Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Ukraynanın əks-hücumu çoxlarının umduğu kimi elə də yaxşı getmir. Proqnoz da üz güldürmür


Ukrayna topçuları "Vampir" reaktiv yaylım atəş sistemindən Rusiya qoşunlarının mövqelərini atəşə tutur.
Ukrayna topçuları "Vampir" reaktiv yaylım atəş sistemindən Rusiya qoşunlarının mövqelərini atəşə tutur.

Darmadağın edilmiş sənaye şəhəri Avdeyevkada Ukrayna əsgərləri Rusiya qoşunlarının mühasirəsinə düşməməyə çalışırlar.

Bu şərq səmtindən 500 kilometr cənub-qərbdə isə ukraynalılar Dnepr çayını keçməkdədirlər.

Artıq iki həftəyə yaxındır ki, çayın şərq sahili boyunca uzanan bataqlıqlarda Ukraynanın dəniz piyadaları və digər birlikləri Rusiya desantının, döyüş təyyarələri və artilleriyasının hücumlarına dirəniş göstərir.

Bu əməliyyatın uğurlu olub-olmayacağı bilinmir. Çayın o tayına keçmək ən yaxşı təchizatlı ordular üçün də çətin və təhlükəli vəzifədir. Ekspertlər deyirlər ki, Ukrayna ordusu Rusiya qoşunları üçün ikinci cəbhə açmaq istəyirsə, daha çox sayda canlı qüvvə və zirehli texnikanı çayın o biri tayına keçirməli olacaq.

Ukraynanın iyunda başladığı əks-hücum Rusiya ordusunun güclü müdafiə istehkamlarına dirəndi və çox ləng getdi. Qarşıdansa yağışlı-şaxtalı qış gəlir.

"Rusiya [ordusunun müdafiə xətləri] dərin və hazırlıqlıdır, [özləri də] çox sayda əsgər tərəfindən qorunur. Ukrayna isə hazırda, əsasən, ötən il başlanan hücumdan sonra yetişdirilən və heç vaxt briqada səviyyəsində və daha yüksək səviyyələrdə yaxşı təlim görmək imkanı olmayan qoşunlarla döyüşür. Bu kombinasiya [isə] uğurlu, sürətli hücum üçün münasib deyil", - İraq müharibəsi zamanı ABŞ generalı Devid Petreusun müşaviri olmuş professor Stiven Bidl (Stephen Biddle) belə deyir.

Günə ortalama 90 metr

Ölkənin cənubundakı Zaporojye bölgəsi Ukraynanın əks-hücuma başladığı iyun ayından bəri fokuslandığı üç istiqamətdən biridir. Ukrayna qoşunları bu bölgədəki Orexov şəhərini azad etdikdən sonra elə çox irəli gedə bilməyib. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında deyilir ki, Ukrayna ordusu yay hücumunun pik vaxtında cənub cəbhəsində günə ortalama 90 metr irəliləyib.

Ancaq hesabatda o da deyilir ki, "Cənub cəbhəsində irəliləyişin yavaş getməsi hələ Ukraynanın uğursuzluğa düçar olması, yaxud qarşısına qoyduğu məqsədlərə çatmaması demək deyil".

Di gəl, bütün hallarda irəliləyişin yavaş getməsi Ukraynanın istər ordusu, istərsə siyasi rəhbərliyindən ötrü ciddi sınaqdır.

Ötən il Xerson bölgəsində Ukrayna qoşunları Rusiyanın hücumunun ilk həftələrindən bəri Dneprin qərb sahillərinə nəzarət edən briqadalarına ciddi təzyiq göstərə bilmişdi. Ötən ilin noyabrında Rusiya qoşunları çayın digər sahilinə çəkilməli olmuşdu. Onlar burada istehkamlar quraraq Xerson şəhəri üzərinə raket və mərmi yağdırmağa, mülki əhalini qorxu içində saxlamağa və Ukrayna ordusunun mövqelərini atəş altında saxlamağa başlamışdılar.

Qarşıdakı həftələr ərzində Ukrayna çayın o biri sahilinə və deltasına kiçik birliklər göndərmiş, Dneprin mənsəbindəki Qılburun dilinə kiçikmiqyaslı hücumlar təşkil etmiş, amma Rusiya qoşunlarını bu ərazidən çıxarmağı bacara bilməmişdi.

Ukraynadakı "Kaxovka" su bəndi dağıdılıb, ətrafdakı yaşayış məntəqələrini su basır
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Ukraynanın irəliləməsi, Rusiyanın müdafiə olunması çətinləşib

Rusiyanın işğalı altında olan Dnepr çayı üzərindəki iri Nova Kaxovka bəndi iyun ayında dağıdılandan sonra minlərlə hektar ərazi suyun altında qalmış, həm Ukraynanın irəliləməsi, həm də Rusiya qoşunlarının müdafiəsi çətinləşmişdi.

Oktyabrın 18-də rus hərbi bloqerləri Ukraynanın 35-ci və 36-cı dəniz piyadaları briqadalarına aid qoşunların Xersondakı indi artıq dağıdılmış Antonov körpüsündən təxminən 8 kilometr yuxarıda Dnepr çayını keçdiyini bildirmişdi. Bir xəbərdə onların çay sahilindən iki kilometr cənub-şərqdə yerləşən Peşçanovka kəndinə çatdığı deyilirdi.

Rusiya Müdafiə Nazirliyi də sonradan çayın keçilməsi haqda xəbəri təsdiqləmişdi.

Oktyabrın 30-da isə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş əməkdaşı ilə bağlılığı olan "Rıbar" Telegram kanalı Ukrayna qoşunlarının Peşçanovkadan 20 kilometr yuxarıda yerləşən Krınki kəndinə daxil olduğunu xəbərləyib.

Kanalın xəbərində deyilir ki, Ukrayna ordusu "[ərazidə mövqelərini] möhkəmləndirə bilib: Kəndin mərkəzinə Ukrayna birliklərinin onlarla hərbçisi nəzarət edir. Düşmən artilleriyasının ağır atəşi və elektron silahlarla aparılan əməliyyatlar [Ukrayna ordusunun] mövqelərini təmizləməyi çətinləşdirir".

Ukrayna əsgəri BMP-1 zirehli döyüş maşını ilə Avdeyevkada hərəkət edir.
Ukrayna əsgəri BMP-1 zirehli döyüş maşını ilə Avdeyevkada hərəkət edir.

Bu xəbəri müstəqil qaydada təsdiqləmək mümkün olmasa da, Ukraynanın fövqəladə hallar qurumu Krınkinin gecə saatlarında hava bombardmanına məruz qaldığını bildirib.

"Çayı uğurla keçərək iki-üç istehkam qura bilmək onların ciddi nailiyyətidir. Bu onu göstərir ki, hazırda ruslar ölkənin şimal-şərq, şərq və cənubunda çox sayda ardıcıl əməliyyatlar aparmaqda çətinlik çəkirlər", -Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan (Mick Ryan) AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Rayan əlavə edib ki, Avdeyevkaya hücum Rusiyanın Ukrayna əks-hücumunun tükənməkdə olduğunu düşünməsi ilə bağlı ola bilər.

XS
SM
MD
LG