Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:13

Türkmənistan əhalisinin sayı 7 milyonu necə keçdi


Aşqabad, iyun, 2023-cü il
Aşqabad, iyun, 2023-cü il

Türkmənistan hökumətinin keçirdiyi siyahlyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı 7 milyon nəfəri keçib. Ancaq vətəndaşların çoxu bu rəsmi məlumatı qəbul etmir, hökuməti isə əhalinin son illərdə müşahidə olunan misli görünməmiş azalmasını ört-basdır etməkdə günahlandırır.

Ölkədə çox yayğın olan yoxsulluq, işsizlik, korrupsiya və siyasi repressiyalar səbəbindən milyonlarla insanın ölkəni tərk etməsi demoqrafik böhrana yol açıb.



Əslində, heç 3 milyon deyil...

2022-ci ilin dekabrında keçirilən ümumi siyahıyaalmanın nəticələrinə görə, Türkmənistanın əhalisi 7 milyon 57 min 841 nəfərdir. Bu, 2006-cı ildəki siyahıyaalmada qeydə alınan 6,7 milyon nəfərlə müqayisədə artım deməkdir.

Ancaq 2021-ci ildə Türkmənistan hökumətinə yaxın mənbələr anonimlik şərtilə AzadlıqRadiosuna bildirmişdilər ki, həmin il, yəni 2022-ci il siyahıyaalmasından əvvəl ilkin sorğu keçirilib və ölkə əhalisinin əslində 2,8 milyon nəfərdən az olduğu üzə çıxıb.

Türkmənistan rəsmiləri AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyiblər.

Öz təhlükəsizliklərinə görə narahat olduqları üçün adlarının çəkilməsini istəməyən məlumatlı mənbələr AzadlıqRadiosuna nəticələrin qəsdən şişirdildiyini deyiblər.

"Reallıq budur ki, hətta hələ də köhnə ünvanlarında qeydiyyatda olan, əslində isə ölkəni illər əvvəl tərk etmiş … vətəndaşları da saysaq, Türkmənistanın əhalisi heç 4 milyona da çatmır", – onlardan biri deyir. Həmin şəxs ölkə prezidenti Sərdar Berdiməhəmmədovun vəziyyətdən xəbərdar olduğunu bildirir.

Xaricdə olanları da sayıblar

Siyahıyaalma ölkədə yaşamaqda olan, yaxud onu müvəqqəti tərk etmiş vətəndaşları saymaq üçündür. Ölkəni birdəfəlik tərk edənlər və ya başqa ölkənin vətəndaşlığını alan şəxslər sayılmamalıdır.

Ancaq xaricdə yaşayan bir neçə türkmən AzadlıqRadiosuna bildirib ki, siyahıyaalma əməkdaşları onları da Türkmənistan sakini kimi qeydə alıblar. Onlara bu haqda qohumları məlumat verib.

Türkmənistan hökuməti ölkənin kəskin əhali azalması ilə üzləşdiyini heç vaxt açıq etiraf etməyib.

"Ancaq son illərdə əhalinin azaldığını nümayiş etdirən çox sayda rəsmi göstərici var. Məsələn, bu yaxınlara aid rəsmi rəqəmlərə görə, hər il Türkmənistanda məktəbləri 80 min şagird bitirir. Müqayisə üçün deyək ki, 2009-cu ildə məzunların sayı 115 minə qədər olurdu. Bundan başqa, hökumət yeniyetmə oğlanların məktəb imtahanlarını bitirməsini gözləmədən onları orduya yazır. Bu isə ordu sıralarını doldurmaq üçün insan sayının çatışmadığını göstərən daha bir nümunədir”, – xaricdə yaşayan türkmənistanlı siyasi təhlilçi Sərdar Aytakov söyləyir.

Öncəki siyahıyaalmalar

İnkişaf etmiş ölkələrdə ciddi problem sayılan əhali azalması əsasən doğuş faizlərinin aşağı olması ilə əlaqələndirilir. Türkmənistanda isə əhalinin azalması son onillikdə insanların ölkədən kütləvi getməsi ilə bağlıdır.

Hökumət 2012-ci ildə də siyahıyaalma keçirib. Ancaq həmin siyahıyaalmanın nəticələri heç vaxt açıqlanmayıb. O zaman hökumətə yaxın mənbələr rəsmilərin ölkədə əhali sayının azalmasını etiraf etmək istəmədiyini bildirmişdilər.

Hökumət daha sonra 2019 və 2021-ci illərdə də siyahıyaalma aparıb. Vəziyyət haqda bilgili bir neçə vəzifəli şəxsin AzadlıqRadiosuna bildirdiyinə görə, hər iki halda nəticələr əhalinin azaldığını göstərib.

Ölkədən gedənlər və... buraxılmayanlar

Anonimlik şərtilə danışan mənbələr deyirlər ki, 2019-cu ildə aparılan, 2008-2018-ci illər arasındakı dövrü əhatə etdiyi bildirilən sorğu 2 milyona yaxın insanın ölkəni tərk etdiyini üzə çıxarıb.

2022-ci il siyahıyaalması ərəfəsində hökumət insanların ölkədən çıxmasının qarşısını alırdı. Xaricə uçan reyslərdən tələbələrin kütləvi çıxarılması haqda xəbərlər gəlirdi.

2022-ci ildə xaricdən ailələrini görməyə, yaxud pasportlarını yeniləməyə gələn yüzlərlə türkmən işçi xarici ölkədə yaşayış icazələrinin olmasına rəğmən geri qayıda bilməmişdi.

Türkmənistanlılar bu hərəkəti hökumətin çarəsizlikdən siyahıyaalma zamanı əhalinin sayını süni şişirtmək cəhdi kimi dəyərləndirmişdilər.

XS
SM
MD
LG