Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

“Vətənə oğul verdim, üstümə tabut göndərdilər”


Kifayət Süleymanova
Kifayət Süleymanova

►Hərbi hissədə ölmüş əsgərin anası: “Oğlum Şuşada şəhid olsaydı, məni bu qədər yandırmazdı. Onu namərdcəsinə öldürdülər, hələ üstünə də şər atırlar ki, özünü öldürüb”

“O hərbi hissənin komandirləri, generalı burada dəmir barmaqlıqlar arxasında oturmalıdır. Mən onlara oğul vermişəm, gəlsinlər, oğlumu qaytarsınlar...”, - deyə ötən ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində dünyasını dəyişmiş Tapdıq Babaşovun anası Kifayət Süleymanova məhkəmədə fəryad edib.

“ƏSGƏR PALTARI GEYƏNLƏRƏ BAXA BİLMİRƏM”

Aprelin 20-də Bakı Hərbi Məhkəməsində zərərçəkmiş qismində ifadə verən Kifayət Süleymanova bildirib ki, oğlunun intihar etməsi barədə deyilənlər, yazılanlar yalandır.

Ana deyir ki, oğlunu qətlə yetirəndən sonra cinayətin üstünü ört-basdır eləmək məqsədilə onu hərbi hissənin üçüncü mərtəbəsindən atıblar:

“Bu işin istintaqı lap əvvəldən səhv aparıldı, saxtakarlıqlar oldu. Oğlum özünü öldürəcək oğul deyildi, aciz deyildi. Hörmətli məhkəmə, sizi and verirəm vicdanınıza, oğlumun üstünə atılmış bu şəri təmizləyin. Əsgər ölümlərinə son qoyulması üçün bu işə obyektiv baxın. Mən yalnız o zaman sakitləşə bilərəm. Balamı öldürüblər. Tapdığın məzarı üstünə gedə bilmirəm, əsgər paltarı geyənlərə baxa bilmirəm. Vətənə oğul verdim, üstümə tabut göndərdilər...”

Tapdıq Babaşov
Tapdıq Babaşov

Bu cinayət işi üzrə məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində keçmiş manqa komandirləri Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev çıxarılıb. Onlar CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham olunur. Kifayət Süleymanova ilə yanaşı, hərbi hissənin daha 50 əsgəri də zərərçəkmiş qismində tanınıb.

“OĞLUM ŞUŞADA ŞƏHİD OLSAYDI...”

Zərərçəkmiş əsgərlər məhkəmədə ifadələrində döyüldüklərini, təhqir olunduqlarını təsdiqləsələr də, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığını deyiblər. Kifayət Süleymanova isə onlara ən ağır cəza verilməsini tələb edib:

“Bu əsgərlər deyirlər, “döyülmüşük-söyülmüşük, amma onları bağışlayırıq”. Bu, necə ola bilər?! Mən bağışlamıram, bağışlaya bilmirəm. Onların yanında hərbi hissənin rəhbərliyi, komandirlər də oturmalıdır. Vətənpərvər balamı aldılar əlimdən. Oğlum Şuşada şəhid olsaydı, məni bu qədər yandırmazdı. Onu namərdcəsinə öldürdülər, hələ üstünə də şər atırlar ki, özünü öldürüb. Bu bir ildə bütün aidiyyəti orqanlara müraciət eləmişəm, daha gücüm qalmayıb, dözə bilmirəm, yalvarıram, bu şəri götürün uşağımın üstündən, qanı yerdə qalmasın...”

Bu çıxışdan sonra Kifayət Süleymanovanın vəziyyəti pisləşib və o, məhkəmə zalından çıxarılıb.

Daha sonra məhkəmə iclasında on nəfər şahid dindirilib ki, onların arasında hərbi hissənin əsgərləri, zabitləri də olub. Şahid ifadələrindən məlum olub ki, Tapdıq Babaşov üçüncü mərtəbədən hərbi hissənin həyətinə düşəndə ayağının birində çəkmə olmayıb.

___________________________________________________________

Bunlara da bax:
İlqar Məmmədovun məhkəməsi başlanır
Türk fermer Rusiyadan deportasiya edildi

___________________________________________________________

CƏBHƏ BÖLGƏSİNƏ GETMƏK İSTƏYİRMİŞ

Şahidlərdən manqa komandiri Nicat Məlikov bildirib ki, Tapdıq Babaşov cəbhə bölgəsində xidmət etmək istəyirdi:

“Mənə dedi ki, “Milli Orduya “perevod” olub, cəbhə bölgəsinə getmək istəyirəm, necə eləyə bilərəm?” Dedim ki, “öyrənərəm, görüm mümkündür, yoxsa yox”. Hadisəni eşidəndə inanmadım ki, bəlkə başqası eləyər, amma Babaşovdan gözləməzdim. Babaşov elə əsgər deyildi ki, hər hərəkətinə irad tutulsun”.

Zərərçəkmiş Kifayət Süleymanovanın vəkili Hüseyn Həsənov iş üzrə rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmə prosesi mayın 4-də davam edəcək.

BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş Tapdıq Babaşov ötən il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsində yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını düşünür.

Buna da bax: Sakin: "Evimizi xəbərdarlıqsız sökürlər"

Sakin: "Evimizi xəbərdarlıqsız sökürlər"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”
XS
SM
MD
LG