Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Levon Ter-Petrosyan “torpaqların Azərbaycana qaytarılmasından” danışıb


AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə, Ermənistanın keçmiş prezidenti Levon-Ter-Petrosyan deyib ki, Dağlıq Qarabağın ətrafında BMT-nin “işğal edilmiş ərazilər” kimi təfsir etdiyi torpaqlar tərəflərin danışıqlar apardığı sənədin müddəalarına uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

“Kentron” telekanalına müsahibəsində Ter-Petrosyan deyib ki, “bu məsələnin həlli tamamilə ATƏT-in Minsk qrupundan asılıdır”.

Azatutyunun İnterfax agentliyinə istinad edən xəbərinə görə Levon Ter-Petrosyan deyib: “Ərazilərin qaytarılması nə bizdən, nə də Azərbaycandan yox, münaqişənin çözümü üçün müvəkkil edilmiş instansiyadan asılıdır. Əgər biz bunu könüllü şəkildə etməsək, bir gün bu torpaqları bizdən sanksiyalarla alacaqlar”.

Keçmiş Ermənistan prezidentinin sözlərinə görə, əgər erməni tərəfi “lap Bakını tutsa da” dünya bunun baş verməsinə imkan verməyəcək.

Ter-Petrosyan əlavə edib ki, “dövlət cəmiyyəti ağrılı və çətin, lakin zəruri qərarlara hazırlamalıdır”.

Keçmiş prezident bəyan edib ki, “əgər ölkənin hazırkı lideri Serj Sarksiyan bu yolu tutsa, o da onun yanında dayanacaq”.

Torpaqların qaytarılması məsələsi həmişə olub

Azatutyun Levon Ter-Petrosyanın televizya müsahibəsinin bəzi maraqlı məqamlarını təqdim edib.

Levon Ter-Petrosyan onu torpaqları verməkdə ittiham edənlərə cavab olaraq bildirib ki, hətta onun istefasından sonra da torpaqların Azərbaycana qaytarılması həmişə danışıqların gündəliyində olub və Ermənistan tərəfi bu müddəanın danışıq şərtlərinə daxil edilməsi ilə razılaşıb.

Onun sözlərinə görə, hazırda danışıqlar masası üstündə olan Madrid prinsiplərində də ərazilərin qaytarılması məsələsi var.

Ter-Persosyan deyib: “Nə oldu, mən torpaq verən oldum, amma Koçaryan, Oskanyan, Serj Sarkisyan və ya Arkadi Qukasyan torpaq verməyən oldular? Bax belə yalanlarla xalqımızı aldadırlar. Qulaq asın, lap heç Serj Sarkisyan yox, kim gəlsə...Mən seçkinin nəticələrini bilmirəm, bilmirən hansı hakimiyyət formalaşacaq. Deyək ki, Tsarukyan və ya “Erməni dirçəlişi” və ya Daşnaksütyun gəldi. Elə ki, hökuməti təşkil etdilər, ertəsi gün qaça-qaça o sənədi imzalamağa gedəcəklər. Qaça-qaça gedəcəklər! Odur ki, bu məsələni şayiə mövzusu etməsinlər. 30 ildir xalqı aldadıb bu vəziyyətə gətiriblər. Bu bizim millətimizə qarşı ən satqın, ən ölümcül işdir...”

Levon Ter-Petrosyan deyib ki, bu, münaqişənin həlli üçün onun planıdır və başqa heç bir siyasi qüvvənin konkret planı yoxdur:

“Uşaqlar, vermirsiniz verməyin, problem yoxdur. Lakin bu xalq yazıqdır. Əvəzində xalqımıza nə verəcəksiniz? Əraziləri təhvil veməyə bilərsən, onda bizim xalqımıza qan, uşaqların ölümünü, yoxsulluq, kasıbçılıq, didərginlik verəcəksən. Bu ölkənin sonu gələcək...”

Ter-Petrosyanın fikrincə “bu gün Azərbaycanla razılaşma əsasında əldə edə biləcəyimiz həll, sabah bizə sırınmış həllə çevriləcək”.

Ter-Petrosyan mərhələli variantı dəstəkləyir

Bu arada Yerevandan alınan xəbərlərdə deyilir ki, burada martın 29-da Levon Ter-Petrosyanın da daxil olduğu Erməni Milli Konqresi (EMK) və Ermənistan Xalq Partiyasının birgə bloku “Sülh yürüşü” keçirib.

Aksiya iştirakçıları “Levon! Levon! Sülh!” şüarları səsləndirirdilər.

Martın 29-da Yerevanın mərkəzində "Sülh yürüşü" keçirilib
Martın 29-da Yerevanın mərkəzində "Sülh yürüşü" keçirilib

Paytaxtın mərkəzi küçələrindən keçən yürüşə millət vəkilləri, sözü gedən blokun nümayəndələri Aram Manukyan və Levon Zurabyan, habelə Xalq Partiyasının lideri Stepan Dəmirçiyan qoşulmuşdular. Levon Ter-Petrosyan yürüşdə işrtirak etmirdi.

Ermənistanın Panorama saytı xatırladır ki, Erməni Milli Konqresinin 2016-cı ilin dekabrında keçirilən qurultayında Levon Ter-Petrosyan Ermənistanın yeganə probleminin – Qarabağ münaqişəsi problemi olduğunu demişdi.

O bildirmişdi ki, ölkənin bütün qalan problemləri bu münaqişənin həllindən asılı olacaq.

Levon Ter-Petrosyan bəyan etmişdi ki, “Qarabağ münaqişəsi tənzimlənsə, Ermənistan-Türkiyə münasibətləri bunun ertəsi günü avtomatik qaydada normallaşacaq”.

EMK lideri bildirmişdi ki, Qarabağ münaqişəsinin yeganə həlli yolu mərhələli variantdır.

Levon Ter-Petrosyan bəyan etmişdi ki, müasir dünyada “cəngəllik qanunları” işləmir və münaqişələrin həllində qarşılıqlı güzəştlərə gedilməsi qaçılmaszdır.

“Biz Bakını da məcbur edəcəyik”

Ermənistanın başqa bir saytı – Arminfo xəbər verir ki, sözü gedən yürüşdən sonra Ter-Petrosyanın daxil olduğu siyasi blokun başqa bir üzvü, millət vəkili Aram Manukyan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Manukyan elan edib ki, daxil olduqları blok kifayət qədər güclüdür və hökuməti “barışığa getməyə məcbur edəcək”.

Onun sözlərinə görə, blok sülh hərəkatına başlayır və bu hərəkatın Azərbaycanda da yayılmasına çalışacaq.

O deyib ki, “biz Bakını da sülh proqramını imzalamağa məcbur edəcəyik”.

Arminfo yazır ki, Konqres-Xalq Partiyası bloku Qarabağ münaqişəsinin Yerevan tərəfindən torpaq güzəştləri ilə həllinə çağıran yeganə seçki blokudur.

Levon Ter-Petrosyan iddia edib ki, hazırda Ermənistan və Azərbaycan hakimiyyətləri danışıqları məhz bunun ətrafında aparırlar.

Ter-Petrosyan həmçinin deyib ki, “Ermənistanın və Artsaxın” inkişafına mane olan Qarabağ münaqişəsi tezliklə həll olunacaq.

XS
SM
MD
LG