Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:50

Türkmənistanda yeniyetmələr bakirəlik testindən keçirilir


Türkmənistanda məktəbli qızlar
Türkmənistanda məktəbli qızlar

Türkmənistanın qərbi Balkan vilayətində məktəbli qızlar məcburi bakirəlik testindən keçirilir. Rəsmilər bunu yeniyetmələrin əxlaqının yoxlanması məqsədilə aparıldığını deyirlər.

Ancaq ginekoloqların apardığı bu testlərə görə yeniyetmələrin, yaxud valideynlərinin razılığı alınmayıb. Bunu bəzi valideynlər və şagirdlər AzadlıqRadiosuna deyiblər.

Testdən "keçməyən" şagirdlər barədə polisə və təhlükəsizlik xidmətlərinə məlumat verilir. Bunu kampaniyadan agah təhlükəsizlik işçisi söyləyib.

"Balkanabad və Türkmənbaşı şəhərlərində 9-11-ci siniflərdə oxuyan qızların hamısını məcburi ginekoloji müayinədən keçirirlər. Test zamanı cinsi əlaqədə olduğu müəyyənləşdirilən qızların siyahısı yerli polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinə göndərilir", -- anonimlik şərti ilə danışan şəxs AzadlıqRadiosuna deyib.

Yeniyetmə hamiləlik artır?

Bəzi təhsil işçilərinin iddiasına görə, polis siyahıdakı qızların mobil telefonlarından onların şübhəli seks partnyorları barədə informasiya almağa çalışır.

"Hüquq-mühafizə əməkdaşları bunu belə izah edirlər ki, azyaşlılarla intim münasibətdə olanları tapıb məsuliyyətə cəlb etmək istəyirlər. Hazırda vilayətdə irimiqyaslı yoxlamalar aparılır", - vilayət paytaxtı Balkanabadda bir işçi deyib.

AzadlıqRadiosu Balkan vilayətində hökumət rəsmiləri ilə əlaqə saxlasa da, cavab ala bilməyib.

İranda qızlar nigahdan əvvəl "bakirəlik testindən" keçməli olurlar
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Hökumət ginekoloji testlərin səbəbini açıq izah etməyib. Ancaq Balkanabaddakı işçi testlərin son aylar vilayətdə yeniyetmələr arasında hamiləliyin artması xəbərləri ilə bağlı ola biləcəyindən şübhələnir. Onun sözlərinə görə, təkcə Balkanabadda altı belə hal qeydə alınıb: "İnformasiya Təhsil Nazirliyinə çatıb, o da regional təhsil şöbəsinin başçısına ağır töhmət verib. Bundan dərhal sonra, yerli hakimiyyət böyük şəhərlərdə "əxlaqi təmizlik" yoxlamalarına başlayıb".

İlk dəfə deyil

Türkmənistanda bakirəlik testi ilk dəfə deyil aparılır. Axı, ölkənin avtoritar hökuməti insanların həyatına geniş nəzarət edir.

2018-ci ildə polis və təhlükəsizlik əməkdaşları ginekoloqların müşayiəti ilə şimali Daşoğuz vilayətində məktəblərdə qəfil reydlər keçiriblər. Onlar məktəbli oğlanların mobil telefonlarında pornoqrafik videolar olub-olmadığını yoxlayıblar, məktəbli qızlar isə tibb otağında bakirəlik testindən keçiriliblər, - şahidlər belə deyiblər.

"Bəzi qızların bakirə olmadığı üzə çıxınca onların valideynləri məktəbə çağırılıb və hər kəsin qarşısında biabır edilib", - bir mənbə onda AzadlıqRadiosuna demişdi.

Daşoğuz polis şöbəsindəki mənbənin dediyinə görə, 2018-ci ilin testləri regional hökumətin yeniyetmələr arasında fahişəliklə mübarizə cəhdlərinin tərkib hissəsi olub. Ancaq AzadlıqRadiosu bu iddiaları müstəqil təsdiqlədə bilməyib.

Dünyada bir çox qadın hüquqları fəalları bakirəlik testini absurd və aşağılayıcı davranış adlandırıb. Bəzi tibb ekspertlərinin fikrincə, belə testlərlə bakirəliyi müəyyənləşdirmək mümkün deyil, çünki qızlıq pərdəsi təkcə cinsi əlaqə ilə deyil, müxtəlif yollarla da zədələnə bilər. Bəzi qadınlar hətta onsuz doğulurlar.

Yazını AzadlıqRadiosunun türkmən xidmətinin materialları əsasında Fərəngiz Nacibulla hazırlayıb.

XS
SM
MD
LG