı. Bir çoxları düşünür ki, onun istefası cəsarətinə görə aldığı cəzadır.

Ukrayna həftəsonu Moskvaya və Rusiyanın bir neçə bölgəsinə çox sayda dron göndərib. Bu hücum elə də ciddi ziyan verməyib. Ancaq savaş başlanandan bəri bu qəbildən ən iri hücum olub.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin qələmə aldığı yazıda deyilir ki, bütün bunlar Rusiyanın Ukraynada apardığı müharibənin daha bir kritik önəmli nöqtəyə çatdığını göstərir.

33 aya yaxındır sürən bu savaşa ara verilməsi, bəlkə də, onun tam dayandırılması yönündə atəşkəs, yaxud sülh razılaşmasının əldə edilməsi üçün basqı oluşdurulmaqdadır. Bu basqı xeyli dərəcədə ABŞ-ın Ukraynaya yardım həcmini açıqca tənqid edən Donald Trampın prezident seçilməsindən qaynaqlanır. Tramp münaqişəyə qısa zamanda son qoyacağını dəfələrlə vəd etsə də, bununla bağlı çox az detal paylaşıb.

Ukraynaya 60 milyard dollara yaxın silah və avadanlıq yardımı və bundan daha çox başqa yardımlar ayıran indiki Bayden administrasiyası Ukrayna prezidenti Volodımır Zelenski və onun təklif etdiyi "ədalətli sülh" üçün "sülh planı" ilə bağlı səbirsizlik əlamətləri nümayiş etdirib.

"Rusiya istər döyüş meydanında yeni reallıq yaratmaq, istərsə Ukraynanın NATO üzvlüyü perspektivləri kimi məsələlərdə çox rıçaqa sahiblənmək üçün mümkün qədər irəliləyərək, döyüşləri …davam etdirmək qabiliyyəti göstərməyə çalışır", - Ukrayna hökumətinin tabeliyində fəaliyyət göstərən Milli Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Mikola Beleskov belə deyir.

"Kursk Kiyevin ümid bəslədiyi rıçaq olmadı"

Kremlin daha geniş məqsədi irəli getmək və Ukrayna ərazilərini ələ keçirməkdir. Bura sənaye bölgələri olan Donetsk və Luqanskın tam ərazisi də daxildir. Həmin ərazi Donbas kimi də tanınır.

Dəfələrlə geri çəkilməyə məcbur edilsə də, Rusiya qoşunları hazırda Ukrayna ərazisinin 20 faizini əlində saxlayır və hər gün daha çox ərazi tutur.

Rusiya həm də Ukrayna hökumətini devirmək istəyir. Məqalədə bunun yaxın gələcəkdə başvermə ehtimalının az olduğu deyilir. Rəsmi Kiyevin NATO-ya qoşulmasının qarşısının alınması da əsas öncəliklərdən biri olaraq qalır.

Digər tərəfdən, Ukraynanın, Krım da daxil, özünün bütün ərazisinə nəzarəti geri qazanması perspektivi də yaxın gələcək üçün mümkün görünmür. Ancaq Kiyev Rusiyanın Ukrayna ərazisində daha çox irəliləməsinin önünü kəsməyə və Rusiyanın Kursk bölgəsində tutduğu ərazini əlində saxlamağa çalışır.

Rusiya ilə sərhədə yaxın Sumı vilayətində Sovet istehsalı olan T-72 tankı
Rusiya ilə sərhədə yaxın Sumı vilayətində Sovet istehsalı olan T-72 tankı

"Hər iki tərəf mümkün danışıqlardan öncə daha çox rıçaq əldə etmək istəyir. Ukraynalılar üçün Kursk bu istəyin böyük bir hissəsi idi. Düzdür, son nəticədə Kursk danışıqlarda yararlanmaqdan ötrü Kiyevin ümid bəslədiyi rıçaq olmadı. İndi də Ukraynanın mövqeləri get-gedə zəifləyir", - Ağ evin Milli Güvənlik Şurasının əməkdaşı Erik Çiaramellanın sözləridir.

Zelenski Kurskun Rusiya ilə danışıqlar masasında əlavə kart kimi istifadə edilə biləcəyini açıqca dilə gətirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Oleksandr Sırski noyabrın 12-də Kursk bölgəsinə səfər etdiyini deyib.

Bəzi müşahidəçilər Kurska hücum qərarını sorğulayıb, axı bu hücum Ukraynanın təcrübəli ordu birliklərinin bir bölümünü önəmli döyüş istiqamətlərindən çəkərək Kurska göndərməsi hesabına gerçəkləşib.

"Amerika… Rusiyanın qanunsuz neft satışlarını təqib etməkdən yararlana bilər"

Tramp da, gələcək vitse-prezident Cey Vens də danışıqlara getməsi üçün Ukraynaya daha çox təzyiq edəcəklərinə dair bağlı siqnallar verib. Onlar tərəfləri danışıqlar masasına oturtmaq üçün ayrıca bir plan elan etməyiblər. Putin daxil, yüksək vəzifəli Rusiya rəsmiləri də Kremlin mövqelərinin yumşalmadığı barədə mesajlar veriblər.

Trampın yeni milli güvənlik müşaviri olacağını elan etdiyi şəxssə Kremli danışıqlara çəkməkdən ötrü bir rıçaq nöqtəsi təklif edib.

"Amerika cənab Putini masaya gətirmək üçün iqtisadi rıçaqlardan, o cümlədən mayeləşdirilmiş təbii qazın idxalına qoyulan fasilənin aradan qaldırılmasından və Rusiyanın qanunsuz neft satışlarının təqibindən yararlana bilər", - Maykl Uolts noyabrın 2-də "The Economist" jurnalında dərc edilən, həmmüəllifi olduğu rəy məqaləsində qeyd edib.

"Bu plan Ağ evin hazırkı yanaşmasından üstündür. İndiki planın konkret məqsədi yoxdur və Rusiyanın Ukraynanın bəzi ərazilərini işğal etməsi ilə müşayiət olunan durğunluğa gətirib çıxaracaq. İndiki yol, sadəcə, daha çox vaxt, qan və pul aparacaq", - yenə Uoltsun sözləridir.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Oleksandr Danilyuk
Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Oleksandr Danilyuk

Ukraynanın keçmiş baş hərbi və kəşfiyyat müşaviri Oleksandr Danilyuk bildirib ki, Rusiyanın bütövlükdə nəyləsə bağlı danışıq aparmaq niyyətinin olduğunu düşünmək sadəlövhlükdür: "Onların siyasi məqsədi dünyanın güvənlik arxitekturasını məhv etmək, yaxud yenidən işə salmaqdır. Mənim proqnozum: Rusiya danışıqlardan Qərbin Ukraynaya dəstəyini azaltmaq üçün istifadə edəcək və özünün Qərbə qarşı qorxunc xaç yürüşünü davam etdirəcək".

"Ukrayna üçün qəbuledilməz, bütün Avropa üçünsə intihar deməkdir"

"Artıq geriyə, normallığa dönüş yoxdur. Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır", - Danilyuk bu sözləri də vurğulayıb.

Öz növbəsində Ukrayna da Qərbin səbrinin azalmasından narahatdır. Bir çox rəsmilər Tramp administrasiyasının dəstəyi azaltmaq niyyətinin son nəticədə Kiyevi avtobusun altına atmaq demək olacağından rahatsızdır.

"Putinə güzəştə getmək, geri addım atmaq… gərəkdiyi barədə çox danışılır. Bu, Ukrayna üçün qəbuledilməzdir, bütün Avropa üçünsə intihar deməkdir", - Zelenski noyabrın 7-də Avropa Siyasi Birliyinin görüşündəki çıxışında belə deyib.

XS
SM
MD
LG