Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

Samux sakini 'Azəriqaz' işçilərinin qanunsuz cəriməsini ləğv etdirib


Qaz sayğacı
Qaz sayğacı

Məhkəmələrdə araşdırılan şikayətlərin böyük bölümü «Azəriqaz» və «Azərişıq»a qarşı iddialardır. Vətəndaşlar onlara işlətmədikləri işıq və qaza görə əsassız borcların yazıldığını, qanunsuz aktlarla böyük məbləğdə cərimələndirildiklərini iddia edirlər.

Samux rayonunun Yeni Nəbiağalı qəsəbəsində yaşayan Mehdi Rzayev də «Azəriqaz» işçilərinin ona 1200 manat əsassız cərimə yazdıqlarını deyir.

M.Rzayev 4 uşaq atasıdır. Dediyinə görə, ailəsini gəc sexinin gəliriylə dolandırır. 2013-cü ilin noyabrında Samux rayon Qaz İdarəsi sexə qaz sayğacı quraşdırıb. Öncədən bildirilib ki, sayğacın istifadə müddəti 5 ildir. 2018-ci ilin iyulunda qaz idarəsinin əməkdaşları gəlib sayğacı söküblər ki, sayğac hər 5 ildən bir yoxlanmalıdır. Amma əvəzində müvəqqəti sayğac da quraşdırıblar: «Aradan 6 ay keçəndən sonra – 2019-cu ilin yanvarında müvəqqəti sayğacda göstərilən borcdan «MilliÖn» aparatında 100 manat ödəyirdim. Ekranda çıxdı ki, əvvəlki sayğaca görə 1200 manat cərimə yazılıb. Samux rayon Qaz İdarəsinə zəng eləyib soruşdum ki, 1200 manatlıq cərimənin səbəbi nədir? Dedilər ki, qaz sayğacının üstündəki plombun nömrəsi yoxdur, qırılıb, qaz itkisi olub. Bir gün sonra qaz idarəsinə getdim».

«İdarədə də dedim, xeyri olmadı»

M.Rzayevin sözlərinə görə, idarədə ona bir neçə aktın surətini təqdim ediblər - 5 iyul 2018-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında; 22 noyabr 2018-ci il tarixli «Qeyri-əhali qaz sayğacının yoxlanılması» haqqında; 7 dekabr 2018-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında. Şikayətçi deyir ki, birincisi, Samux rayon Qaz İdarəsinin işçiləri həmin aktları ona vaxtında - tərtib olunarkən verməliydilər: «İkincisi, sayğaca baxış keçiriləndə sayğacın plomb nömrəsi üstündə olub. Mən sayğaca müdaxilə etməmişəm, toxunmamışam. İdarədə də dedim, xeyri olmadı. Dedilər ki, qaz itkisi olduğuna görə cərimə yazıblar».

M.Rzayev əlavə edir ki, işlədiyi sexlə qaz sayğacının arasındakı məsafə 70 metrdən çoxdur. Vaxtilə qaz idarəsinin işçiləri sayğacı ona məxsus ərazidən kənarda, qoruyucu qutu olmadan quraşdırıblar: «Yağış suyundan sayğacın plombunun simi paslanıb aşınmışdı».

Sevindirici qərar

Qaz idarəsinin əməkdaşlarıyla aparılan söhbətlər nəticə vermədiyindən M.Rzayev məhkəməyə üz tutub. Məhkəmədə «Azəriqaz»ın nümayəndəsi Rübail Həsənov şikayətçinin dedikləriylə razılaşmayıb. O bildirib ki, «Azəriqaz»ın əməkdaşları sayğaca baxış keçirəndə xüsusi plomb üstündə olmayıb: «Qaz sayğacı dövlət yoxlamasından keçəndən sonra da qurğuşun plombun olmaması aşkar edilib. Sayğacın üzərində həm xüsusi, həm də qurğuşun plombun olmaması aktla rəsmiləşdirilib».

Samux sakininin şikayətinə bugünlərdə Gəncə Kommersiya Məhkəməsi baxıb. Onun iddiası təmin edilib. Məhkəmə belə nəticəyə gəlib ki, ona yazılmış 1200 manatlıq cərimə əsassız olub. Ona görə də «Azəriqaz»ın sözügedən cəriməni silməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG