Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:19

Buğda qatarları Ukrayna fermerlərinin dadına çatır


Ukrayna buğdası Sevastopolda (Krım) gəmilərə yüklənir
Ukrayna buğdası Sevastopolda (Krım) gəmilərə yüklənir

20 milyon tondan çox buğda dünyaya daşınmalıdır

Rusiya fevralda Ukraynanı işğal etməyə başlayandan sonra ukraynalıların yığdığı məhsul anbarlarda, gəmilərdə qalıb, xarab ola bilər. Bu isə qlobal aclığın daha da dərinləşəcəyi riski yaradıb.

Müharibədən öncə Ukrayna aya 5 milyon tondan çox buğda, əsasən də Qara dəniz limanları ilə ixrac edirdi. İndi isə Rusiya həmin limanları bağlayıb.

AzadlıqRadiosunun müxbiri Toni Vesolovski Ukraynanın qonşularının, Avropa İttifaqının (Aİ) buğdanı bazara çatdırmağın başqa yollarını axtardığını yazır. Logistik problemlərə baxmayaraq, dəmiryolu məqsədəuyğun variant kimi görünür.

20 milyon tondan çox buğda daşınmalıdır

Ukrayna qlobal bazarda alınıb satılan günəbaxan yağının 42, qarğıdalının 16, buğdanın 9 faizini verir. Özəlliklə Yaxın Şərqdə və Afrikada xeyli ölkə bu məhsullardan asılıdır.

Rusiya Qərb sanksiyaları ləğv edərsə, blokadanı qaldıracağını bildirib. Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba isə bu cəhdi “şantaj” adlandırıb.

Ukrayna həm də Rusiyanı onun buğdasını oğurlayaraq digər ölkələrə satmaqda suçlayıb.

Mayın əvvəlində 760 min ton buğda qatarla daşınıb. Ekspertlər bunu problemin müvəqqəti həll yolu kimi görürlər.

“Məncə, bu rəqəmlər yaxşıdır. Amma perspektivdə 20 milyon tondan çox buğda dünyaya daşınmalıdır”, – Rasmussen Global təhlil mərkəzindən Harri Nedelku deyib. Bu fondu NATO-nun keçmiş baş katibi Foq Rasmussen təsis edib.

“Ukrayna öz ərazisinin 80 faizini idarə edir. Deməli, həmin 80 faizdə kənd təsərrüfatı torpağı işlənib və orada buğda var. Ukraynanın ixracının 90 faizi Odessa ilə həyata keçirilirdi. İndi bu limanlar qapalıdır. Bunu qatarla əvəzləmək çox çətindir”, – Nedelku radioya söyləyib.

Kabus gəmilər

“Ukrayna limanlarında 80-dək gəmi ilişib qalıb. Onlardan bəziləri boşdur, bəzilərində yük var. Heyətləri dünyaya səpələnib. Bu kabus gəmilər Ukraynadan çıxa bilmirlər”, – Odessa yaxınlığında TIS buğda terminalının həmtəsisçisi Andrey Stavnitser mayın ortasında AzadlıqRadiosu-nun “Current Time” layihəsinə deyirdi.

Stavnitserin hesablamasına görə, Ukrayna buğdanın bazara çıxmamasından dolayı 15 milyard dollaradək vəsait itirir. “Bu, Ukrayna iqtisadiyyatı və ukraynalı fermerlərə nəhəng zərbədir”, – o söyləyib.
Avropa Komissiyası Ukraynanın buğda ixrac edə bilməsi üçün “həmrəylik dəhlizləri” qurduğunu açıqlayıb, infrastruktura milyardlarla avro investisiya vəd edib.

Daşımalar artır

Hazırda Ukraynadan kənd təsərrüfatı məhsulları quru yolu və Dunay çayı üzərindən barjalarla çıxarılır, dəmiryoluna daha çox üstünlük verilir. Ancaq Ukraynada sovet dövründən qalma qabaritlərdən istifadə olunduğundan, sərhəddə yük yeni vaqonlara yüklənir.

Ukraynanın İnfrastruktur naziri Oleksadnr Kubrakov deyir ki, ölkənin qərbində dəmiryolu infrastrukturun yenilənməsini Aİ prioritet hesab etməlidir.

Ancaq problemlərə, Rusiyanın hərbi zərbə təhdidinə baxmayaraq, getdikcə daha çox məhsul qatarla daşınır.

Mayın 1-dən 16-dəl dəmiryolu ilə 768 min tondan çox buğda nəql olunub. Apreldə bu rəqəm 642 min ton, martda 416 min tona yaxın idi.

“Yaşıl dəhlizlər”

Ukraynanın Avstriyadakı səfiri Vasil Ximinets yeni quru marşrutunu ölkənin tərəfdaşları ilə əməkdaşlığının vacib simvolu hesab edir. Onun sözlərinə görə, Ukrayna hər ay müxtəlif quru yolları ilə 600 min ton buğda ixrac edə bilər.

Digər ölkələr də özlərinin “yaşıl dəhlizlər”ini qururlar. Məsələn, Avstriya Dəmiryolları həftədə üç dəfə Ukrayna yükünü daşımağa başlayıb. Yük qatarlarla Slovakiya, Çex Respublikası və Polşa ərazisindən Almaniyanın şimalına aparılır. Bu qatarlar 2 min metrik tonadək yük daşıya bilir.

Çex Respublikası bu yaxınlarda 1800 ton Ukrayna qarğıdalısını Aİ-yə çatdırıb. Yük Almaniyanın Breyk limanından Misirə yola salınacaqdı.

XS
SM
MD
LG