Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Rusiyada bəzi dərmanlar 'yoxa çıxıb'


Çuvaşiyada aptek
Çuvaşiyada aptek

Ekspertlərin fikrincə, sanksiyaların, şirkətlərin getməsinin şoku bitincə Rusiyanın idxal bazarları və yerli istehsal buna adaptasiya oluna bilər

Rusiya ötən ay Ukraynanı işğal edəndən sonra Qərbin sərt sanksiyaları ilə üzləşib. AzadlıqRadiosu-nun müxbiri Aleksandr Puqaçov rusiyalıların dərmanların bahalanmasından, reseptlə satılan dərmanların qıtlığından narahat olduğunu yazır.

Bu yaxınlarda ürək əməliyyatı keçirmiş Yelena Dmitriyeva dörd müxtəlif dərmanı daim atmalıdır. Bu dərmanların hamısı idxal olunur və hazırda qadının yaşadığı Rostov-na-Don şəhərində az tapılır.

“Növbə yoxdur, amma bir dərman üçün bütün aptekləri gəzməli oluram, oğlum çox aptekə gedib... yoxa çıxıb, yoxa”, – o, “Current time”a danışıb.

15 faiz azalma proqnozu

Volqa çayı sahilindəki Menzelinsk şəhərində yaşayan Nailya Musina da eyni problemlə üzləşib, yumurtalıq xərçənginin qarşısını almaq üçün gərəkən dərmanı tapa bilmir. Xoşbəxtlikdən, qızı Türkiyədə yaşayır, dərmanın oxşarını taparaq poçtla yollayıb.

Rusiya hazırda 1990-cı illərin əvvəllərindən bəri görünməyən şok keçirir. O zaman sovetin çöküşündən sonra ölkə iqtisadiyyatında bazar sistemi qurmağa çalışırdılar. Bu dəfə isə Rusiya Ukraynanı işğal etdiyinə görə Qərbin sanksiyaları altındadır. Bir çox xarici şirkətlər əməliyyatları dayandırır, yaxud Rusiyadan tamamilə çıxırlar.

Bəzi hesablamalara görə, Rusiya iqtisadiyyatı 2022-ci ildə 15 faiz kiçilə bilər.

Artıq ölkənin müxtəlif yerlərində şəkər, qarabaşaq kimi əsas məhsulların çatışmazlığı xəbərləri gəlir. Dərmanlar da getdikcə çətin tapılır.

Səbəblər

İndilik qıtlığa idxalın azalmasının, yoxsa adamların panikaya düşərək dərmanları alıb yığmasının səbəb olduğu bilinmir. Ancaq səbəbindən asılı olmayaraq, bilinən odur ki, Rusiyanın daxili dərman istehsalı zəifdir, ölkədə reseptlə satılan dərmanların çoxu xaricdən gəlir, xarici şirkətlər tərəfindən hazırlanır.

Almaniyanın Bayer, ABŞ-ın Pfizer və Eli Lilly transmilli şirkətləri artıq ya ixracı, ya da istehsalı azaldıblar.

“RBK” biznes qəzeti Moskvada parasetamol, asetaminofen, ibuprofen kimi qızdırma salan, yaxud uşaqlar üçün ağrıkəsici dərmanların qıtlaşdığını xəbər verib.

Qıtlıq şikayətləri təkcə xəstələrdən deyil, həkimlərdən də eşidilir. Martın 14-dən 21-dək 3 min 317 həkim arasında keçirilmiş sorğuda respondentlərin çoxu 80-dən çox dərman preparatının çatışmadığını deyiblər.

Şok bitəndən sonra...

Ekspertlərin fikrincə, sanksiyaların, şirkətlərin getməsinin şoku bitincə Rusiyanın idxal bazarları və yerli istehsal buna adaptasiya oluna bilər. Məsələn, nəhəng dərman sənayesi olan Hindistan Qərbin sanksiyalarına qoşulmayıb.

Ancaq Rusiya hakimiyyəti mümkün daxili itaətsizlikdən ehtiyatlanır. Müharibəyə qarşı müəyyən etirazlar baş verib, təhlilçilər inflyasiya, ərzağın bahalanması, ərzaq, yaxud dərman qıtlığının etirazları genişləndirə biləcəyini deyirlər.

Səhiyyə naziri Mixail Muraşko martın 19-da dövlət televiziyasına deyib ki, vacib, həyati əhəmiyyətli dərmanların qiyməti “qalxmayıb, problem yoxdur”.

Yeni qaydalar

Parlamentin aşağı palatasının martın 22-də qəbul etdiyi qaydalar isə reseptlə satılan dərmanların, digər tibbi avadanlığın Rusiyada istehsalını hədəfləyir.

Amerikanın bir neçə farmaseptik şirkətinin keçmiş təmsilçisi Aleksandr Kurmışkinin fikrincə, idxal olunan dərmanların təchizat problemləri müvəqqəti fenomendir.

“Əvvəlki böhranlrın təcrübəsindən bilirəm ki, xarici təchizatçılar bir qayda olaraq Rusiya bazarını qiymətləndirirlər, anlayırlar ki, xəstələrimizə münasibətdə dövlət öz işini görür”, – o deyib.

O, hökumətin idxalçıların borclarını restrukturizasiya etməsini tövsiyə edir, eyni zamanda yaxın 3-4 ay ərzində müəyyən defisitin olacağnı vurğulayır.

XS
SM
MD
LG