Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:02

'Azərsu' bu gedişlə sayğaclaşdırmanı 8 ilə başa çatdıra bilər


Su sayğacları
Su sayğacları

Su təchizatı inhisarçısı bu ilin iyul-oktyabr aylarında 17 min istehlakçıya su sərfiyyatını ölçən cihaz quraşdırıb. Bu hesabla, sayğacı olmayan mənzillərin suölçmə cihazlarına ehtiyacını tam ödəməyə 8 il vaxt tələb olunacaq.

422,9 min abonentin sayğacı yoxdur

«Azərsu» ASC noyabrın 1-dək sayğacla təmin olunan mənzil və digər istehlakçıların sayını açıqlayıb. Məlumata görə, 1 milyon 338 min 452 əhali qrupu abunəçinin 868 min 390-na və ya 64,9 faizinə su sayğacı qoyulub. Bakı sakinlərinin- 77; gəncəlilərin – 25; Mingəçevir və Şirvan şəhərlərində yaşayanlarınsa 36-39 faizi su pulunu sayğac göstəricisinə görə ödəyir.

Buna da bax:​ "İçməli su standartları köhnədir"

Sudan istifadə edən 57 min 835 dövlət və özəl müəssisə və təşkilatlarının 10 min 700-ü hələ də sudan sayğacsız yararlanır.

Noyabrın əvvəlinə «Azərsu» ASC abonentlərinin 422,9 mininin sayğacı yox idi. Səhmdar cəmiyyətin ictimaiyyətlə əlaqələr departamentində sayğaclaşmanın gedişi və başa çatdırılması ilə bağlı planlara dair AzadlıqRadiosu-nun sorğusuna cavab verməyiblər.

Buna da bax: 'Azərsu': 'Kanalizasiya xətləri robotlarla təmizlənir...'

Abonentlərin sayı azalıb

İlin əvvəlindən bəri sudan ödənişlə istifadə edən abonentlərin sayı 18 min 991 ədəd artsa da, son 4 ayda onların sayı bir qədər (995 abonent) azalıb. Bu, görünür, Bakıda qəzalı vəziyyətdə olan binaların sökülməsindən qaynaqlanıb.

Hazırda «Azərsu» ASC 1 milyon 396 mindən çox abonentə su verir.

Buna da bax: «Azərsu» dövlət pullarını kimə və necə xərcləyir? [Video]

Hesabat açıqlanmayıb

Əksər dövlət şirkətlərindən fərqli olaraq, «Azərsu» ASC ötən ilin maliyyə hesabatını ictimaiyyətə açıqlamayıb. Su və kanalizasiya xidmətlərinin təbii inhisar subyekti sayıldığından, qurum bunu etməyə borclidur.

Bir sayğaca 240 manat ayrılıb

«Azərsu» ASC-nin yerli, yoxsa xaricdə istehsal olunmuş su sayğaclarından istifadə etməsi barədə məlumat verilmir. Bu il şirkət sayğac alınıb quraşdırılmasına dövlət büdcəsindən 12 milyon manat götürüb. Həmin pula 50 min abonentin sayğacla təmin olunacağı bildirilmiş, bu hesabla, bir ədəd sayğacın alınıb-quraşdırılmasına 240 manat nəzərdə tutulmuşdu. Ancaq keçirilən tenderin nəticəsi açıqlanmayıb.

Buna da bax:​ 'Turan' agentliyi 'Azərsu'nun cərimələnməsini istəyir

Xaricə isə sayğacı 22 manata satırlar

Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin məlumatına görə, Azərbaycanda smart (əvvəlcədən ödəniş) tipli su sayğaclarının yeganə istehsalçısı Gəncə Cihazqayırma zavodu ASC-dir. Bu ilin 9 ayında Azərbaycandan 24 min 294 ədəd su sayğacı ixrac olunub. Malın bir ədədi gömrükdə 14 ABŞ dollarına (22 manat) rəsmiləşdirilib.

XS
SM
MD
LG