Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:27

Türkiyə və Ermənistanın uzun fasilədən sonra danışıqları bərpa edəcəyi deyilir  


Ermənistan və Türkiyə nümayəndələrinin 2022-ci il iyulun 1-də Vyanada keçirdikləri danışıqlar zamanı
Ermənistan və Türkiyə nümayəndələrinin 2022-ci il iyulun 1-də Vyanada keçirdikləri danışıqlar zamanı

İki il davam edən durğunluqdan sonra Türkiyə və Ermənistan diplomatları iyulun 30-da iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqları davam etdirəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Facebook səhifəsində yazıb ki, Ermənistan parlamenti spikerinin müavini Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç arasında danışıqlar “Ermənistan-Türkiyə sərhədində” keçiriləcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ankara hələlik bu xəbəri təsdiq etməyib.

Türkiyə hökumətləri Azərbaycan torpaqlarının uzun illər Ermənistan tərəfindən işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədi bağlı saxlayıblar.

Ermənistan sərhəd keçidini artıq tikib

Lakin 2020-ci il müharibəsində Azərbaycan ərazilərini azad etdikdən sonra Ankara və Yerevan arasında təmaslara başlanıb.

Kılıç və Rubinyan arasında üçüncü ölkələrdə keçirilmiş silsilə danışıqlardan sonra Ankara 2022-ci ilin iyulunda sərhədin diplomatik pasport sahibləri və üçüncü ölkələrin vətəndaşları üçün açılmasına razılıq verib.

Rubinyan iyunun 11-də gileylənmişdi ki, Yerevandan fərqli olaraq Ankara bu razılaşmanın icrası üçün heç bir addım atmayıb.

Bu ilin əvvəllərində Ermənistan tərəfi paytaxt Yerevanın 40 kilometrliyində olan Marqara kəndində sərhəd keçid məntəqəsinin inşasını başa çatdırıb.

Azatutyunun yazdığına görə Türkiyə rəhbərliyi hazırda münasibətlərin normallaşmasını Yerevanın sülh müqaviləsinə dair Bakının tələblərinin qəbul etməsinə bağlayır.

Türkiyə Azərbaycan və Naxçıvanı Ermənistan ərazisindən keçərək birləşdirəcək yolun verilməsini tələb edir.

Prinsipial maneə

Bakı bu tranzitin Ermənistanın sərhəd və gömrük nəzarətindən azad olmasını tələb edir. Azərbaycan tərəfi bildirir ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması Yerevanın bu şərti qəbul etməsindən asılı olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu ayın əvvəllərində jurnalistlərlə söhbətində bu ön şərt barədə bir daha söz açmışdı. O Azərbaycan tərəfi kimi bu tranziti “Zəngəzur dəhlizi” adlandırmışdı.

Ərdoğan bildirmişdi ki, Ankara bu istiqamətdə yubadılmadan addım atılmasını gözləyir.

Ermənistan hökuməti indiyədək dəfələrlə bəyan edib ki, Azərbaycan və Naxçıvan arasında yolun açılmasına hazırdır, lakin bu yol Ermənistanın yurisdiksiyası altında olmalıdır.

Bu isə o deməkdir ki, Azərbaycan və Naxçıvan arasında mövcud olacaq yolda sərhəd və gömrük xidmətlərini Ermənistan orqanları icra edəcəklər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə ATƏT-in Minski qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Farnsa qrupda həmsədrlər idi.

XS
SM
MD
LG