Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:05

Kiyev müharibə itkisini açıqlayır: 9 minədək əsgər həlak olub


Donetsk vilayəti
Donetsk vilayəti

“The Financial Times” avqustun 21-də Moskvanın BMT-dəki səfiri Gennadi Qatilova istinadla yazıb ki, Ərdoğan tərəflər arasında dialoqda vasitəçilik etməyə çalışır

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni deyir ki, Rusiyanın altıncı ayı bitmək üzrə olan işğalı nəticəsində 9 minədək ukraynalı əsgər həlak olub.

Fevralın 22-də forumda danışan Zalujni qeyd edib ki, müharibədə təkcə ordu deyil, bütöv ölkə iştirak edir, çünki uşaqlar və qadınlar atalarını, ərlərini “cəbhəyə yola salıblar və döyüşlərdə 9 minəcən qəhrəman həlak olub”.

Fevralın 24-də başlayan işğalda hər iki tərəf itki sayının açıqlanmasında həddən artıq ehtiyatlı davranıb.

Sonuncu dəfə apreldə Ukrayna rəsmiləri itki sayı açıqlayıblar. Onda Prezident Volodimir Zelenski 3 minəcək əsgərin öldürüldüyünü, 10 min nəfərin yaralandığını bildirib.

Moskva isə hərbi ikiləri dövlət sirri kateqoriyasına salaraq nadir hallarda rəsmi itki sayını yeniləyir. Sonuncu dəfə martın 25-də müharibədə 1351 rusiyalı əsgərin öldürüldüyü açıqlanıb.

Ukrayna rəsmiləri isə Rusiyanın 45 minəcək itki verdiyini deyirlər.

***

Rusiya qüvvələri Ukraynanın şərqində və cənubunda hədəfləri atəşə tutur. Prezident Volodimir Zelenski isə Kiyevin müstəqilliyinin 31-ci ildönümü ərəfəsində Moskvanın daha ciddi hücumlarla hazırlaşması xəbərdarlığını bir daha dilə gətirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 22-də gündəlik bülletenində qeyd edir ki, Rusiya artilleriyası və yaylım atəşi sistemləri şərqi Baxmut vilayətində dağıntılar törədiblər.

Rusiya qüvvələri şərqi Luqansk və Donetsk vilayətlərinə tam nəzarət etməyə fokuslanıblar, Xerson şəhərini, Xarkov, Zaporojye və Nikolayev vilayətlərinin tutduqları ərazilərini əldə saxlamağa çalışırlar, məlumatda vurğulanır.

AES yaxınlığında atışma

Zaporojye AES-in əks tərəfində, Dnepr çayı sahilində yerləşən Nikopol şəhəri beş müxtəlif istiqamətdən atəşəm tutulub. Məlumatı vilayət qubernatoru Valentin Rezniçenko avqustun 21-də Telegram-da yayıb.

Onun sözlərinə görə, şəhərə 25 artilleriya mərmisi düşüb, sənaye obyektlərində yanğın başlayıb, 3 min sakinin işığı kəsilib.

Zaporojye yaxınlığında döyüşlər və Voznesensk şəhərində, Ukraynanın ikinci atom enerji stansiyası yaxınlığına raket zərbəsi nüvə qəzasıyla bağlı narahatlığı artırıb.

Avqustun 21-də ABŞ Prezidenti Co Bayden, Britaniyanın Baş naziri Boris Conson, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron telefon söhbəti ediblər. Liderlər nüvə obyektlərinin təhlükəsizliyinin vacibliyini, eyni zamanda Ukrayna qarşısında özlərinin “qəti öhdəlikləri”ni vurğulayıblar.

Zelenskinin xəbərdarlığı

Zelenski isə ayıq-sayıqlığa çağırıb. O deyib ki, 24 avqust – Ukraynanın Müstəqillik Günü ərəfəsində Moskva “xüsusilə təhlükəli nəyəsə” əl ata bilər. Həmin gün Rusiyanın Ukraynaya səbəbsiz hücumunun altı ayı tamam olur.

Onun sözlərinə görə, Makronla “bütün təhdidlər”i müzakirə edib, digər liderlərə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, BMT-nin Baş katibi Antonio Quterreşə mesaj göndərilib.

“Ukraynanın tərəfdaşlarının hamısına bu terrorçu dövlətin bu həftəyə mümkün planı haqda xəbər verilib”, – Zelenski gecə videomüraciətində söyləyib.

“The Financial Times” avqustun 21-də Moskvanın BMT-dəki səfiri Gennadi Qatilova istinadla yazıb ki, Ərdoğan tərəflər arasında dialoqda vasitəçilik etməyə çalışır. Ancaq o, Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar haqda spekulyasiyanı rədd edib, “belə bir görüş üçün praktik platforma olmadığını” vurğulayıb.

XS
SM
MD
LG