Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:28

Sərçəyə qulluq edən məhbus qızcığaz


Bakıdakı 4 nömrəli qadın istintaq təcridxanası, 06May2009
Bakıdakı 4 nömrəli qadın istintaq təcridxanası, 06May2009

İstintaq təcridxanasında kameranın gəzinti yerinin tavanı dəmir atmalardan və tordan ibarət idi. Atmaların üstündə sərçələr yuva qurmuşdu. Onların yumurtalarından çıxan körpə balalar hərdən diyirlənib, gəzinti yerinə düşər, ardından bəzilərinin anası torun arasından sivişərək, balasına yemək gətirərdi. Anası gəlməyənlər də vardı. Yetim sərçələrin səsi çıxmazdı. O birilər analarını görüncə, çığır-bağır salar, dimdiklərini göyə açıb yem gözlər, bunlarsa boynunu büküb, səssiz-səmirsiz durardılar.

...Düşərkən ölən sərçələr

Məhbus qızlar yetim sərçələri yemləyər, onların möhkəmlənib uçmağı öyrənməsinə azarkeşlik edərdilər. Sanki o quşlar uçub gedincə, bunların da qapısı açılacaqdı... Damdan düşərkən, əzilib-ölən sərçələr də vardı. O qızlar həmin sərçələrə əməlli-başlı yas tutardılar.

Bir qız vardı – S...

Bir qız vardı - S. Hər dəfə sərçə balası düşəndə «görəsən, anası dalınca gələr?» – deyərdi. Özünün qohumları imtina etmişdi ondan - hələ uşaqkən ərə verildiyi yaşlı adamdan ayrıldığına görə. Ciddi bir cinayəti də yox idi. Məktəb görməmiş və oxumağı özü öyrənmişdi. Elə hey oxumağa kitab alardı məndən. Yazmağı da həbsdəykən öyrəndi. Həyatı anlaşılmazlıqlarla doluydu biçarənin. Nə isə... Bu misraları da o qızın quşa qulluq eləməsinə yazmışam:

Xədicə İsmayıl. iyun, 2016
Xədicə İsmayıl. iyun, 2016

Quşabaxan qız və sərçə balası

Xoş gəldin, quşcuğaz!
Burası həbsxana.

Bilirəm ki, sən seçmədin buranı
Nə biləydin,
bir məhbəsin damında,
barmaqlıqlar arasında

qurublarmış doğulduğun yuvanı

Ağlama, quşcuğaz!
Hələ bərkiməmiş qanadlarıyla,
uçmadan büdrəyən
Azadlıq dadmadan qəfəsə düşən,
tək sən deyilsən.

Sayınız lap çoxdur bu məmləkətdə
Yanlış bir zamanda,
yanlış bir yerdə
dünyaya gəlməyi
dərd edənlərdən
sən də birisən.

Şaşırma, quşcuğaz,
dolmuş gözləriylə hey sənə baxan,
“anası gələrmi dalınca” soran,
aylardır qapısı heç açılmayan
bu məhbus qıza

Dustaq yarmasından verdiyi payı
Ye, qorxma, quşcuğaz!
Güclən,
tez qanad aç,
göyə pərvazlan
Siviş, çıx qəfəsin tor tavanından

Çarəsiz gözlərdə bəlkə o zaman
Ümid qığılcımı alışıb yansın
Bəlkə o məhbus da
eynən sənin tək
Burda qonaq olduğuna inansın.

Xoş getdin, quşcuğaz!
Xoş getdin, qızcığaz!

XS
SM
MD
LG