Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:42

«335 milyon israfçılıqdır» deyənlərə SOCAR-dan cavab


-

Mayın 30-da Dövlət Neft Şirkətinin (SOCAR) yeni təmtəraqlı binasının açılışı cəmiyyətdə birmənalı qarşılanmayıb. Ölkənin ağır iqtisadi durumunda 200 metrlik, 40-mərtəbəli binanın tikintisini israfçılıq kimi qiymətləndirənlər də var, bunun ölkəyə gərəksizliyini əsaslandırmağa çalışanlar da.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, SOCAR-ın binasının tikintisinə 2010-cu ildən başlanılıb. Həmin vaxt da neft indiki kimi ucuzlaşmamışdı:

İlham Şaban SOCAR-ın yeni binasına xərclənən pul haqda
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

«Əslində tikinti işləri keçən il başa çatmışdı. Onun neftin ucuzlaşmasına aidiyyəti yox idi. Neft şirkətinin ofisinin tikintisi Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə transformasiyasının təcəssümünü əks etdirir. O binanın ARDNŞ-ə gərəkliliyindən söhbət getmir. 300 milyondan artıq vəsaitin qoyulmasının sırf iqtisadi zərurətdən doğması, yaxud bunun başqa ehtiyaclara sərf oluna bilməsindən danışırlar. Təbii ki, həm də reklamdır. SOCAR Azərbaycanı xaricdə tanıdan bir şirkətdir. SOCAR-ı milli brendə çevirməyə çalışırlar. Ona görə də böyük, adına layiq mənzil-qərargah tikmək istəyirdilər».

GÖRƏSƏN, O 40 MƏRTƏBƏDƏ KİMİ OTURDURACAQLAR?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, SOCAR-ın yeni binaya ehtiyacı var idi, ancaq buna milyonların sərf olunması israfçılıqdan başqa bir şey deyil:

Mirvari Qəhrəmanlı: "SOCAR üçün binaya 100 milyon da çoxdu"
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

«Bu binadan ötrü 200 milyon, lap 100 milyon da çoxdur. SOCAR-ın binaya ehtiyacı var idi. Amma bu bahalıqda bina doğrudan da israfçılıqdır. Heç olmasa, səmərəli istifadə eləsinlər. Azərbaycanda işləyən çoxlu xarici şirkətlər var. Onlara icarəyə verib, azından, xərclədikləri pulu çıxara bilərlər. Çünki SOCAR-ın özünün fəhlələrlə qarışıq 52-53 min işçisi var. Ancaq fəhlə orda nə gəzir, fəhlə o binada oturmayacaq ki? Mən fikirləşə-fikirləşə qalmışam ki, o 40 mərtəbəyə kimi oturduracaqlar? Lap hərəsi 3 otaqda da otursalar, yenə nə qədər yer boş qalacaq. Həqiqətən israfçılıqdır».

BİNANIN GƏLƏCƏKDƏ YÜKƏ ÇEVRİLMƏ EHTİMALI VAR

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, SOCAR-ın binasının tikilməsi qərarı qəbul olunanda, neftin qiyməti 100 dollardan yuxarı idi. Həm də Azərbaycan hökuməti bu cür imic layihələrə meylli idi. İqtisadçı deyir ki, ictimaiyyət əvvəlcədən bu binanın nəyə görə tikilməsi haqqında da məlumatlandırılmalıydı, amma bu da edilməyib:

Natiq Cəfərli: "Öyrənilməli idi ki, yeni bina tikilsə, bu, SOCAR-ın işinə hansı müsbət təsiri göstərəcək"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

«Bir iqtisadi pasport çıxarılmalıydı ki, SOCAR-ın bu binası işin effektivliyinə necə təsir göstərəcək, hansı üstünlüklər qazandıracaq, SOCAR-ın işində hansı dönüşə səbəb olacaq. Ancaq belə bir şey olmadı. SOCAR-ın binasının gələcəkdə bir yükə çevrilmə ehtimalı da var. Necə ki, Olimpiya Stadionuna o boyda xərc çəkildi, sonradan, az qala, şadlıq evi səviyyəsinə enməklə gündəmə gəldi. Mən qorxuram ki, bir müddət sonra SOCAR-la bağlı da belə bir problem yaşansın. SOCAR binanın xərclərini ödəməkdən ötrü sonradan müəyyən mərtəbələrini, yerlərini icarəyə vermək məcburiyyətində də qala bilər. Çünki belə bir binanın tikilməsinə ciddi bir ehtiyac duyulmurdu. Ölkənin, SOCAR-ın imicinə görə normal qarşılana bilərdi. Amma imicə görə indiki ağır iqtisadi dövrdə milyonlarla pulun xərclənməsi məntiqli deyil».

«HEÇ BİR İSRAFÇILIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ»

SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev isə tənqidlərlə razılaşmır. Binanın tikintisi ilə bağlı 335 milyon dollar sərf olunmadığını desə də, dəqiq rəqəm də səsləndirmədi:

Nizaməddin Quliyev: "O binanın təməli qoyulanda neft indiki kimi ucuz deyildi"
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Heç bir israfçılıqdan söhbət gedə bilməz

«Əvvəla, bu binanın təməli qoyulanda neftin qiyməti indiki kimi deyildi. SOCAR son vaxtlar beynəlxalq enerji bazarına inamla daxil olub. Bütün beynəlxalq şirkətlər kimi, enerjidaşıyıcılar bazarında fəaliyyət göstərən böyük şirkətlər kimi onun da belə bir ofis binasına ehtiyacı var idi. Bizim 25-dən artıq müxtəlif struktur vahidlərimiz var. Hamısı səpələnmiş vəziyyətdə, ayrı-ayrı binalarda otururdular. Əlbəttə ki, zavodları, neft-qaz çıxarma idarələri, hasilat strukturlarını bir yerə yığmaq olmaz, təyinatları üzrə işləməlidirlər. Amma daha çox idarəçiliklə, marketinqlə və s. məşğul olan strukturların bir çoxunu həmin binada yerləşdirəcəyik. Heç bir israfçılıqdan söhbət gedə bilməz. Deyilən rəqəmlər də həqiqətə uyğun deyil. Binanın tikintisi deyilənlərdən qat-qat ucuz başa gəlib».

Hündürlüyü 200 metr olan 40-mərtəbəli binanın tikintisinə 2010-cu ildən başlanılmışdı. Binanın tikintisi və ətrafının abadlaşdırılmasına 335 milyon dollar sərf olunması haqqında məlumatlar səslənir.

XS
SM
MD
LG