Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:46

Ukraynaya raket zərbələri nəticəsində azı 23 nəfər həlak olub


Uman şəhərində raketlə vurulmuş yaşayış binası
Uman şəhərində raketlə vurulmuş yaşayış binası

Aprelin 28-də Rusiyanın Kiyev və Ukraynanın başqa şəhərlərinə raket zərbələri nəticəsində uşaqlar da daxil azı 23 nəfər həlak olub.

Ukrayna prezidenti Volodimir Zelenski bu zərbələri “Rusiyanın terror gecəsi” adlandırıb.

Xəbər verilir ki, Ukraynanın Çerkası rayonundakı Uman şəhərində 9 mərtəbəli yaşayış binasına raket düşməsi nəticəsində azı 11 nəfər həlak olub.

Bu barədə məlumatı Ukraynanın daxili işlər naziri İhor Klimenko verib.

Klimenko deyib ki, hazırda binanın xarabalıqları altında qalanların axtarış-xilasetmə əməliyyatı davam edir və tələfat sayının artacağı gözlənilir.

Uman şəhərində xilasedicilər
Uman şəhərində xilasedicilər

Çerkası regional hərbi administrasiyasının rəhbəri Ihor Taburets deyib ki, ölənlərin arasında iki 10 yaşlı uşaq da var.

Uman şəhər bələdiyyəsi üçgünlük matəm elan edib və prokurorluq raket zərbəsi ilə bağlı cinayət işi açıb.

Prezident Zelenski Twitter-də yazıb:

"Rusiya terrorunun daha bir gecəsi. Raketlər və PUA-lar. Rusiya şəri yalnız silahlarla dayandırıla bilər. Bizim müdafiəçilərimiz bunu edirlər. Bir də bunu sanksiyalar dayandıra bilər. Qlobal sanksiyalar gücləndirilməlidir”.

Mərkəzi Ukraynada, Dnepr çayı sahilindəki Dniproda Rusiyanın hava zərbəsi nəticəsində bir qadın və körpə həlak olub.

Göydə vurulan raketlər

Dnipropetrovsk regionunun hərbi administrasiyası bildirir ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri 7 raketi vura bilib.

Hücum nəticəsində bir özəl şirkətin binasında yanğın başlayıb.

Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko deyib ki, Ukrayna HHM raketlərin əksəriyyətini vura bilib:

"İlkin məlumata görə Kiyev səmasında 11 qanadlı raket məhv edilib. Bundan başqa iki dron vurulub”.

Ukraynanın mərkəzindəki Kremençuk və Poltava, cənubdakı Nikolayev şəhərlərində də partlayış səsləri eşidilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı bildirir ki, hava zərbələri Xəzər dənizi regionundan, strateji Tu-195 bombardmançı təyyarəsindən endirilib.

Ukrayna komandanlığı 23 raketdən 21-nin havada məhv edildiyini xəbər verir.

Beynəlxalq dəstək

Hava zərbələrindən az sonra Çexiya və Slovakiya prezidentləri Petr PavelZuzana Çaputova Ukrayna paytaxtına gəliblər.

Pavel Kiyevdə Twitter hesabından yazıb:

"Zuzana Çaputova ilə birlikdə biz azadlıq və ədalətin dəyərini öz gözlərimizlə görürük. Ukraynalıların bunlar üçün necə bir bədəl ödədiklərini görmək ağırdır. Onlar bunu öz vətəndaşlarının canı və qanı ilə ödəyirlər. Onlar təcavüzkara qarşı döyüşərək ümumi dəyərlərimizi müdafiə edirlər. Buna görə də biz onları dəstəkləyəcəyik”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Uman şəhərinə raket zərbələrinin ardınca müttəfiqləri bir daha Kiyevə F-16 qırıcıları verməyə çağırıb:

"Heç bir günahı olmayan ukraynalıların, o cümlədən iki yaşlı uşağın ölümünə səbəb olan raket zərbələri. Rusiyanın bütün sülh təşəbbüslərinə cavabı budur. Sülhə yol Ukraynanın F-16-larla silahlandırılmasından və Ukrayna uşaqlarının Rusiya terrorundan qorunmasından keçir”.

Uman şəhərindəki yaşayış binası raket zərbəsindən sonra
Uman şəhərindəki yaşayış binası raket zərbəsindən sonra

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Rusiyanın raket zərbələrini pisləyib:

"Rusiya raketlərinin yaşayış binasını vurması nəticəsində yenə də faciəli şəkildə qurbanlar verilib. Rusiya indiyədək anlamayıb ki, onun qəddarlığı Ukraynanın qətiyyətini və bizim bu mübarizədə ona dəstək verməkdə sədaqətimizi gücləndirir”.

Aprelin 28-də Ukraynanın şərqindəki Baxmut-Adviyivka-Maryinka cəbhəsində də ağır döyüşlər davam edib.

Ukrayna silahlı qüvvələri son 24 saatda Rusiya ordusunun 65 hücumunu dəf edib.

XS
SM
MD
LG