Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Yenə ana ölümü


Foto illüstrasiya.
Foto illüstrasiya.

«Telefonda danışdıq, palataya köçürmüşdülər, dedi, «hər şey yaxşıdır, sabah çıxacam». Heç nədən şikayəti yox idi. Axı, qəfil nə baş verdi ki, bu qız öldü? Axı, niyə bizə səbəblə bağlı bir kəlmə demirlər? Bizi yaxın buraxmırlar ki, maraqlanaq, araşdıraq, görək balamız nədən öldü...».

32 yaşlı Nuranə Əzizovanın qəfil ölümü həm ailəsini, həm də qohum-qonşularını üzüb. Bu il sentyabrın 10-da dünyaya övlad gətirmək üçün Sabirabaddakı doğum evinə yollanan gənc gəlin doğuşdan bir qədər sonra qəflətən dünyasını dəyişib.

«QƏFİL HALI PİSLƏŞİB»

Anası Zivər xanım deyir, Nuranə hamiləliyi normal keçirib, həkimlər ailəyə doğuşun da normal keçdiyini bildiriblər:

***Buna da bax-Səhiyyə İdarəsi: 'Ölümün səbəbi qanaxmadır'

«Sabirabad Perinatal Mərkəzdə bizə bildirdilər ki, pasiyenti tam vaxtında gətirmisiz. doğuşa qəbul etdilər, hər şeyin normal olduğunu dedilər. Bir oğlu oldu. Elə sevinirdik... Ana da, uşaq da sağlam idi. Hələ nə qədər də muştuluq payladıq...».

Doğuşun normal keçməsinə və Nuranənin səhhətinin normal olmasına rəğmən, elə həmin gün ailə üzvləri onu xəstəxanadan çıxarmağı düşünüblər. Ancaq həkimlər bildiriblər ki, ən azı bir gün xəstəxanada qalmalıdır. Əvvəl xəstənin vəziyyətinin ağırlaşdığını, daha sonra reanimasiyaya köçürüldüyünü deyiblər. Ailə üzvləri İmişlidən Sabirabad xəstəxanasına yetişincə, qapıda onları qara xəbər «yaxalayıb»:

«Xəstəxanaya çatanda gördük növbətçi həkimlər bizdən qaçır. Məlum oldu ki, qız ölüb, necə desinlər, bilmirlər. Bircə dedilər ki, qəfil halı dəyişib, reanimasiyaya götürüblər, orda da həyatını xilas edə bilməyiblər».

«ÖLÜMÜN SƏBƏBİNİ DEMİRLƏR»

Ailə üzvlərinin ehtimallarına görə, doğuş zamanı Nuranənin orqanizminə infeksiya düşüb, ölümə səbəb də bu olub. Ancaq 10 gün keçməsinə baxmayaraq, ailəyə ölümün səbəbləri barədə heç nə deyilmir:

***Buna da bax-'Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır'

«Sanki yerdən çıxıb, yiyəsi yoxdur. Çağırıb bir kəlmə demirlər ki, bu adam nədən öldü? Uşağı da özlərində saxlayırdılar, dünən veriblər bizə...».

Sabirabad Rayon Regional Perinatal Mərkəzdən «Qaynar xətt»ə bildirilib ki, pasiyentin vəziyyətinin qəfil pisləşməsi və ölümü həkimləri də təəccübləndirib:

«Məsələni prokurorluq araşdırır. Həkimlər bir də görüblər ki, ağzından köpük gəlir. Hər şey qəflətən olub, reanimasiya şöbəsinə götürülüb, bütün tibbi yardımlar göstərilib, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb».

Ana ölümünü Sabirabad Rayon Prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, ölümün səbəbləri və istintaq hərəkətləri ekspertiza rəyi açıqlanandan sonra bəlli olacaq.

XS
SM
MD
LG