Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:41

2051-ci ilədək Ukrayna əhalisi 25 milyona düşə bilər


2051-ci ilədək Ukraynanın əhalisi 25 milyon nəfərə düşə bilər. Bunu “Ukrainskaya Pravda” qəzeti Ukrayna Nazirlər Kabineti tərəfindən hazırlanmış demoqrafik inkişaf strategiyasına istinadla yazır.

Bu sənəddə deyilir ki, 2024-cü ilin iyul ayına olan məlumata görə ölkənin əhalisi 35 milyon 800 min nəfərdir. Bunlardan 31 milyon 100 min nəfəri Ukraynanın nəzarətində olan ərazilərdə yaşayır.

Sənəddə qeyd olunur ki, Rusiyanın tammiqyaslı təcavüzünə qədər Ukraynanın əhalisi ilhaq edilmiş Krım da daxil 42 milyon nəfər idi.

Strategiya sənədində deyilir ki, əhali azalmasının əsas səbəbi müharibə, təbii artımın aşağı göstəriciləri, o cümlədən Rusiya təcavüzü ilə birbaşa bağlı miqrasiyadır.

Gedənlər qayıtmaq istəmirlər

Sənəddə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün ailələrə, uşaqlara və valideyn himayəsindən məhrum olmuş yetim uşaqlara iqtisadi dəstək verilməsi, habelə ölkə infrastrukturunun və enerji sisteminin bərpası kimi tədbirlərin keçirilməsi təklif olunur.

Strategiyanın mühüm istiqamətlərindən biri də ölkədən mühacirət etmiş ukraynalıların qaytarılmasıdır.

Lakin rəy sorğuları bunun son dərəcə çətin ola biləcəyini göstərir. Gedənlərin əksəriyyəti qayıtmaq istəmədiklərini bildirirlər.

BMT 2024-cü ilin avqustunadək Ukraynada müharibə nəticəsində 11 min 743 mülkinin həlak olduğunu təsdiq edib. Lakin reallıqda ölənlərin sayının daha çox olduğu təxmin edilir.

Hərbçilərin arasında həlak olanların sayı haqqında da dəqiq məlumat yoxdur, amma müharibə tərəflərinin itkilərinin 100 minlərlə ölçüldüyü bildirilir.

Fəlakət yaradan Rusiyanın özündəki fəlakət

Ukraynada belə fəlakətli vəziyyəti yaratmış Rusiyanın özü də çox ciddi demoqrafik problemlərlə üzləşir. Rusiyada onsuz da bərbad vəziyyətdə olan demoqrafik situasiyanı qonşu ölkəyə qarşı səbəbsiz və əsassız müharibə daha da gərginləşdirib.

2023-cü ildə Rusiyada doğum əmsalı 1.4-ə enib. Bu son 17 ildə ən aşağı göstəricidir.

Eyni zamanda doğumların azalmaya doğru qlobal meyli də bir çox ölkələrdəki demoqrafik vəziyyətə təsir göstərir.

Son 70 ildə Yer planetində doğuşların sayı 50 faiz azalıb.

Proqnozlara görə 2100-cü ilədək ölkələrin əksəriyyəti əhali azalması ilə üzləşəcək. Bu o deməkdir ki ölümlərin sayı doğumların sayını üstələyəcək.

XS
SM
MD
LG