Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:18

Tək Tbilisi bələdiyyəsinin büdcəsi Azərbaycanın bütün bələdiyyələrinin büdcəsindən 22 dəfə çoxdur


Şəki bələdiyyəsi, arxiv foto
Şəki bələdiyyəsi, arxiv foto

Azərbaycanda bələdiyyələrin yetki və maliyyəsinin az olması çoxdankı problemdir. Ölkədə 1999-cu ildən bəri bələdiyyələr fəaliyyət göstərir. Amma bu 24 ildə onlar formal qurum olmaqdan irəli gedə bilməyiblər.

Büdcə təşkilatlarında çalışanların zorla seçkiyə göndərildiyi ortamda - son bələdiyyə seçkilərində də seçici aktivliyinin rəsmi rəqəmi 32 faiz olub.

Statusu olmayan Azərbaycan bələdiyyələri
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Azərbaycanda bələdiyyələrə vətəndaş marağının da az olmasının çox səbəbi var. Bunlardan biri bələdiyyələrin yetki yetərsizliyidir. Başqa ölkələrdə bələdiyyələrin gördüyü bir çox işi Azərbaycanda icra hakimiyyəti orqanları gerçəkləşdirir. İdarəetmədəki bu paralellik resurs israfı ilə yanaşı, effektivliyi də azaldır.

Bələdiyyələrlə digər bir problemi maliyyədən qaynaqlanır. Azərbaycanda bələdiyyələrə ilboyu dövlət büdcəsindən təxminən 5 milyon manat ayrılır. İnsanların yerli vergiləri ödəməyə marağı çox deyil. Ölkədə 1 min 606 bələdiyyə var. Yerli vergilərin və ödənişlərin də aşağı olması nəticəsində bir çox bələdiyyənin rəsmi gəlirləri işçilərinin əmək haqlarına belə yetəcək səviyyədə deyil.

Rəsmi rəqəmlər nə deyir?

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycandakı bələdiyyələrin büdcələrinə dair bilgiləri açıqlayıb. Həmin il ölkədə fəaliyyət göstərən 1 min 606 bələdiyyənin toplam gəliri 47 milyon 366 min manat olub. Bu, 2021-ci illə müqayisədə 13.7 faiz artım deməkdir. Müqayisə üçün, Qonşu Gürcüstanın paytaxt şəhəri Tbilisi bələdiyyəsinin ötənilki büdcəsi 1 milyard 560 milyon lari - təxminən 1 milyard 61 milyon manat olub. Deməli, yalnız Tbilisi bələdiyyəsinin birillik gəliri Azərbaycandakı 1 min 606 bələdiyyənin illik gəlirlərindən təxminən 22 dəfə çoxdur.

Bələdiyyələrin büdcəsi necə formalaşıb?

Bələdiyyələrin il ərzindəki toplam gəlirinin 43.3 faizi və ya 20 milyon 491 min manatı yerli vergilər hesabına təmin edilib. Əhalidən ilboyu fiziki şəxslərin əmlak vergisi qismində 13 milyon 212 min manat pul toplanıb. Belə şəxslərin ödədiyi torpaq vergilərindən əldə edilən gəlirsə 7 milyon 277 min manat olub. Beləcə, bələdiyyələr 2021-ci illə müqayisədə 8 faiz daha çox vergi gəliri əldə edib. Əslində, qanunvericilik bələdiyyələrə daha bir vergi gəliri əldə etməyə yol açır. Söhbət bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisindən gedir. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə bu vergi növü üzrə cəmi 1 min 600 manat yığılıb. Elə bu rəqəmin özü Azərbaycanda bələdiyyə işinin səmərə baxımından nə qədər aşağı olmasının göstəricisidir.

Bələdiyyə gəlirlərinin yerdəqalan 56.7 faizlik hissəsi vergi olmayan daxilolmalar hesabına formalaşıb. Burada əsas pay bələdiyyə əmlakının satışından əldə edilən gəlirlərdir. Ötən il bələdiyyələr öz əmlaklarının satışından 9 milyon 131 min manat gəlir qazanıb. Bu, 2021-ci illə müqayisədə 35 faiz artım deməkdir. Bələdiyyə əmlakının icarəyə verilməsindən 7 milyon 517 min manat gəlir əldə edilib. Beləcə, bələdiyyələrin il ərzindəki bütün gəlirlərinin 35.1 faizi əmlakın satılması və ya icarəyə verilməsi hesabına təmin olunub.

Büdcədən ayrılan dotasiya və subsensiyaların bələdiyyə gəlirlərindəki payı isə 13.8 faizdir. Bu iki istiqamət üzrə bələdiyyələrin toplam gəlirləri 6 milyon 527 min manatdır.

Bələdiyyələr arasında gəlir bərabərsizliyi

Ayrı-ayrı şəhər və rayon bələdiyyələrinin gəlirinə dair göstəricilərindən aydın olur ki, ölkədə, bir çox sahədə olduğu kimi, bələdiyyələr arasında da regional bərabərsizlik hökm sürür. Ötən il Azərbaycandakı bütün bələdiyyə gəlirlərinn 30 faizi Bakı şəhərində formalaşıb. Bakı çevrəsindəki ərazilər (Abşeron yarımadası) də nəzərə alınsa, bu göstərici 40 faizə yüksəlir. Paytaxt bələdiyyələri il ərzində toplam 14 milyin 350 min manat gəlir əldə edib. Bütövlükdə toplanan vergilərdə Bakının payı daha yüksəkdir. Məsələn, ötən il bələdiyyələrin ölkə üzrə topladığı vergilərin yarısı Bakının payına düşür. Bu həm də onun göstəricisidir ki, paytaxtdankənar ərazilərdə əhali bələdiyyə vergilərini ödəməkdə maraqlı deyil.

Ölkə rayonları arasında bələdiyyələrin ən az gəlir əldə etdiyi bölgələr - Daşkəsən (80 min manat) və Lerikdir. (77 min manat).

Bələdiyyələr pulu hara xərcləyib?

Ötən il Azərbaycandakı bələdiyyələrin toplam xərcləri 46 milyon 796 min manat olub. Bələdiyyə gəlirlərinin yetərsizliyi onların xərc strukturundan da üzə çıxır. Ötən il bələdiyyə xərclərinin 55 faizi əmək haqlarına gedib. Daha 25 faiz mal və xidmətlərin alışına sərf edilib.

XS
SM
MD
LG