Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:37

Səhv müalicələrə xərclədiyi pulları geri tələb edir


ministry of health azerbaijan
ministry of health azerbaijan

"Həkim uşağın bağırsaqlarını 6 ay dəlib tökdü, dəfələrlə bağırsaqda cərrahiyə əməliyyat apardı, bizi soydu-taladı, sonra da verdi qucağımıza, dedi, alınmır. Vəziyyəti ağırlaşmışdı, apardıq başqa xəstəxanaya, dedilər, bu uşağın bağırsaqlarında əməliyyata ehtiyac yox idi. Dərdi babasil imiş".

2 il əvvəl azyaşlı Zəhranın bağırsağından qan gəldiyini görəndə ailəsi narahat olur.

Atası Zaur Vəliyev uşağı 1 saylı şəhər klinik xəstəxanasına götürür. Həkimlər bağırsaqda çatlar olduğunu bildirirlər və cərrahi müdaxiləni vacib hesab edirlər. Z. Vəliyevin deməsinə görə, MRT müayinəsindən sonra bəlli olur ki, bağırsaqda çat yoxdur:

Foto arxiv
Foto arxiv

"Həkim uşağı MRT müayinəsinə göndərəndən sonra bəlli oldu ki, çat yoxdur, qanaxmaya səbəb bağırsaqdakı səpgilərdir. Stasionar şəraitdə müalicəni üzərinə götürdü. Yazdığı dərmanları apteklərdən zorla alırdım. Həm çox bahalı idi, həm də əczaçılar biləndə ki, bu dərmanlar azyaşlı uşağa görədir, vermək istəmirdilər. Deyirdilər, bu dərmanları əməliyyat vaxtı böyüklərə ehtiyatla verirlər, uşaqların bu dərmanları qəbul etməsi sağlamlıqlarına təhlükəlidir. Bir müddət müalicə getdi, baxdıq ki, Zəhranın vəziyyəti daha da ağırlaşır. Yeməkdən tamamilə kəsilib, hərarət düşmür. Uşağın göbəyini dəlik-dəlik eləmişdi, hər dəfə göbəkdən bağırsağa aparat salıb bağırsaqlara baxırdı. Qanaxma daha da çoxalmışdı".

SƏBƏB BABASİL İMİŞ

Atanın iddiasına görə, həkimlər Türkiyədən müəyyən preparatların gətirilməsi üçün ondan xeyli pul alıblar. Ancaq sonra bildiriblər ki, preparatlara ehtiyac yoxdur:

"Uşağın həkimi dedi, bağırsağın bəzi hissələrini kəsib atacam, bu preparatları bağırsağa yerləşdirəcəm, müəyyən müddətdən sonra əriyəcək və bağırsaqlar bərpa olacaq. Sonra uşağı növbəti dəfə MRT müayinəsindən keçirtdik. Daha doğrusu, keçirmirdilər, deyirdilər ki, yaşı çox azdır, aparatın güclü şüası orqanizmi məhv edir. Həkim zəng vurub xahiş edəndən sonra keçirtdilər. Sonra da həkimlər dedi ki, bu preparatlara ehtiyac yoxdur. Hələ mənə 3 ədədi 100 manata imalələr də aldırmışdı, onlar da istifadəsiz qaldı".

Əslində, baha qiymətlərə alınan preparatlar ona görə istifadəsiz qalıb ki, xəstənin bunlara ehtiyacı olmayıb. Bunu da 6 ayda bağırsağında bir neçə dəfə cərrahiyə əməliyyatı aparılan balaca Zəhranı Bakıdakı başqa xəstəxana köçürəndən sonra öyrəniblər. Bəlli olub ki, qanaxmaya səbəb heç də bağırsaqdakı çat və səpgilər deyilmiş, sadəcə, babasil imiş. Ata deyir, Zəhra hələ də uzunmüddətli və səhv müalicə nəticəsində funksiyasını itirməkdə olan bağırsaqlarından əziyyət çəkir. Daha da kəskinləşmiş qanaxma sonradan başqa xəstəxanada həkimlərin müdaxiləsindən sonra dayandırılıb. Ev şəraitində müalicələr davam edir.

“BÜTÜN XƏRCİ TƏLƏB EDİRƏM”

Atanın sözlərinə görə, səhv müalicələr ailəyə həm də maddi zərər vurub. Heç bir yerdə işləməyən ailə başçısı lazımsız yerə aldığı dərman preparatları, müayinə və müalicələrə azı 4 min manat xərc çəkib. Bu xərcləri ödəmək üçün başqasının adına bankdan götürdüyü krediti və ayrı-ayrı adamlardan aldığı borcu qaytara bilmir:

"Mən deyəndə ki, prokurorluğa şikayət edəcəm, həkimlər mənə 400 manat qaytardılar. Mən isə onlardan çəkdiyim bütün xərci tələb edirəm".

Səhiyyə Nazirliyi atanın şikayətini araşdırmağa hazırdır. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, buna görə vətəndaş rəsmi ərizəylə müraciət etməlidir.

Çəkilmiş məsrəflərin geri qaytarılmasından ötrü məhkəməyə müraciət olunmalıdır. Hüquqşünas Vaqif Alıyev deyir, Zaur Vəliyev həkim tərəfindən yazılmış reseptləri, alınmış dərmanların qəbzlərini, xəstəlik tarixçəsindəki qeydləri, həkimlər tərəfindən yazılan nəticələri toplayıb məhkəmədə iddia qaldıra bilər: "Təkcə çəkilmiş xərclərə görə yox, həm sağlamlığa vurulan zərərə, həm də mənəvi zərərə görə iddia qaldıra bilər".

Buna da bax: '50 min manat ver, ömürlük şikəst qal'

XS
SM
MD
LG