Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:39

Keçmiş nazir: “XİN-dəki böhranın arxasında başqa məsələlər var"


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

►“Harvardı bitirən, yüksək biliklərə malik insanlar nazirlikdə bacarıqsız, savadsız insanlar kimi qələmə verilir.

Gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir"

"Məncə, Qarabağ danışıqlarında yeni bir prinsip tətbiq edilməlidir, ingiliscə buna “take it or break it” deyirlər"

AzadlıqRadiosunun suallarını Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddət öncə geri çağrılan Latviyadakı fövqəladə və səlahiyyətli səfir Tofiq Zülfüqarov cavablandırır.

Onunla Xarici İşlər Nazirliyindəki “böhran”dan, Dağlıq Qarabağ münaqişəsindən və başqa mətləblərdən danışdıq...

- Tofiq bəy, siz diplomat kimi fəaliyyətinizi davam etdirəcəksinizmi, sizinlə bağlı təyinat gözlənilirmi?

- Məlumatım yoxdur. Hər halda iki müddət səfir kimi çalışmışam, ondan sonra bir müddət burda olmalıyam. Amma konkret nə qədər burda olacam bilmirəm. İndi, sadəcə, dincəlirəm.

Buna da bax: Krediti maaşından tutulan müəllim: "75 manata işləyirəm"

- Dağılıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları izləyirsinizmi?

- Bəli, əbəttə, izləyirəm. Səfir kimi yox, bir vətəndaş kimi izləyirəm, maraqlanıram.

- Son bir neçə ildə münaqişənin nizamlanması elə bil dondurulub, heç bir tərpəniş hiss olunmur...

- Tamamilə doğrudur. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu əsasən atəşkəs rejimi ilə bağlı məsələyə diqqət yetirir. Ancaq münaqişənin həlli ilə aktiv məşğul olmur. Madrid prinsiplərindən sonra ortaya yeni bir təklif qoyulmayıb, hər hansı müzakirə aparılmayıb, yəni irəliləyiş yoxdur. Təkcə dövlət başçılarının görüşləri irəliləyişə gətirə bilməz. İrəliləyiş olması üçün davamlı danışıqlar aparılmalıdır ki, prezidentlər də buna təkan verərək ortaya qoyulacaq bir sənədə qol çəksinlər.

Buna da bax: Araz Ağalarov "krallar" siyahısında 7-cidir

Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox.

- Bəlkə bu dəfə dövlət başçılarından biri siyasi iradə nümayiş etdirməlidir? Çünki Minsk Qrupu ortaya bir neçə təklif qoysa da, sonucda tərəflər razılığa gələ bilmirlər.

- Mənə elə gəlir ki, həmsədrlərin istifadə etdiyi üslüb uğura gətirib çıxarmayacaq. Onlar yarımçıq sənədləri təqdim edirlər. Yəni onlar daha geniş təkliflər, daha mükəmməl mətnlər təqdim etməlidirlər ki, tərəflər qiymət verə bilsinlər. Mən hesab edirəm ki, üslub dəyişdirilməlidir. Eləcə də təklif kimi ortaya qoyulan sənədlərin keyfiyyəti dəyişdirilməlidir. Mən bir vətəndaş, bir mütəxəssis kimi bununla bağlı yaxınlarda mətbuatda təkliflərimlə çıxış etmək istəyirəm.

- Təkliflərinizi bizimlə bölüşə bilərsinizmi?

- Danışıqlarda yeni bir prinsip tətbiq edilə bilər, ingiliscə buna “take it or break it” deyirlər, yəni ya götür, ya rədd elə. Bu zaman masaya qoyulan sənəd mükəmməl olur, tərəflər təklifin xeyrli və ziyanlı cəhətlərini detallarına kimi görür, kompromislərlə bağlı fikirlərini bildirirlər. Bu cür sənədlər ortaya qoyulanda uzun-uzadı danışıqlara da ehtiyac qalmır. Mən düşünürəm ki, bu cür üslub tətbiq olunarsa, danışıqlarda irəliləyiş ola bilər. Yoxsa sadəcə tezis təklif etmək düz deyil. Bilmirəm fikrimi izah edə bildimmi... Bu haqda yazsam daha yaxşı olacaq.

Buna da bax: İslamçı fəal həbs olundu

Əliyevlə Sarkisyanın İsveçrə görüşü, dekabr, 2015
Əliyevlə Sarkisyanın İsveçrə görüşü, dekabr, 2015

- Neft bumu başlayanda Azərbaycan iqtidarı bir fikri vurğulayırdı ki, blokadada qalan, iqtisadi çətinliklərlə savaşan Dağlıq Qarabağ erməniləri tezliklə qərarlarını dəyişəcəklər. Onlar da rifah içində yaşayan Azərbaycanın tərkibində olmaq istəyəcəklər. Ancaq neft pulları bitmək üzrədir, manat iki dəfə devalvasiya olunub, ölkə iqtisadi böhranla üz-üzədir... Bu durum Azərbaycanın işini çətinləşdirirmi, sizcə?

- İndiki məqamda Azərbaycanın iqtisadi baxımdan Ermənistandan cəlbedici olması aktual deyil. İndiki mərhələdə cəlbedici olan sülhdür. Bu sülhün nəticəsində Qarabağ erməniləri Azərbaycanla, ya Ermənistanla yaxınlıq edəcəklər, o gələcəyin işidir. Hər bir halda hesab edirəm ki, Azərbaycan Ermənistana nisbətən daha zəngin, daha çox inkişaf edən ölkədir.

Azərbaycanın imicinə ziyan vuran təkcə ölkə daxilindəki problemlər deyil, xaricdən daha çox problem yaradırlar. Axırıncı hadisələr göstərir ki, Ermənistan bu yöndə canfəşanlıq edir, məqsəd də bu problemlərə diqqət çəkməklə Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmaqdır.

- Tofiq bəy, bu gün Azərbaycan təkcə iqtisadi böhranla üzləşməyib. Həm də siyasi hakimiyyət insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, demokratik institutların sıradan çıxarılmasına görə beynəlxalq qurumlar tərəfindən tənqid edilir. Hətta sanksiyalar gündəmə gətirilir. Bir diplomat kimi siz ölkənin imicini kənardan necə dəyərləndirirsiniz?

- Azərbaycanın problemi var, düzdür, bu başqa ölkələrdə də var. Ancaq Azərbaycanın imicinə ziyan vuran təkcə ölkə daxilindəki problemlər deyil, xaricdən daha çox problem yaradırlar. Axırıncı hadisələr göstərir ki, Ermənistan bu yöndə canfəşanlıq edir, məqsəd də bu problemlərə diqqət çəkməklə Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmaqdır. Mən hesab etmirəm ki, ermənilərlə əlaqədə olan hüquq müdafiə təşkilatları Azərbaycanın xeyrinə çalışırlar. Mən demək istəmirəm ki, bu sahədə problem yoxdur, təşkilatlar müəkkəməl işləyir və s. Bunu demirəm. Onu demək istəyirəm ki, həmin qurumların məqsədi Azərbaycanın imicini qaralamaqla rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini zəiflətməkdir.

Buna da bax: Kaxa Kaladze: "Rusiya Azərbaycandan sərfəli qiymət təklif edir"

- Siz də hakimiyyət kimi bu məsələdə “ermənipərəst qüvvələri” günahlandırırsız?

- Bir çox hadisələrə özüm şahid olmuşam. Təcrübəm belə deməyə əsas verir.

- Amma özünüz də insan hüquqları sahəsində problemlər olduğunu söylədiniz. Xüsusən də fəalların həbsinin artması göz qabağındadır.

- Mənim bu məsələdə mövqeyim sadədir. İndi Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür. Bu məhkəməyə tabeliyi qəbul edib. Problemi yaranan hər bir Azərbaycan vətəndaşı bu məhkəməyə müraciət edə bilər. Məsələnin həlli sadədir. Yoxsa qıraqdan kimsə desin ki, filankəs siyasi məhbusdur, ya deyil, məncə, bu, Azərbaycan dövlətinin suveren hüquqlarına müdaxilədir.

Əli İnsanov
Əli İnsanov

- Avropa İnsan Haqları Məhkəməsi keçmiş nazir Əli İnsanov və REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərar çıxarsa da, onlar hələ də həbsdədirlər. Qərarların icrası ya yeni ittiham irəli sürülməklə, ya da başqa səbəblərlə ləngidilir. Avropa Şurası da duruma etirazını bildirib...

- Mən bir şeyi bilirəm, məhkəmə prosedurları tam icra edilməlidir. Siz iki nəfər haqqında danışırsınız. Azərbaycanı tənqid edən, bəzən ermənilərin təsiri altında olan beynəlxalq təşkilatların təqdim etdiyi siyahı daha uzundur. Onlar bu siyahını tərtib edərkən Azərbaycanın suverenliyini, məhkəmə müstəqilliyini pozurlar. Məhkəmə rəyinin kənarda qalmasına və onların rəyinin əsas götürülməsinə çalışırlar. Bu da qanunsuzdur. Beynəlxalq təşkilatlar kiməsə kömək etmək istəyirlərsə, onlara vəkil versinlər, beynəlxalq məhkəmələrə müraciəti sürətləndirisinlər və s...

Buna da bax: Müxalifətdən Əli Həsənova cavab: "Hanı o analoqu olmayan..."

- Son aylar Xarici İşlər Nazirliyində baş verənləri necə qiymətləndirirsiz? Ötən ilin mayında paytaxtdakı yanğına görə məmurları tənqid edən və onu sosial şəbəkədə “like” edən diplomatlar ya işdən uzaqlaşdırıldılar, ya da izahat yazmalı oldular. Toxunulmazlıq statusu olan, bir ölkəni təmsil edən şəxslərin bu şəkildə cəzalandırılması nə qədər düzgün idi?

- Mənə elə gəlir ki, əsas problem bu deyildi. Bu hadisə ilə bağlı ən böyük tənqidi prezidentin özündən eşitdik. İkincisi, dövlət işində çalışan insan ya işdən çıxıb siyası fəaliyyətlə məşğul olmalıdır, ya da gərək məmur kimi elə məmur kodeksinə əməl etsin. Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir. Bir misal da gətirim, təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar (gülür - red), özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir.

- Sizcə, nazir istefaya göndərilməlidir?

- Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar.

XS
SM
MD
LG