Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Ukraynanın Abrams tankları birbaşa cəbhəyə yollanacaq


Soldan dağa: Almaniyanın, Ukraynanın və Polşanın müdafiə nazirləri Boris Pistorius, Oleksi Reznikov və Mariuş Blaşşak Ramştayn görüşündə
Soldan dağa: Almaniyanın, Ukraynanın və Polşanın müdafiə nazirləri Boris Pistorius, Oleksi Reznikov və Mariuş Blaşşak Ramştayn görüşündə

Aprelin 21-də Almaniyada Ukraynaya hərbi dəstək verən ölkələrin “Ramştayn” formatında sayca 11-ci görüşü keçirilir.

Bu formatın adı bir il əvvəl bu qrupun ilk iclasının ABŞ-ın Almaniyadakı Ramştayn hərbi hava bazasında keçirməsi ilə bağlıdır.

Xəbər verilir ki, plenar iclasdan əvvəl Ukrayna və ABŞ müdafiə nazirləri Oleksi ReznikovLloyd Ostin arasında danışıqlar aparılıb.

Reznikovun sözlərinə görə sözü gedən iclasda bu ilin sonunadək Ukraynaya çatdırılacaq silah-sursatla bağlı məsələlər müzakirə olunur.

Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna nümayəndələri bu iclasda iştirakçı müttəfiqlərin diqqətini Kiyevin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olmasına çəkəcəklər.

Onların habelə Kiyevə müasir döyüş qırıcıları verilməsinə dair ricanı bir daha dilə gətirəcəyi gözlənilir.

Qırıcı təyyarələr müzakirə oluna bilər

Pentaqonun başçısı Lloyd Ostin bir daha bəyan edib ki, Qərb müttəfiqləri “Ukraynanı ona lazım olduğu müddətdə dəstəkləyəcəklər”.

Hazırkı görüşdə NATO-nun baş katibi Yens Stoltenberg də iştirak edir.

O bugünlərdə Kiyevə səfər etmişdi.

Stoltenberq jurnalistlərin alyansın Vilnüs sammitində Ukraynanın NATO üzvlüyü istiqamətində konkret addımların atılıb-atılmayacağına dair sualından yayınıb.

O vurğulayıb ki, hazırda əsas vəzifə Ukraynaya onun Rusiya təcavüzünü dəf etməsi üçün lazımi dəstəyin göstərilməsidir.

Stoltenberq bunu da bildirib ki, bu görüşdə Ukraynaya müasir qırıcı təyyarələrin verilməsi məsələsi də müzakirə olunacaq.

“Ukrayna üçün NATO-nun qapısı “bir qədər aralanıb””

Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına verdiyi müsahibədə daha konkret danışıb.

O deyib ki, NATO-nun qapısı son vaxtlarda Ukrayna üçün “bir qədər aralanıb”, lakin Kiyevin alyansa tam üzvlüyü məsələsinə yalnız müharibə qurtarandan sonra baxıla bilər.

Pistorius vurğulayıb ki, əvvəlcə Rusiyanın təcavüzünü dəf etmək lazımdır və daha sonra, “daha yaxşı vaxtlarda” NATO-ya üzvlük məsələsinə də baxıla bilər.

Kiyevin cəbhədə gözlənilən böyük əks-hücumuna toxunan NATO-nun baş katibi Yens Stoltenberq Ramştayn görüşündə etdiyi çıxışda deyib ki, o Ukraynanın daha çox işğal olunmuş ərazi azad etmək iqtidarında olduğuna inanır.

O xatırladıb ki, ABŞ və Almaniya Ukraynaya bir neçə Patriot hava hücumundan müdafiə sistemləri çatdırıblar.

Tank koalisiyası

Xəbər verilir ki, Polşada Almaniyanın Leopard tanklarına texniki xidmət göstərən mərkəz yaradılacaq.

Bu barədə razılaşmanı Almaniya, Polşa və Ukrayna imzalayıblar.

Ukraynaya Almaniyanın Leopard, Britaniyanın Challenger və ABŞ-ın Abrams ağır tanklarının verilməsinə dair razılaşma bundan əvvəlki görüş zamanı əldə olunub.

Aprelin 21-də məlum olub ki, ABŞ yaxın həftələrdə Ukrayna hərbçilərinə Abrams tanklarında təlim verilməsinə başlayacaq.

Bu təlimlər Almaniyadakı Qrafenver hərbi bazasında 10 həftə davam edəcək.

ABŞ mayın axırlarınadək bu bazaya 31 Abrams tankının verilməsini planlaşdırır. Bu tanklar elə bu bazadan birbaşa Ukrayna cəbhəsinə yollanacaq.

Avropa İttifaqı, Kanada

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, Avropa İttifaqı fevralın 9-dan bəri Ukraynaya vəd etdiyi sursatın 66 faizini artıq çatdırıb.

O əlavə edib ki, Avropanın müxtəlif ölkələrində təlim keçməsi nəzərdə tutulan 30 min Ukrayna hərbçisindən 16 mini təlimi başa vurub.

Beləliklə, onun sözlərinə görə Aİ Ukraynaya vəd etdiyi 2 milyard avroluq yardımın 600 min avrosunu artıq xərcləyib.

Kanadanın müdafiə naziri Anita Anand bildirib ki, onun ölkəsi Ukraynaya 28.9 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək.

Kanada bundan başqa Ukrayna üçün 40 ədəd snayper tüfənginin, habelə Leopard 2 tankları üçün radioqəbuledicilərin alınması üçün 2.5 milyon dollar ayırıb.

Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupu Kiyevə hərbi yardımlar edən 50 ölkədən ibarət koalisiyadır.

XS
SM
MD
LG