Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

“Bu referendumları tanımaqdan söhbət gedə bilməz”


Luqanskda referendumların təbliğat plakatları
Luqanskda referendumların təbliğat plakatları

Qərbi Saharada 1975-ci ildən bəri belə bir referendumun təşkili şərtləri üzrə razılaşma əldə olunmayıb

Sentyabrın 23-də Moskva Ukraynanın işğal olunmuş dörd vilayətində bu ərazilərin Rusiyaya ilhaqı məqsədilə referenduma start verib. Ukrayna bu səsverməni qurama adlandırır, Qərb pisləyir.

Rusiya müharibə getdiyi bir vaxtda tələm-tələsik səsvermə keçirməsində məqsəd bu ərazilər üzərində suverenliyini iddia etməkdir.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Robert Koalson referendumun legitimliyi haqda Fransanın keçmiş diplomatı, hazırda Avropa Xarici Əlaqələr Şurasında Daha geniş Avropa Proqramının başçısı Mari Dumulinlə söhbət edib.

Qərbi Sahara

Dumulin deyir ki, münaqişə vəziyyətində, bir ölkə digərinin ərazisinə iddia edəndə, beynəlxalq qaydalara uyğun, beynəlxalq nəzarət altında referendumların təşkili illərlə çəkə bilər.

“Məsələn, Qərbi Saharada 1975-ci ildən bəri belə bir referendumun təşkili şərtləri üzrə razılaşma əldə olunmayıb. Çünki səsvermədə kimin iştirak edəcəyi, referendumunm hansı qanuna uyğun keçiriləcəyi, kimin nəzarət edəcəyi haqda suallar var”, – keçmiş diplomat deyir.

Ukraynada isə minlərlə insan evini tərk etdiyindən səsverməyə qatıla bilmir. Digər tərəfdən, səsvermə, çox güman, Rusiya qanunvericiliyinə uyğun keçirilir, halbuki Ukrayna ərazisi olduğundan Ukrayna qanunvericiliyinə uyğun olmalıdır. Müharibə zonası olduğundan səsverməyə əsgərlər nəzarət edir ki, belə olmamalıdır. Psevdo-referendumlarım təşkil olunduğu ərazilərə Rusiya qismən nəzarət edir, amma səsvermə bütün ərazini əhatələyir. Təhlilçi bütün bunların referendumun qeyri-legitimliyinə dəlalət etdiyini bildirir.

Əkshücumları dayandırmaq

Moskva fevralın 24-də işğala başlamamışdan Luqansk və Donetsk vilayətlərinin müstəqilliyini tanıyıb. Bu amilin səsvermənin legitimliyinə təsiri varmı?

Dumulin bu əraziləri yalnız Rusiyanın tanıdığını deyir. (Şimali Koreya və Suriya da həmin separatçı qurumları tanıyıb – red.)

“Beynəlxalq qanuna görə, onlar Ukrayna ərazisidir. Buna görə də Moskvanın bu iki qurumu müstəqil dövlət kimi tanıması faktına hansı məna verildiyini anlamıram”, – o söyləyir.

Referendumların indi keçirilməsinin səbəbinə gəlincə, təhlilçi bunu Ukraynanın sentyabrın əvvəlindən başladığı əkshücumla izah edir. Yəni, Rusiya hərbi deyil, siyasi vasitələrlə bu ərazilərə nəzarətini möhkəmləndirməyə çalışır.

“Rusiyanın niyyəti Ukraynanın həmin ərazilərə əkshücumlarını dayandırmaqdır. Deyəcəklər ki, Burası Rusiya ərazisidir, hücum etsəz, nəticələri həddən artıq ağır olacaq. Rusiya Prezidenti Vladimir Putin dünən (21 sentyabr) aydın şəkildə dedi ki, nüvə silahlarından istifadəyə də al ata bilər”, – Dumulin vurğulayır.

Baltik misalı

Bəzi Baltik liderləri bu addımı Sovet İttifaqının 2-ci Dünya müharibəsi zamanı Baltik ölkələrini ilhaq etməsiylə müqayisə edir. Dumulin belə tarixi analogiyalarla ehtiyatlı davrandığını deyir, çünki indi 1939-40-cı illərdəki dünya düzənindən fərqli dünyada yaşayırıq.

“İndiki düzənin təməl prinsiplərindən biri ərazi bütövlüyünə sayqı, gücdən istifadə etməməkdir... İndi isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri bu prinsipləri açıq şəkildə pozur. Bu isə dünyada heç bir ölkəyə yaxşı bir şey vəd eləmir”, – təhlilçi söyləyib.

Moskvanın Ukraynanın daha çox ərazisini mümkün ilhaqına beynəlxalq ictimaiyyətin reaksiyasına gəlincə, Dumulin bildirib:

“Bu referendumları tanımaqdan söhbət gedə bilməz. Bunlar referendum deyil, ona görə onlar haqda heç demokratiya, yaxud hüququn aliliyi kontekstində danışa bilmərəm. Bu, referendum deyil, beynəlxalq ictimaiyyət bunu deməli, onları etibarsız saymalıdır. İndiki şəraitdə bu regionlarda legitim səsvermənin hər hansı formasının keçirilməsindən danışa bilmərik”.

XS
SM
MD
LG