Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Daha 16 nəfər siyasi məhbus siyahısına düşdü


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrup siyahını yeniləyib.

İşçi Qrup bildirir ki, sonuncu dəfə - 2015-ci ilin mayında yenilənən siyahıdakı 80 nəfərdən 3-ü azadlığa çıxıb.

Amma siyahı ikinci dəfə -2015-ci ilin mayında təzələnib ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib.

İşçi Qrup yeni həbs edilənlərin siyasi məhbus olub-olmamasını araşdırıb, Avropa Şurası Parlament Assambleyasının 3 oktyabr 2012-ci il tarixli qətnaməsində nəzərdə tutulan kriteriyalara görə siyasi məhbus hesab edilən 16 nəfərin adını siyahıya əlavə edib.

Məlumatda həmçinin daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar aparıldığı bildirilir.

Beləliklə, siyahıya 93 siyasi məhbusun adı salınıb.

Siyahıya əlavə edilən şəxslər bunlardır:

Zahidov Rüfət Fərasət oğlu - jurnalist Qənimət Zahidin qardaşı oğlu.

Zahidov Rövşən Ağazahid oğlu - jurnalist Qənimət Zahidin qohumu.

Həsənov Tofiq Xasay oğlu – satirik şair.

Ağabəyov Nazim Mais oğlu – Meydan TV-nin rəhbəri Emin Millinin qaynı.

İmanov Raci Vəzir oğlu – yazar Günel Mövludun qardaşı.

İmanov Vəkil Vəzir oğlu - yazar Günel Mövludun qardaşı.

Həsənli Günel Cəmil qızı – Milli Şuranın sədri Cəmil Həsənlinin qızı.

Qərhəmanlı Fuad – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini.

İbrahim Məmməd Əziz oğlu – AXCP sədrinin müşaviri.

Bağırzadə Zeynalabdin Bağır oğlu – AXCP-nin Naxçıvan fəalı.

Mahmudov Nazim Əzim oğlu – AXCP-nin Naxçıvan fəalı.

Məmmədov İsmayıl İsax oğlu – Nurçu.

Səbzəliyev Rəvan Hakim oğlu – Nurçu.

Hacıyev Eldəniz Balamət oğlu – Nurçu.

Həsənov Şahin Muxtar oğlu – Nurçu.

Məmmədov Zəkəriyya İsax oğlu – Nurçu.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı politoloq Arif Yunus azadlığa çıxdıqları üçün onların adları siyahıdan çıxarılıb.

Qeyd edək ki, siyahı hüquq müdafiəçiləri - hazırda həbsdə olan vicdan məhbusu Rəsul Cəfərov və bu günlərdə azadlığa buraxılmış Leyla Yunusun hazırladığı siyahılar əsasında hazırlanıb.

Bir sıra yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyahı məhbusların vahid siyahısı kimi qəbul edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını bildirir.

XS
SM
MD
LG