Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

Azərbaycanda şəkər tozunun bahalaşmasının səbəbləri…


Şəkər tozunun bir kiloqramı 1.6 manatdan 1.8-1.9 manata yüksəlib.
Şəkər tozunun bir kiloqramı 1.6 manatdan 1.8-1.9 manata yüksəlib.

Azərbaycanda şəkər tozunun bahalaşdığı və onunla bağlı müəyyən qıtlıq yaşandığı bildirilir. Son günlər mağazalarda şəkər tozunun bir kiloqramı 1.6 manatdan 1.8-1.9 manata yüksəlib.

Ötən il Azərbaycanda eyni vaxtda oxşar problem yaranmışdı və şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 67 manatdan 75 manata qalxmışdı. Onda bunu həm yayda şəkər tozuna tələbatın artması, həm də dünya bazarında onun qiymətində artımının müşahidə olunması ilə izah etmişdilər. Üstəlik, bildirildi ki, Azərbaycan özünün bu məhsula tələbatını tam ödəmir.

Bahalaşmadan sonra kasıbın soyuducusu: 'Neçə vaxt idi qənd almırdım'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

İstehsal azalıb, ixrac artıb

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 99.2 min ton qənd və şəkər tozu istehsal edilib. 2022-ci ilin analoji dövründə bu göstərici 99.5 min ton təşkil edib. Yəni, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozunun istehsalı, az da olsa, (0.3 min ton) azalıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir.

İxraca gəlincə isə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 18 min 581 ton şəkər ixrac edib. 2022-ci ilin eyni dövründə Azərbaycan xaricə 14 min 448 ton şəkər satmışdı. Bu isə o deməkdir ki, ölkədən şəkərin ixracı 28.6 faiz (4 133 ton) artıb.

Azərbaycanda şəkər üçün xammal olan şəkər çuğunduru da istehsal olunur. DSK-nın məlumatına görə, 2022-ci ildə Azərbaycanda 222.7 min ton şəkər çuğunduru istehsal olunub. Bu da 2021-ci illə müqayisədə 15.3 faiz çoxdur.

"Çatışmazlıq müşahidə edilmir"

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Turan"a bildirilib ki, hazırda şəkər tozu da daxil olmaqla, Azərbaycanda strateji istehlak məhsullarının ehtiyatlarında hər hansı çatışmazlıq müşahidə edilmir: "Bu məhsulun ölkədə ehtiyatının formalaşmasına ciddi diqqət ayrılır…".

Xidmətdən əlavə edilib ki, Azərbaycanda şəkər tozunun qiymətini dövlət tənzimləmir: "Bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və şəkər tozunun dünya bazarındakı, o cümlədən, əsas idxal bazarlarındakı qiymətinə görə formalaşır".

V.Məhərrəmov
V.Məhərrəmov

"Qiyməti monopolistlər diktə edir"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda şəkərlə bağlı vəziyyət heç də ürəkaçan deyil: "Azərbaycan şəkərin xammalına olan tələbatının 95 faizini idxal edir. Biz cəmi 5 faiz xammal istehsal edirik. Dünya bazarında isə son vaxtlar şəkərin qiymətində nisbətən artım var. Düzdür, həmin artım Azərbaycandakı kimi kəskin deyil, amma Azərbaycana təsiri var".

Ekspertin sözlərinə görə, həmin sahə Azərbaycanda inhisardadır: "Əgər bu gün şəkərin istehsalı inhisarda olmasaydı, Azərbaycana ucuz şəkər gətirib nisbətən ucuz qiymətə satmaq olardı. Azərbaycan özü yetərincə şəkərin xammalını istehsal edə bilmir, alıb gətirdiyi xam şəkəri ölkə daxilində emal edib ondan şəkər əldə edir. Bu da baha başa gəlir. Həm də idxal inhisarda olduğu üçün qiyməti monopolistlər diktə edir".

V.Məhərrəmov vurğulayıb ki, Azərbaycanda şəkər çuğundurunun istehsalı üçün münbit şərait var: "Bizdə məhsuldarlıq azdır. Bizimkilər buna bir müddət əvvəl cəhd etdilər, amma alındıra bilmədilər".

Ekspert bunun səbəblərini belə izah edir: "Kadrlarda, istehsal vasitələrinin təminatında, gübrənin qiymətində, suvarma suyu ilə bağlı ciddi problemlər var. Bu problemlər aradan qaldırılmalıdır ki, fermer istehsalda maraqlı olsun".

XS
SM
MD
LG