Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:51

Türkiyə öz qırıcısını ABŞ, yoxsa Rusiya texnologiyası ilə quracaq?


TF-X qırıcı təyyarəsinin maketi
TF-X qırıcı təyyarəsinin maketi

Türkiyə bildirir ki, özünün ilk TF-X qırıcısını anqardan 2023-cü ildə çıxaracaq, onun uçuşlarına isə 2025 və ya 2026-cı ildə başlanacaq

Türkiyə özünün istehsal edəcəyi TF-X qırıcı təyyarələri üçün Amerika istehsalı olan mühərrikləri seçib, amma Ankara təyyarə hissələrinin ölkə daxilində istehsalının təşkili üçün Rusiya ilə də işləməyi planlaşdırır.

ABŞ-ın Defense News müdafiə məsələləri saytı yazır ki, bunu Türkiyənin idxala cavabdeh ən yüksək vəzifəli rəsmisi deyib.

Türkiyə Müdafiə Sənayesinə başçılıq edən İsmayıl Demir deyib ki, TF-X proqramı əvvəlcə ABŞ-ın General Electric şirkətinin F110 tipli mühərriklərindən istifadə etmək niyyətindədir.

F110 forsajtipli turbopər mühərrikləri General Electric şirkətinin GE Aviation filialında hazırlanır.

General Electric-in F-118 qeyri-forsaj tipli mühərrikləri artıq lisenziya ilə Türkiyənin Eskişehir Tusas Engine Industries dövlət şirkətində istehsal olunur.

Defense News yazır ki, TF-X proqramının növbəti mərhələsi yerli istehsala keçilməsi üçün lazımi modifikasiya və hazırlıqların həyata keçirilməsindən ibarət olacaq.

İsmayıl Demir bunu da deyib ki, TF-X qırıcı təyyarəsi üçün hissələrin Türkiyədə istehsalının təşkili məqsədilə Rusiya ilə danışıqlar aparılacaq.

Demir bildirib ki, F110 mühərrikinin istehsalı ilə bağlı hazırda heç bir problem yoxdur.

Konqresin yola gələcəyinə ümid azdır

Lakin Defense News saytının yazdığına görə ABŞ Konqresinin Türkiyəyə aviamühərrik satışına razılıq verəcəyi inandırıcı görünmür.

Ankaradan müdafiə məsələləri eksperti Özgür Eksi bu barədə deyib:

“Bu sirr deyildir ki, Konqresdə Türkiyə barədə əhval-ruhiyyə bədbindir, amma mən Ankarada ABŞ istehsalı mühərriklər barədə aşırı nikbinlik müşahidə edirəm”.

Tusas Engine Industries şirkəti Türkiyənin Aerospace Industries qrupunun filialıdır və TF-X qırıcılarının layihələndirilməsi və işlənməsi ilə məşğuldur.

Defense News yazır ki, Türkiyə Aerospace Industries şirkətində adının çəkilməsini istəməyən mənbə deyib:

“Rusiya qırıcıların istehsalı üçün aeroakustika, aerotermodinamika və infrastruktur texnologiyalarına malikdir. Rusiyanın özünün Su-57 qırıcısında işlətdiyi beşinci nəsil turbopər mühərriklərinin istehsalı imkanı var. Bu əməkdaşlıq habelə avionika, mühərrik ötürücü sistemi, radar, sensor, katapult oturacağı və data bağlantısı sistemləri sahələrini əhatə edəcək”.

Xəbərdə deyilir ki, Türkiyə Müdafiə Sənayesinin rəhbərliyi aviamühərrik istehsalı ilə bağlı təkliflər verməsi üçün Türkiyə şirkətlərinə müraciət edib.

Demir bildirib ki, bundan son məqsəd qırıcı təyyarə mühərrikləri istehsalının Türkiyənin özündə təşkildir.

F-35 proqramından xaric ediləndən sonra

ABŞ 2019-cu ilin iyulunda Türkiyəni özünün təkmil F-35 qırıcı-zərbə təyyarəsi proqramından xaric edib.

Buna səbəb Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması idi.

Defense News yazır ki, Türkiyə elə o vaxtdan özünün TF-X qırıcı proqramına təkan verib.

Hökumət bu proqramın 1-ci fazası üçün əlavə olaraq 1.3 milyard dollar ayrılmasını nəzərdə tutub.

Bu proqram üzərində 6 minədək mühəndis çalışır və Turkish Aerospace Industries şirkəti bildirir ki, tezliklə TF-X qırıcısı üçün ilk anqar tikiləcək.

Şirkətin rəhbəri bu ilin əvvəllərində demişdi ki, Türkiyə habelə TF-X qırıcısının sınağı üçün Avropada ikinci olacaq hava axını tunelinin tikintisinə başlayacaq.

Xəbərdə deyilir ki, Türkiyə özünün ilk TF-X qırıcısını anqardan 2023-cü ildə çıxaracaq, onun uçuşlarına isə 2025 və ya 2026-cı ildə başlanacaq.

XS
SM
MD
LG