Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:22

'Min 200 manat verirsən, həm 'yezda'dan keçirirlər, həm də imtahandan'


Sürücülük vəsiqəsi pulla alınır?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Sürücülük vəsiqəsi pulla alınır?

Azərbaycanda sürücülük vəsiqəsinin bir çox hallarda rüşvətlə, qanuni rüsumlardan dəfələrlə artıq məbləğ ödəməklə alınması iddiaları yeni deyil və geniş yayılıb. Rəsmi qurumların bunu təkzib etməsinə baxmayaraq, ötən həftə bir qətl hadisəsi bu iddiaları yenidən gündəmə gətirdi. Ailə üzvlərini qətlə yetirmək ittihamıyla saxlanılan şəxsin psixoloji problemləri ola-ola taksi sürməsi haqda deyilənlər şübhəliyə sürücülük vəsiqəsinin necə verilməsi ətrafında da müzakirələr yaratdı.

Adının gizli saxlanmasını istəyən şəxs AzadlıqRadiosuna danışır ki, sürücülük vəsiqəsini almaq üçün min 200 manatın olmalıdır. Tanışın varsa, pulu hissə-hissə ödəmək mümkündür:

"Mən 100 manat əvvəlcə ödədim, adam tanış idi. 3 aydan sonra min 100 manat verib vəsiqəmi götürdüm. İmtahandan da , "yezda"dan (nəqliyyat vasitəsini idarəetmə vərdişi- red.) da keçirdilər. Özün imtahan verib keçmək istəyəndə nəzəri hissəsindən keçsən də, praktiki hissəsində çox vaxt kəsirlər".

Vətəndaş iddia edir ki, vəsiqəni əldə etmək üçün Dövlət Yol Polisi İdarəsinə bəlli məbləği ödəmək kifayətdir.

Ancaq bu iddianı təkcə AzadlıqRadiosunun müsahibi dilə gətirmir. Sürücülük vəsiqələrinin satılması, imtahana getmədən vəsiqənin əldə edilməsinin mümkün olduğunu çoxundan eşitmək olar.

Bu iddialar fevralın 13-də beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan və psixoloji problemləri olduğu halda taksi sürdüyü deyilən şəxslə bağlı da səslənib. Sosial şəbəkə izləyiciləri psixoloji problemləri olan şəxsə sürücülük vəsiqəsinin necə verildiyini müzakirəyə çıxarıblar. Çünki bu vəsiqəsini almaqdan ötrü tələb olunan sənədlər arasında Səhiyyə Nazirliyinin təsdiqlədiyi tibbi arayış da var.

Sürücülük vəsiqəsi satılır?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

“Şikayətlər daxil olduğu halda araşdırılır”

Daxili İşlər Nazirliyi rüşvət iddialarını əsassız sayır. Nazirlikdən AzadlıqRadiosuna bir müddət əvvəl bildirilib ki, imtahanlar yetərincə şəffaf keçirilir və proses zamanı hər hansı rüşvət alınmasından söhbət gedə bilməz. Ölkədə sürücülük vəsiqəsini almağın yeganə yolunun imtahanlardan keçmək olduğu vurğulanıb.

Nazirlikdən o da deyilib ki, sürücülük vəsiqələrinin pulla verilməsi bağlı şikayətlər daxil olduqca araşdırılır.

Sürücülük vəsiqəsinə qanunla neçəyə sahib olmaq olar?

Sürücülük vəsiqəsini Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəzdində qeydiyyat-imtahan və texniki baxış məntəqələri verir. İmtahana daxil olmaq üçün dövlət rüsumları ödənir. Avto-moto nəqliyyat vasitələri, tramvay və trolleybuslar üzrə milli və beynəlxalq sürücülük vəsiqəsi üçün 40 manat rüsum tələb olunur. Bu imtahanların təkrar qəbuluna görə 20 manat ödəmək lazımdır. Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum tələbi 10 manatdır.

Bu rüsumlar 2022-ci ilin yanvarında artırılıb. Buna qədər hər bir rüsum məbləği 2 dəfə az idi.

30 dəqiqəyə vəsiqə

Hər bir vətəndaş sözügedən vəsiqəni almaq üçün iki pilləli imtahandan keçməlidir. Birinci mərhələdə sürücü olmaq istəyən şəxsin yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri yoxlanılır. Bu hissəni uğurla başa vurmaqdan ötrü 10 sualın 9-na cavab vermək kifayətdir.

İkinci mərhələdə isə şəxsin nəqliyyat vasitələrini idarəetmə vərdişləri ölçülür. Bu mərhələ Qeydiyyat İmtahan Mərkəzinin (QİM) imtahan təlimatçısı tərəfindən qəbul edilir. Mərhələni keçdikdən sonra şəxsə 30 dəqiqə ərzində sürücülük vəsiqəsi verilir.

İlham Əliyev hələ də bacarmayıb... Gürcülər rüşvətin kökünü necə kəsdilər?
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00

“Əsl cəhənnəm meydançası hazırlanır”

Azərbaycandan fərqli olaraq bəzi Avropa ölkələrində sürücülük vəsiqəsi almaq uzun və çətin prosesdir.

Bir neçə ildir Norveçdə yaşayan Yeganə Abbasova AzadlıqRadiosuna danışır ki, vəsiqəni imtahanın nəzəri hissəsini üçüncü, praktiki hissəsini isə ikinci dəfə verdikdən sonra ala bilib. Norveçdə B kateqoriyalı sürücülük vəsiqəsi imtahanından öncə vətəndaşlardan bir sıra kursları keçmək tələbi qoyulur. Bunlardan biri qaranlıqda idarəetmə kursudur.

Bu kurslar bitdikdən sonra sürücülük vəsiqəsi üçün nəzəri biliklər adlanan testi vermək lazımdır. Test yol hərəkəti qaydaları, qanunlar, ilkin tibbi yardımla bağlı 45 sualdan ibarətdir. Bu testdən keçmək üçün ən azı 38 suala düzgün cavab verilməlidir. Bundan sonra isə, Yeganə Abbasovanın sözləri ilə desək, "cəhənnəm meydançası" gəlir:

"İmtahanı verdikdən sonra isə avtomobilin praktik idarəedilməsi kursu başlayır. Bunlardan biri proses boyu ən bahalı olan buzlu və ya sürüşkən yolda idarəetmə kursudur. Qiyməti təxminən min manatdır. Sizi xüsusi hazırlanmış buzlu meydançaya aparırlar. Meydançada yol çox sürüşkən olur. Üstəlik, yola durmadan avtomobil yağı tökülür və su səpilir. Bir sözlə, əsl cəhənnəm meydançası hazırlanır. Bu yolda sürəndə gözlənilmədən qarşınızda maral və ya uşaq maketləri qaçır. Burada döngələrdə idarəetmə və üzüyuxarı yolda maşını yerindən tərpədib sürməyə qədər bütün detallar öyrədilir. O cümlədən sizi simulatora da mindirib qəza etdikdə nələrin olduğunu yaşadırlar".

Yeganə Abbasova danışır ki, bundan sonra daha bir neçə kurs keçdikdən sonra yerli Dövlət Avtomobil Yolları İdarəsinə baş vurmaq lazımdır. Prosesi uğurla tamamlayan şəxslərə sürücülük vəsiqəsini aldığını təsdiqləyən arayış verilir və vəsiqə də təxminən 3 gün sonra poçtla göndərilir.

Məmurların gizli şirkətləri: Göyərtisatan, taksi sürücüsü, fəhlənin adına milyonlar necə yuyulub?
Gözlə

No media source currently available

0:00 0:07:15 0:00

İmtahanı DİM keçirə bilərmi?

Sürücülük vəsiqəsi imtahanları gündəmə gələndə ali məktəblərə və dövlət qurumlarına qəbul imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzi (DİM) yada düşür. 2022-ci ilin sonunda mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula biləcəklərini bildirib.

"Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk”, – Abbaszadə qeyd edib.

DİM-in mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün qurumun imtahan keçirməsi məsələsi hazırda gündəmdə deyil. Quruma bununla bağlı heç bir müraciət daxil olmayıb:

"Bu məsələ müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Dövlət İmtahan Mərkəzi icraçı təşkilatdır. Qanunvericiliklə hansı vəzifələri yerinə yetirməlidirsə, onları da icra edir".

“Sürücülük vəsiqəsini verən qurum imtahana nəzarət edə bilməz”

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyir ki, inkişaf etmiş ölkələrdə sürücülük vəsiqəsini standart suallara cavab verməklə və ya praktiki olaraq nəqliyyat vasitəsini idarə etməklə almırlar. Tibbi arayışların verilməsində də ətraflı yoxlanış tətbiq edilir və müəyyən məbləğ qarşılığında əldə etmək istisna olunur. Ekspert diqqəti nəzarət məsələsinə çəkir:

“Sürücülük vəsiqəsini verən qurum yoxlamaya nəzarət edən qurum ola bilməz. İndi Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bunu həyata keçirir. Əslində bu belə ola bilməz. Ya tamam ayrı qurum olmalıdır, ya başqa qurumun tərkibinə keçirilməlidir və onlar vəsiqələrin verilməsini şəffaf formada gerçəkləşdirməlidir”.

Dövlət Statistika Komitəsi(DSK)-nın məlumatına görə, 2023-cü ildə ölkədə min 636 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 862 nəfər həlak olub, min 367 nəfər yaralanıb. Ekspertlər qəzaların əsas səbəbləri arasında sürücülərin qeyri-peşəkar olmasını xüsusi vurğulayırlar.

XS
SM
MD
LG