Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

Ukraynaya 178-dək Leopard 1 tankları gətiriləcək


Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Oleksi Reznikovla Leopard 2 tankının modelini nümayiş etdirir
Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Oleksi Reznikovla Leopard 2 tankının modelini nümayiş etdirir

Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə qəfil səfəri zamanı Ukraynaya 100 ədəd Leopard 1 tanklarının veriləcəyini bəyan edib.

Nazir Leopard 2 tankının köhnə modeli olan bu tankların Almaniyadan və daha iki Avropa ölkəsindən - Niderland və Danimarkadan göndəriləcəyini bildirib.

Pistoriusun sözlərinə görə bu tankların 20 və 25-i yay aylarında, 80-ə qədəri isə ilin sonunadək göndəriləcək.

Ukrayna müdafiə naziri Oleksi Reznikovun ofisindən bildiriblər ki, Ukraynaya daha 100 tank gələn il göndəriləcək.

Almaniya, Niderland və Danimarka Müdafiə nazirliklərinin məlumatına görə Ukrayna hərbçilərinə Leopard 1 tanklarının idarə olunması üçün təlim keçiləcək.

Almaniya İqtisadiyyat və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir ki, Ukraynaya 178-dək Leopard 1A5 tankının verilməsi barədə qərar hökumət tərəfindən təsdiq olunub.

Rusiyanın miqyaslı hücumu gözlənilir

Ukrayna Rusiyanın gözlənilən miqyaslı hücumunun dəf edilməsi üçün özünün Qərb müttəfiqlərindən ağır silahlar verilməsini xahiş edib.

Ukrayna hərbiyyəsi fevralın 7-də Rusiya qüvvələrinin şərq cəbhəsindəki fəallığının artdığını bildirib.

Rusiya qüvvələri son 24 saat ərzində Ukraynaya 6 raket və 24 aviasiya zərbəsi endirib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə Xarkov, Donetsk, Dnepropetrovsk və Xersona 75 artilleriya mərmisi atılıb.

Bunun nəticəsində bir nəfərin həlak olduğu və daha beş mülkinin yaralandığı xəbər verilir.

Rusiyanın ağır itkiləri barədə iddialar

Baş Qərargahın məlumatında bu da deyilir ki, Rusiya qüvvələri son 24 saat ərzində ən ağır canlı qüvvə itkisinə məruz qalıb.

Ukrayna tərəfi təkcə fevralın 7-də 1030 Rusiya hərbçisinin öldürüldüyünü bildirib.

Müharibə şəraitində tərəflərin verdiyi məlumatları müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Bundan əvvəl Luhansk vilayətinin qubernatoru Serhiy Qayday demişdi ki, Rusiya mümkün genişmiqyaslı hücum ərəfəsində Ukraynanın şərqinə yeni qüvvələr cəmləşdirir:

"Biz daha çox qüvvə gətirildiyini, bizim istiqamətdə daha çox ehtiyat qüvvə toplandığını, daha çox texnika gətirildiyini müşahidə edirik. Onlar bundan əvvəlkindən fərqli istifadə olunan sursat gətirirlər. Daha əvvəlki kimi sutka boyunca atəşə tutmurlar. Hiss olunur ki, silah-sursata qənaət edir, tammiqyaslı hücuma hazırlaşırlar”.

Britaniya kəşfiyyatı Rusiya hücumunun uğursuz olduğunu bildirir

Britaniyanın hərbi kəşfiyyatı isə fevralın 7-də bildirib ki, Rusiya hərbiyyəsi belə görünür, yanvarın əvvəllərindən böyük hücuma keçməyə cəhd edib. Bundan məqsəd Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissələrinin zəbt edilməsi olub.

Lakin kəşfiyyat qeyd edir ki, Rusiya qüvvələri cüzi ərazi əldə edə bilib və bu, onlarda uğurlu hücum üçün sursatın və manevr qabiliyyətli qüvvələrin çatışmadığını göstərir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Ukrayna qüvvələri Baxmut şəhərini mühasirəyə almağa və cəbhə xəttini yarmağa çalışan Rusiya qoşunlarının hücumlarını dəf edir.

Son həftələrdə Ukraynanın şərqində Baxmut və onun yaxınlığındakı Soledar və Vuhledar şəhərləri ətrafında qızğın döyüşlərin getdiyi xəbər verilib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya qüvvələri Baxmut və Vuhledar ətrafında “uğurlu hücum əməliyyatını” davam etdirir.

O Donetsk vilayətində Soledar da daxil bir neçə yaşayış məntəqəsinin “azad” olunduğunu elan edib.

XS
SM
MD
LG