Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

Ukraynanın ‘ən böyük irəliləyişə’ nail olduğu deyilir


Ukrayna, 2 oktyabr, 2022-ci il
Ukrayna, 2 oktyabr, 2022-ci il

2014-cü ildə ilhaq edilmiş Krımla birlikdə Ukraynanın 20 faizə yaxın ərazisi hazırda Moskvanın işğalı altındadır

Ukrayna qüvvələri müharibə başlanandan bəri ölkənin cənubunda “ən böyük irəliləyişə” nail olub.

Onlar oktyabrın 2-də cəbhə xəttini yararaq Dnepr çayının sahili boyunca irəliləyiblər.

Reuters yazır ki, cəbhənin bu hissəsində minlərlə Rusiya əsgəri mühasirəyə düşə bilər.

Kiyev bu irəliləyiş barədə rəsmi məlumat verməyib, amma Rusiya mənbələri bildirirlər ki, Ukrayna tank hücumu ilə onlarca kilometr irəliləyə bilib, bir neçə kənd işğaldan azad olunub.

Ukrayna qoşunlarının Donbasdakı şərq cəbhəsində də irəlilədiyi xəbər verilir.

Beləliklə Vladimir Putinin nüvə silahı ilə zərbə endiriləcəyinə dair təhdidinə baxmayaraq Ukrayna qoşunları bütün cəbhələr boyunca irəliləyib.

Dudçanı kəndi

Xerson vilayətinin işğal altında olan ərazilərinə Moskvanın təyin etdiyi başçı Vladimir Saldo Rusiya televiziyasına bildirib:

"Vəziyyət belə demək mümkündürsə, gərgindir. Onlar əlbəttə irəliləyiblər. Dnepr çayı sahilində Dudçanı qəsəbəsi deyilən bir yer var. Burada onlar irəliləyiblər. Bu ərazidəki kəndlər Ukrayna tərəfindən zəbt edilib”.

Reuters yazır ki, Dudçanı bir gün əvvəl cəbhə xəttinin keçdiyi yerdən 40 kilometr cənubdadır. Bu o deməkdir ki, Ukrayna qoşunları müharibə başlanandan bəri ən sürətli irəliləyişə nail olub.

Bütün bu müddət ərzində rəsmi Kiyev sussa da, bəzi rəsmilər irəliləyişə dair təsdiq edilməmiş xəbərlərin olduğunu deyirlər.

Fotoların nişan verdiyi yerlər

Ukrayna Daxili İşlər Nazirliyinin müşavirlərindən Anton Geraşşenko Ukrayna əsgərlərinin dövlət bayrağına bürünmüş mələk heykəlinin qarşısında fotolarını post edib.

O bu şəklin Mihaylivka kəndində çəkildiyini yazır. Sözü gedən kənd də köhnə cəbhə xəttindən 20 kilometr cənubdadır.

Xerson regionl şurasının üzvü Serhiy Xlan Reuters agentliyinə deyib:

"Son bir neçə gündə biz Osokorivka yaxınlığında çəkilmiş ilk fotonu görmüşük... Biz qoşunlarımızın Mihaylivkanın girəcəyində çəkilmiş şəkllini görmüşük, biz onların Xreşşinovka yaxınlığındakı abidənin qarşısında çəkilmiş fotosunu görmüşük. Bu o deməkdir ki, Zolota Balka da silahlı qüvvələrimizin nəzarətindədir və bu o deməkdir ki, biz çox güclü şəkildə Dneprin sahili boyunca Berislava doğru irəliləyirik. Bu barədə rəsmi məlumat yoxdur, amma Rusiyanın media səhifələri tam bir panika içərisindədir....Bu fotolar xəbərləri təsdiqləyir”.

Ukrayna Donetskdə irəlilədiyini deyir

Ukrayna ordusu Donetsk vilayətində irəlilədiyini bildirir. Bir gün öncə bu vilayətdə strateji Liman şəhəri ələ keçirilib.

Silahlı qüvvələrin Şərq qrupunun sözçüsü Sergey Çerevati deyib ki, Ukrayna qüvvələri oktyabrın 2-də Liman yaxınlığındakı Torske yaşayış məntəqəsini azad edib, Luhanskdakı Kreminnada Rusiya hərbi birliklərini vurur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 3-də bildirib ki, Rusiya bir gün öncə əsasən Kramatorsk və Baxmut istiqamətlərində 320 əsgərini itirib. Ukrayna fevralın sonunda işğal başlayandan Rusiyanın 60 min 400-dən çox əsgər itirdiyini bildirir.

Müdafiə naziri Sergey Şoyqu isə Rusiyanın 6 minədək əsgərinin həlak olduğunu açıqlayıb.

Bu rəqəmlərdən heç birini müstəqil təsdiqləmək mümkün olmayıb.

Oktyabrın 3-də Ukrayna qüvvələrinin ölkənin cənubundakı Dnipro çayının qərb sahilində də şəhərlərə nəzarəti bərpa etməsi haqda xəbərlər gəlir.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Ukraynanın uğurlarından “xeyli ürəkləndiyini” bildirib.

+++

Ukrayna Prezidenti Volodimir Zelenski şərqi Liman şəhərinə tam nəzarət etdiklərini açıqlayıb. Rusiya qüvvələri Donbas regionundakı bu strateji şəhərdən bir gün öncə çıxıblar.

Zelenski oktyabrın 2-də Telegram kanalında qısa videoda deyib ki, günorta saat 12:30-dək Liman “tamamilə təmizlənib”. O, əsgərlərə təşəkkür edib.

Limanın yenidən ələ keçirilməsi son bir neçə həftədə Ukrayna qüvvələri üçün ciddi döyüş qələbəsi sayılır. Şimalda Xarkov vilayətində əkshücum nəticəsində də Rusiya qüvvələri geri oturdulub.

Laçından çıxmış erməni ailələr vətənlərində kirayə pulunu ciblərindən verirlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Rusiya nə qədər itki verib

Liman qovşaq şəhəri, dəmiryolu xətlərinin kəsişdiyi yerdir. Təhlilçilərin fikrincə, Ukrayna qüvvələri bu şəhərdən şərqə doğru irəliləmək üçün istifadə edə bilərlər.

Şəhər uğrunda günlərlə ağır döyüşlər gedib. Ukrayna əsgərləri 5 min Rusiya əsgərinin olduğu deyilən Limanı tədricən mühasirəyə alıblar.

Rusiyanın Müdafiə Nazirliyi “mühasirə təhdidi ilə əlaqədar” əsgərləri ərazidən çıxardığını açıqlayıb.

Təsdiqlənməmiş məlumatlara görə, Rusiya qüvvələri ağır itkilər verib, naməlum sayda əsgər əsir götürülüb.

Sentyabrın 30-da isə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd vilayətinin ilhaqını elan edib. Liman şəhərinin yerləşdiyi Donetsk vilayəti Putinin iddia etdiyi ərazilərdəndir.

Kadırovun təhdidi

Kiyev və Qərbə ilhaq elanını qanunsuz və saxta adlandırıb.

Putinin müttəfiqi, Çeçenistan regionunun lideri Ramzan Kadırov deyib ki, Liman itiriləndən sonra Moskva aşağı güclü nüvə silahından istifadəni nəzərdən keçirməlidir.

Limanın itirilməsinə görə Rusiya generallarını tənqid edən Kadırov deyib ki, Kremlin əlindəki hər cür silahdan istifadə etməsinin vaxtı çatıb.

Sülh perspektivi

Donetsk, Luhansk, Xerson və Zaporojyenin Rusiyaya ilhaqının elanı Kreml tərəfdən böyük eskalasiya hesab edilir. Müşahidəçilər bu addımın sülh sazişi perspektivlərinə kölgə saldığını deyirlər.

2014-cü ildə ilhaq edilmiş Krımla birlikdə Ukraynanın 20 faizə yaxın ərazisi hazırda Moskvanın işğalı altındadır.

Kiyev Putin hakimiyyətdə olduğu müddətdə Moskvayla danışığa getməyəcəyini bildirib.

Ukrayna qüvvələri cənubi Xerson vilayətində də əkshücum aparır, ancaq Xarkovdakı kimi irəliləyişə nail olmayıb. Ekspertlər deyirlər ki, əkshücum gözləyən Rusiya komandirləri avqustda təcrübəli birlikləri Donbasdan Xersona yönəldib.

XS
SM
MD
LG