Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Saakaşviliyə qarşı işgəncə iddialarına görə yenidən etirazlar başlanıb


Dekabrın 21-də Tbilisidə parlamentin binası qarşısında keçirlən izdihamlı mitinqdə keçmiş prezidentin dərhal həbsxanadan azad edilməsi tələb olunub
Dekabrın 21-də Tbilisidə parlamentin binası qarşısında keçirlən izdihamlı mitinqdə keçmiş prezidentin dərhal həbsxanadan azad edilməsi tələb olunub

Müstəqil tibb komissiyası keçmiş Gürcüstan prezidentinin həbsdə “işgəncəyə” məruz qaldığını müəyyənləşdirdiyini bildirib

Müstəqil tibb komissiyasının keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin həbsdə “işgəncəyə” məruz qaldığını müəyyənləşdirməsinin ardınca onun minlərlə tərəfdarı küçə etirazlarına başlayıb.

Dekabrın 21-də Tbilisidə parlamentin binası qarşısında keçirlən izdihamlı mitinqdə keçmiş prezidentin dərhal həbsxanadan azad edilməsi tələb olunub.

Etiraz yürüşünün təşkilatçıları bildiriblər ki, dekabrın 21-i həm də 54 yaşlı Saakaşvilinin ad günüdür.

Aksiya zamanı zorakılıq və saxlanmalar olması barədə məlumatlar yoxdur.

Oktyabrın əvvəlindən həbsxanada olan Saakaşvili bu etirazdan az əvvəl Facebook-da yazdığı postda həmvətənlərini milli birliyə və dinc nümayişlərə çağırmışdı:

“Şəxsən mənim üçün seçim aydındır. Bu, ölüm, ya da azadlıqdır. Çünki azadlığı olmasa Gürcüstan öləcək və bundan sonra mənim həyatımın da mənası qalmayacaq. Bizim azadlıq sevgimiz gücümüzün və yaşamağımızın sirridir”.

İvanişviliyə qarşı

Keçmiş prezident qeyd edib ki, “Gürcüstan bir gün bir nəfəri yox, bütün gürcülərə xidmət edəcək hökumətini seçəcək”.

Saakaşvilinin “bir nəfər” deyərkən hakim Gürcü Arzusu partiyasının qurucusu, milyarder Bidzina İvanişvilini nəzərdə tutduğu anlaşılır.

İvanişvili rəsmən hakimiyyətdə təmsil olunmasa da, Gürcüstanda bütün qərarları onun qəbul etdiyinə inanılır.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Daha sonra oktyabrın 1-də həbs olunananadək o Ukraynada mühacirətdə idi.

O özünə qarşı ittihamlara etiraz olaraq 50 günlük aclıq aksiyası keçirib.

Saakaşvili ona qarşı ittihamları siyasi motivli hesab etdiyini bildirib.

“Farmakoloji işgəncə”

Dekabrın 18-də 7 həkimdən ibarət müstəqil tibb qrupu Saakaşvilini Qori Hərbi Hospitalında müayinə etdikdən sonra yekun nəticəni elan edib.

Sənəddə deyilir ki, həbsxanada “işgəncə” və pis rəftar nəticəsində Saakaşvilinin səhhəti ciddi şəkildə pisləşib.

Rəğbət Mərkəzi adlı QHT-nin təşkil etdiyi tibb komissiyasının qərarında deyilir ki, keçmiş prezidentdə bir neçə nevroloji pozuntular yaranıb və bu, işgəncə, pis rəftar, qeyri-adekvat tibb xidməti və uzun sürən aclığın nəticəsində baş verib.

Həkim qrupunun üzvlərindən biri iddia edib ki, Saakaşviliyə ehtiyac olmadığı halda “antipsixotik dərmanlar” verilib və bu isə ona “farmakoloji işgəncə” verilməsi kimi qiymətləndirilməlidir.

Bu ayın əvvəllərində Gürcüstanın Dövlət Müfəttişliyi Saakaşviliyə qarşı pis rəftar iddialarını araşdırdığını bildirmişdi.

XS
SM
MD
LG