Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:59

Araşdırma: Müharibə başlanandan 68 min nəfər Rusiya hərbçisinin həlak olduğu təsdiqlənib


Rusiya hərbçisinin geyimindən tapılmış qol nişanları
Rusiya hərbçisinin geyimindən tapılmış qol nişanları

Ukraynaya tammiqyaslı müdaxilədə iştirak edən azı 68 min 11 nəfər Rusiya hərbçisi və muzdlusu döyüş əməliyyatları zamanı həlak olub.

Bu rəqəm müharibə başlanandan bəri itkilərin siyahısını tərtib edən jurnalistlər və könüllülər komandası tərəfindən müəyyən edilib.

BBC-nin Rus xidməti, Mediazona resursu və onlara kömək edən könüllülər həlak olanların adlarını açıq mənbələrlə təsdiqləyirlər.

Hesablamaların nəticələrinə görə bu həftə ilk dəfə olaraq itki sayında müdaxilə başlanandan sonra peşəkar müqavilə imzalamış hərbçilər kateqoriyası birinci yerə çıxıb.

Təhqiqatçılar habelə 13 min 152 könüllünün həlak olması faktını təsdiq edə biliblər. Bu, Rusiya tərəfinin itkilərinin 20 faizini təşkil edir.

Əksəriyyət müharibəyə tam könüllü gedib

Təhqiqat materiallarında deyilir ki, müqavilə bağlayanların böyük əksəriyyəti bunu məcburiyyət olmadan könüllü şəkildə ediblər.

Rusiya hakimiyyəti hərbçilərə istər federal, istərsə də regional büdcələrdən yüksək maaş və güzəştlər ödəyir.

2023-cü ilin oktyabrından bəri könüllülərin itki sayı həftədə 100 nəfərdən aşağı düşməyib. Bəzi dövrlərdə isə bu rəqəm üç dəfə çox olub.

Rusiya və Ukrayna müharibə itkiləri barədə açıqlama vermirlər. Rusiya itki sayı barədə son rəsmi məlumatı 2022-ci ilin sentyabrında vermişdi.

Ovaxtkı müdafiə naziri Sergey Şoyqu 5937 hərbçinin həlak olduğunu bəyan etmişdi.

Lakin təhqiqatçılar bu rəqəmin kiçildildiyini dərhal bildirmişdilər.

Ukraynanın itkiləri

Ukraynada son dəfə rəsmi məlumat fevral ayında verilmişdi.

Prezidnent Volodimir Zelenski 31 min Ukrayna hərbçisinin həlak olduğunu demişdi.

Həlak olan Rusiya hərbçilərinin siyahısında heç də bütün itkilər əks olunmur. Ölümləri haqqında açıq mənbələrdə məlumat olmayanalar bu siyahıya daxil edilmirlər. Bu səbəbdən itkilərin sayı açıqlanan rəqəmdən qat-qat yüksək ola bilər.

Ukrayna tərəfindən həlak olanların sayını “UA losses” anonim layihəsi hesablayır.

Onların siyahısına görə müdaxilə başlanandan bəri Ukrayna tərəfindən 55 min 812 nəfər həlak olub.

Təhlilçilər deyirlər ki, layihə iştirakçılarının adları məlum olmasa da, göstərilən rəqəm həqiqətə uyğun kimi görünür.

XS
SM
MD
LG