Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Mehman Əliyev həbs edildi [video]


Mehman Əliyev həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Mehman Əliyev həbs edildi [video]

Yaqland Azərbaycanı Avropa Şurası ilə əməkdaşlığın ruhuna hörmətə çağırıb

Avropa Şurasının baş katibi Tornbörn Yaqland (Thorbjorn Jagland) “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə əlaqədar bəyanatla çıxış edib.

“Mənə bildirdilər ki, tanınmış jurnalist, “Turan” Agentliyinin direktoru dünən (avqustun 24-ü) vergidən yayınma ittihamı ilə saxlanılıb. Saxlanmadan öncə “Turan”-da yoxlama aparılıb. Agentliyin hesabları dondurulub ki, bu da kollektivi sentyabrın 1-dən işi dayandırmağa məcbur edib”, - bəyanatda vurğulanır.

“Avropa Şurası saxlanan şəxs dövlətin və ya onun vətəndaşlarının təhlükəsizliyinə qorxu yaratmadığı halda lazımsız həbslərə yol verilməməsi üçün cəzaların yumşaldılması istiqamətində Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bu təşəbbüs prezidentin qərarının tərkib hissəsidir və bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmən Avropa Şurasına təqdim edilib. Mən Azərbaycan hakimiyyətini Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmətlə yanaşmağa və demokratik cəmiyyətlə bağlı öz öhdəliklərini tam yerinə yetirməyə çağırıram”, – AŞ baş katibi qeyd edib.

T.Yaqland vurğulayıb ki, mətbuat, jurnalistlər təqib və ya əsassız müdaxilə təhlükəsi olmadan öz vəzifələrini sərbəst yerinə yetirmək imkanlarına malik olmalıdır.

Vəkil Fuad Ağayev: ‘Bu siyasi sifarişdir’

Vəkil Fuad Ağayev məhkəmədən sonra jurnalistlərə açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və ona verilən ittihamları əsassız adlandırıb. Vəkil deyib ki, M. Əliyevlə bağlı noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib:

“Bunların fikri QHT-lərlə bağlı cinayət işinə gedir. 3 il əvvəli nəzərdə tuturam. Onda xeyli adamı həbs etdirdilər. ”Turan” İnformasiya Agentliyi isə QHT deyil. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu heç kimdən gizlətmir. Agentliyin qeydiyyatı var. Üstəlik, KİV lisenziyalaşan fəaliyyət sferasına daxil deyil. Bu o deməkdir ki, burada cinayət tərkibindən danışmaq mümkün deyil. Məhkəmədə bu tamamilə sübuta yetirildi. Digər tərəfdən, keçək vergi ilə bağlı ittihamlara. 2016-cı illə bağlı Vergilər Nazirliyinin qərarı var. İndi həmin dövrə əlavə vergi hesablanıb. Biz soruşduq ki, bu necə olur? Dedilər ki, səyyar vergi yoxlaması aparılıb. Səyyar vergi yoxlamasının yoxlama aktı varmı? Yoxdur. Yoxlama aktı olmadığı halda siz necə belə ittiham irəli sürürsünüz?”

Vəkilin deməsinə görə, belə olan halda istintaq orqanının borcu idi ki, onların vəsatəti əsasında iş üzrə icraatı ən azı dayandırsınlar:

“Digər tərəfdən M. Əliyevə 308.1 maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) də ittiham verilib. Bu da qanunsuzdur. Yəni bu gün ki, məhkəmədə isbat olundu ki, M.Əliyevə verilən ittihamlar əsasızdır. Onun həbsindən ötrü heç bir qanuni əsas olmayıb”.

Fuad Ağayev deyib ki, bu qərardan apellyasiya şikayəti veriləcək:

“Mehman Əliyev də ittihamları qətiyyətlə rədd etdi. Mən də hesab edirəm ki, bu siyasi sifarişdir. Çünki hələ, hakim qərar vermədən artıq, bəzi KİV-lər bu qərarı yaymışdı. Mehman Əliyevin sifarişçiləri mən hesab etmirəm ki, Vergilər Nazirliyindədir...”

Mehman Əliyevin oktyabrda 60 yaşı tamam olur. Müdafiə tərəfi hesab edir ki, bu həbsi ona yubiley "hədiyyəsi" də saymaq olar.

ABŞ Helsinki Komissiyasının həmsədri də Mehman Əliyevin həbsini pislədi

ABŞ-ın Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin (Ben Cardin) də Mehman Əliyevin saxlanması ilə bağlı narahatlığını bildirib. O, bu barədə özünün twitter hesabında yazıb:

"Mən həddindən artıq narahatam. Azərbaycanlılar azad və müstəqil mətbuata layiqdirlər".

Fransa Mehman Əliyevin həbsini pisləyib

“Fransa avqustun 24-də Bakıda Mehman Əliyevin saxlanmasından narahatdır”.

Fransa Xarici İşlər Nazirliyinin “Turan” Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı bu gün, avqustun 25-i yaydığı bəyanatda belə deyilir.

“Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşmağa çağırır. Hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına səsləyir”, – nazirliyin bəyanatında vurğulanır.

Buna da bax:​ Mehman Əliyev: "Jurnalist hökumətdən nəsə alırsa..."

Mehman Əliyev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçildi

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Qərarı Yasamal Rayon Məhkəməsi istintaq qurumunun təqdimatı əsasında çıxarıb.

Bu haqda Vergilər Nazirliyinin yaydığı press-relizdə bildirilir.

Məlumatda bildirir ki, “Turan” İnformasiya Agentliyində (İA) Vergilər Nazirliyi səyyar vergi yoxlaması aparıb:

“Yoxlamada xeyli miqdar vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanılıb”, - məlumatda qeyd edilir.

Nazirlik iddia edir ki, istintaq zamanı “Turan” İA-nın direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunu öz üzərinə götürüb. Sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirib.

Buna da bax: Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'

“Bununla da o, “Qrant haqqında” qanunun tələblərini pozub. 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub”, – nazirliyin məlumatında vurğulanır.

Nazirlik onu da iddia edir ki, M.Əliyevin 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

AŞ məruzəçisi Mehman Əliyevi azadlığa buraxmağa çağırıb

Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi hökuməti Mehman Əliyevin azadlığa buraxılmasını təmin etməyə səsləyib.

Məruzəçilərdən Ştefan Şennak “Turan” İnformasiya Agentliyinin direktoru M. Əliyevin saxlanmasını pisləyib.

“Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən “Turan” Agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram”, - o, “Tvitter” mikrobloqunda yazıb.

Buna da bax:​ N.Ognianova: 'Azərbaycanın müstəqil mediası üçün bu yay çox çətin oldu'

M.Əliyevə əlavə ittiham irəli sürülüb

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Yasamal Rayon Məhkəməsinə aparılıb.

Yasamal Rayon Məhkəməsi
Yasamal Rayon Məhkəməsi

Bunu jurnalistlərə açıqlamasında vəkil Fuad Ağayev bildirib.

Onun deməsinə görə, M.Əliyevlə bağlı həbs-qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilib.

Üstəlik, vəkilin bildirməsinə görə, M.Əliyevə əlavə ittiham irəli sürülüb:

«Mehman Əliyevə təqsirləndirilən şəxs kimi ittiham elan edildi. Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə...».

Mehman Əliyev Yasamal Rayon Məhkəməsinə aparılıb
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Buna da bax:​ 'Turan' agentliyinin şikayəti təmin edilməyib

Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə üz tutdu

Avqustun 25-də Azərbaycan Mətbuat Şurası (MŞ) «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə «Turan» İnformasiya Agentliyinin rolu xatırladılır:

«Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda «Turan»ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi».

Müraciətdə qeyd edilir ki, M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onu hazırda hüquq-mühafizə orqanları saxlayıb, araşdırmalar gedir:

«Sizə müraciət ünvanlamaqla hər zamankı humanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi «Turan» İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik».

Yasamal Rayon Məhkəməsinin qarşısı bu gün qələbəlikdir...
Yasamal Rayon Məhkəməsinin qarşısı bu gün qələbəlikdir...

Buna da bax: Əflatun Amaşov: ''Turan' media məkanımızda yox kimidir'

Müraciətdə prezidentdən xahiş edilir ki, M.Əliyevlə bağlı məsələnin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyini əsirgəməsin.

'Turan' fəaliyyətini dayandırır

«Turan» İnformasiya Agentliyinin bank hesabı dondurulub.

Bu barədə agentliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda bu, agentliyin direktoru Mehman Əliyevin saxlanması və vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə izah edilir.

«Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq, «Turan»ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq», - bəyanatda bildirilir.

Bəyanat müəllifləri həmin vaxta kimi öz şəxsi vəsaitləri və fəaliyyətləri hesabına saytın işini davam etdirəcəklərini bildirirlər.

Buna da bax:​ Prokurorluqdan sonra jurnalist DTX-ya çağırıldı [yenilənib]

Onlar vurğulayırlar ki, xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq və bunun nə qədər davam edəcəyi bəlli deyil.

«Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik», - bəyanatda qeyd olunur.

24 avqust, 2017-ci il

Gecəni polisdə keçirəcək

Az əvvəl aldığımız məlumata görə Mehman Əliyev Yasamal rayon polis idarəsinə gətirilib.

Buna da bax: 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

Gecəni idarənin müvəqqəti saxlanma təcridxanasında qalacağı bildirilib.

Məhkəmə barədə heç bir məlumat verilməyib.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Mehman Əliyev üçün yemək gətirib. Yeməyi qəbul etsələr də, Mehman Əliyevlə görüşməsinə icazə verməyiblər.

Rövşən Hacıbəyli danışır
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

***

Fuad Ağayev: “Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”

“Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”.

Bunu AzadlıqRadiosu-na vəkil Fuad Ağayev bildirib. O qeyd edib ki, bu gün, avqustun 24-ü saat 15:00-da Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdikləri şikayətə baxılıb.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra vəkilin deməsinə görə, müstəntiq və prokuror M. Əliyevə "40 dəqiqəlik dindirmə" məqsədi ilə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.

Buna da bax: Yoxlama [karikatura]

Vəkil Ağayev M. Əliyevə əvvəlcədən məlumatlandırılmadığına və bildiriş almadığına görə istintaq departamentinə getməkdən imtina edə biləcəyini bildirib. Amma Əliyev çəkinəcək heç nəyi olmadığına görə gedəcəyini deyib. Vəkil onunla birlikdə gedib.​

Fuad Ağayev: “Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Vəkilin bildirməsinə görə, Vergi Cinayətləri Departamentində onu və M.Əliyevi bir otaqda saxlayıblar.

​Saat 17:50 radələrində isə müstəntiq Vüsal İbadov ondan order istəyib. Vəkil Ağayev deməsinə görə, Əliyev şahid qismində dindirildiyindən orderə ehtiyac olmadığını bildirib.

“Müstəntiq bildirdi ki, Əliyevin statusu dəyişib. Mən artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyimi bildirdim”.

Bundan sonra vəkili deməsinə görə, onu departamentin binasından çıxarıblar.

Buna da bax: Ziyalını belə sındırırlar

Vəkil onu da qeyd edib ki, müstəntiq Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq, agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.

“Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir. İstintaqın hərəkətləri qanunsuzdur. Vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər”, - deyə vəkil bildirib.

F.Ağayev deyib ki, M.Əliyev ən tez sabah, avqustun 25-də, o, order təqdim etdikdən sonra məhkəməyə çıxarılacaq.

Vəkilin bu açıqlamasına, hələlik, Vergilər Nazirliyindən və digər rəsmilərdən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Jurnalistlərə yazılara görə, xəbərdarlıq edilib [yenilənib]

* * *

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

Bu haqda onun özü bildirib.

M. Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal Rayon Polis İdarəsinə aparıldığını və orada olduğunu bildirib.

Ona verdiyi məlumata görə, dövlət vəkili təklif ediblər. Amma M.Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

Buna da bax: 'Azərbaycanda media məkanı tamamilə hökumətin əlində olacaq'

M. Əliyev 48 saat ərzində qətimkan tədbiri seçilməsindən ötrü məhkəmə qarşısına çıxarılacağını bildirib.

Vəkil Fuad Ağayev isə deyib ki, Mehman Əliyev indiyə qədər istintaqa şahid qismində cəlb olunub. Vəkil onu şahidin nümayəndəsi kimi etibarnamə ilə müşayiət edib.

“Ancaq bu gün (avqustun 24-i) Vergilər Nazirliyinin departamentdə məndən order tələb etdilər. Saat 18-i keçdiyi üçün order götürə bilmədim”.

Vəkil Mehman Əliyevin prosessual statusunun dəyişdiyini, şübhəli şəxs kimi saxlanıldığını bildirib.

Buna da bax: Jurnalistlərə hə, başqa peşə sahiblərinə yox? [video]

“48 saat ərzində "Turan" İnformasiya Agentliyinin direktoruna ittiham irəli sürüləcək. Məhkəməyə çıxarılacaq”, – deyən vəkil avqustun 25-də M.Əliyevlə görüşəcəyini bildirib.

Ancaq Yasamal Rayon Polis İdarəsindən Mehman Əliyevin orada saxlanması haqda deyilənləri təsdiq etməyiblər.

* * *

Bu gün, avqustun 24-də günorta saatlarında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.

Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yer alıb. Bir sıra hökumətyönlü KİV-lər onun həbs edildiyi haqqında məlumatlar yayıblar.

Buna da bax:​ 'Turan' agentliyinin şikayəti təmin edilməyib

Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də, Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib.

"Onlar oturub nə isə gözləyirlər", – deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.

Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını" bildiriblər.

Dünən, avqustun 23-ü Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat dindiriliblər.

Buna da bax:​ 'Turan'la bağlı prezidentə və 1-ci vitse-prezidentə müraciət edildi

XATIRLATMA

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Buna da bax: 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

Buna da bax: Əflatun Amaşov: ''Turan' media məkanımızda yox kimidir'

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Buna da bax:

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XS
SM
MD
LG