Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Türkmənistanda 'koronavirus' sözü qadağan edilib


Aşqabad martın 31-də
Aşqabad martın 31-də

Türkmənistan hökuməti “Koronavirus” sözünü qadağan edib. COVID-19 virusunun adından istifadətəkcə dövlət mediasında deyil, hətta məktəb və poliklinikalarda paylanan maarifləndirici broşürlərdə də qadağan edilib.

Bu barədə məlumatı Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatı Türkmənistanda bloklanmış müstəqil Turkmenistan Chronicle saytına və AzadlıqRadiosunun Türkmən xidmətinə istinadən yayıb.

AzadlıqRadiosunın Aşqabaddakı müxbirləri xəbər verirlər ki, küçədə “koronovirus” sözünün işlədilməsi onu işlədənin polis tərəfindən saxlanması ilə nəticələnə bilər.

Bu da qeyd edilməlidir ki, Türkmənistan hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşı mülki geyimdə mağaza və bazarlarda adamların danışıqlarını güdür.

​Sərhədsiz Reportyorlar bildirir ki, “türkmən dilinin lüğətindən “koronavirus” sözünü çıxarmaqla hakimiyyət ölkə vətəndaşlarını real təhlükə qarşısında qoyur”.

Türkmənistan hakimiyyətinin verdiyi rəsmi məlumata görə bu ölkədə indiyədək COVID-19 virusuna bir nəfər də yoluxmayıb.

Türkmənistan pandemiyadan əvvəl də dünyanın ən qapalı və ən avtoritar ölkələrindən biri sayılırdı.

Marıda nə baş verir?

Amma müşahidəçilər qeyd edirlər ki, “koronavirus” sözü qadağan edilsə də, Türkmənistanda da başqa ölkələrdəkinə bənzər tədbirlərin görüldüyü diqqəti çəkir.

AzadlıqRadiosunun verdiyi məlumata görə Türkmənistanda aprelin 1-dən mağazaların, xidmət sahələrinin və hətta çörəkxanalar da daxil yeyinti məhsulları istehsal edən müəssisələrin işi dayandırılmalıdır.

Əhalinin kütləvi şəkildə hərarəti ölçülür. AzadlıqRadiosu öz mənbələrinə istinadən bildirir ki, Türkmənistanda çox sayda insan koronavirusa yoluxub, lakin bu barədə informasiyanın verilməsi qadağandır.

Tərəvəz növbəsi
Tərəvəz növbəsi

AzadlıqRadiosunun müxbirləri bunu da müşahidə ediblər ki, Marı şəhərindən və Marı vilayətindən paytaxta gələnlər xüsusilə ciddi yoxlanışdan keçirilir. Marıda nələrin baş verdiyini hələki müəyyənləşdirmək mümkün olmayıb.

Türkmənistandan başqa, epidemioloji vəziyyətləri barədə informasiya verməyən bir neçə ölkə var. Şimali Koreya, Cənubi Sudan və Tacikistan belə ölkələrdəndir.

Bundan əvvəl Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov infeksiyalara qarşı bütün idarə və müəssisələrin üzərlik tüstüsünə verilməsini əmr etmişdi.

Konsertlər ləğv olunur, ərzaq qıtdır

Paytaxt Aşqabadda aprel ayında keçirilməli olan bütün konsertlər və mədəniyyət tədbirləri ləğv edilib.

Bu da xəbər verilir ki, onsuz da çətinlikləri olan ərzaq təchizatındakı problemlər son günlər daha da kəskinləşib.

Hakimiyyət gündəlik tələbat mallarına və ərzağa adambaşına normalar qoyub, lakin bir çox malları hətta norma ilə də almaq mümkün olmur.

AzadlıqRadiosu bildirir ki, ərzaq məhdudiyyətləri ilə bağlı qaydalar martın 28-dən qüvvəyə minib.

Ölkədə koronavirus barədə son məlumat martın 5-də verilmişdi. Onda Daxili İşlər Nazirliyi bildirirdi ki, Türkmənistanda bu virusa yoluxan yoxdur.

XS
SM
MD
LG