Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:25

Putin Ukraynaya zərbənin ortamənzilli raketlə endirildiyini deyib


Qitələrarası ballistik raket
Qitələrarası ballistik raket

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ordusu Ukraynaya qitələrarası ballistik raketlə deyil, yeni ortamənzilli hipersonik (hipersəs) ballistik raketlə zərbə endirib.

Noyabrın 21-də xalqa müraciətlə üz tutan Putin deyib ki, yeni silahdan istifadə ABŞ və Böyük Britaniyanın uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya verdikləri icazəyə cavabdır.

Nüvə başlığı daşıya bilən bərkyanacaqlı hipersəs ballistik raketin hədəfi Dnepropetrovskdakı hərbi-sənaye müəssisəsi olduğu bildirilir.

Pentaqon rəsmisi Sabrina Sinqh bildirib ki, Rusiya bu yeni silahla hücum barədə ABŞ-ı öncədən bilgiləndirib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi mediaya bildirib ki, Moskva Ukraynanı "qorxutmaq" istəyib, ancaq onun cəmi bir neçə belə raketi var.

20 noyabr

ABŞ Ukraynaya güclü hava hücumu riski ilə bağlı xəbərdarlıq edib

ABŞ səfirliyi noyabrın 20-si öz vətəndaşlarını gün ərzində Ukrayna ərazisinə çox güclü hava zərbəsinin endiriləcəyi barədə xəbərdar edib. Bu barədə səfirliyin saytındakı bilgidə deyilir.

Təhlükəsizlik səbəblərindən qapalı olacaq səfirlik hava zərbəsi ilə bağlı "konkret" məlumat aldığını bildirib.

Hava həyəcanı səslənən kimi ABŞ vətəndaşlarına dərhal sığınacaqlara üz tutmaları məsləhət görülüb.

ABŞ səfirliyindən sonra İspaniya, İtaliya və Yunanıstan Kiyevdəki diplomatik nümayəndəliklərini müvəqqəti bağlayıblar.

Noyabrın 17-də keçən gecə son bir neçə ayda ilk dəfə Rusiya Ukraynanın elektrik infrastrukturuna güclü hava zərbəsi endirib.

ABŞ Ukraynaya onun istehsalı olan ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verəndən sonra Kreml rəhbəri Vladimir Putin ölkəsinin nüvə doktrinasını yeniləyib. Sənədə görə, Rusiyaya qarşı çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) və raketlər atılsa, rəsmi Moskva nüvə silahından istifadə edə bilər.

18 noyabr

Kreml: Rusiya ərazisinin dərinliklərinə zərbə vurmağa icazə verilməsi durumu gərginləşdirir

Rusiya ABŞ prezidenti Co Baydeni Ukraynadakı savaşı gərginləşdirməkdə və durumu qarışdırmaqda suçlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün qoyulan məhdudiyyətin aradan qaldırılmasını şərh edərkən belə deyib.

Daha öncə istər Ukrayna prezidenti Volodımır Zelenski, istərsə ölkənin digər rəsmiləri təmənnasız silahla düşmən ərazisindəki əlçatmaz hədəflərə tam həcmdə zərbələrə razılıq almaq üçün bir neçə ay danışıqlar aparıblar.

ABŞ və digər NATO müttəfiqləri onların istehsal etdiyi silahla Rusiya ərazisinə zərbə endirərkən bəlli məsafə müəyyənləşdirib.

Peskovun fikrincə, Vaşınqtonun rəsmi təsdiqləmədiyi məhdudiyyətin dəyişdirilməsi gərginliyin yeni mərhələsinə səbəb olacaq və ABŞ-ın Ukraynadakı müharibəyə daha çox qatılmasını şərtləndirəcək.

Rusiya prezidenti Vladimir Putin sentyabrda Qərb dövlətlərini xəbərdar edib ki, adi raket zərblərinə nüvə silahı ilə cavab verə bilər. Rəsmi Moskva nüvə gücünün dəstəyi ilə özünə qarşı gerçəkləşdirilən istənilən hücumu birgə hücum kimi gözdən keçirəcək.

Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Ağ evin bu addımının daha ciddi fəsadlara yola aca biləcəyini söyləyib.

ABŞ Ukraynaya uzaqmənzilli silahlarla Rusiyaya zərbə endirməyə icazə verib

ABŞ mediasının yazdığına görə, Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinin dərinliklərinə ABŞ silahları ilə zərbələrin endirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırıb.

Ağ ev və Milli Güvənlik Şurası məsələ ilə bağlı AzadlıqRadiosunun göndərdiyi sorğulara şərh verməyib.

Bilgilər təsdiqlənsə, sözügedən qərar Kiyevin bununla bağlı coxdankı xahişləri fonunda ABŞ siyasətindəki ciddi dəyişikliyə işarə edəcək.

Bilgiləri təsdiqləməyən Ukrayna prezidenti Volodımır Zelenski bildirib ki, "zəfər planı"nın əsas bəndlərindən biri müttəfiqlərin verdiyi uzaqmənzilli silahlardan istifadəni nəzərdə tutur.

"Hərbçilər zərbələri sözlərlə endirmir. Raketlərin özü özü haqqında danışacaq", - Zelenski Teleqram sosial şəbəkəsindəki paylaşımında belə yazıb.

"Reuters" təfərrüata varmasa da, Kiyevin bu silahlarla ilk zərbəni yaxın günlərdə gerçəkləşdirəcəyini bildirib.

Ukrayna, böyük ehtimalla, uçuş radiusu 300 km olan ATACMS raketlərindən yararlanacaq.

Bayden administrasiyası yanvarın 20-də Ağ evi tərk edənədək Ukraynaya yardımı gücləndirmək imkanları axtarır.

Baydenin Kiyevə dəstəyini tənqid edən Tramp bildirib ki, tezliklə Ukraynanın ürəyincə olmayan şərtlərlə savaşın dayandırılmasına nail olmağa çalışacaq.

"Bu siyasət… Trampın özünə də sərf edəcək"

ABŞ qoşunlarının Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces AzadlıqRadiosuna bildirib ki, bu, Trampın Ağ evə qayıdışınadək ABŞ-ın hərəkətsiz qalmayacağına dair Rusiyaya bir işarədir: "Tramp administrasiyası işə başlarkən, bu siyasət artıq gerçəkləşməkdə olacaq və Donald Trampın özünə də sərf edəcək".

General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.

Ukraynanın uzaqmənzilli Qərb silahlarından istifadəsini Kiyevin bir çox müttəfiqi birmənalı qarşılamayıb. Bəziləri Rusiyanın cavab zərbəsindən və Avropada daha geniş savaşın yayılmasından ehtiyatlanır.

Bayden sözügedən icazəni verməyə istəkli olmasa da, mayda Ağ ev Ukraynaya endirilən qaçılmaz zərbələrin önünü kəsmək üçün Rusiya sərhədindəki hədəflərə belə silahlarla məhdud zərbələr endirməyə icazə vermişdi.

XS
SM
MD
LG