Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Ukraynadakı separatçılar müharibəyə ‘yenidən başlaya bilərlər’


Ukraynada separatçıların davamlı atəş açması xəbərləri gəlir
Ukraynada separatçıların davamlı atəş açması xəbərləri gəlir

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edirdi ki, Rusiya variantları açıq saxlamaq istəyir, yəni, əlavə ərazi iddiaları təhdidi ehtiyatda qala bilər

Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Ukraynanın şərqindəki separatçı qurumları tanıması belə bir sual yaradıb: Moskva konkret hansı əraziləri tanıyıb? AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Robert Koalson bu haqda yazır.

Rusiyanın dəstəklədiyi separatçılar 2014-cü ildə Donbasda torpaqları tutanda tanınmayan “konstitusiyalar” yaradıb, Luqansk və Donetsk vilayətlərinə (oblast) bütünlükdə iddia ortaya qoyublar. Bu vilayətlərin ümumi ərazisi 53 min 200 kv kilometrdən böyükdür.

2015-ci ildə əldə olunan atəşkəs Kiyevlə Rusiyanın dəstəklədiyi qüvvələrin müharibəsinə son qoya bilmədi, tərəflər təmas xətti ilə ayrıldılar. Ərazinin üçdə ikisi, o cümlədən Azov dənizi sahilindəki Mariupol liman şəhəri Ukrayna ordusunun nəzarətində qaldı. Separatçılar vilayət paytaxtları Donetsk və Luqansk daxil olmaqla regionun üçdə birinə nəzarət edirlər.

Putinin fevralın 21-də verdiyi fərmanda yalnız separatçıların nəzarətində olan, yoxsa iddia etdikləri ərazilərin müstəqilliyini tanıdığı bəlli olmur.

Putin özü aydınlıq gətirir

Moskva Karnegi Mərkəzinin təhlilçisi Konstantin Skorkin ötən həftə, hələ Rusiya parlamenti tanıma məsələsini müzakirə edəndə sərhəd məsələsinin vacib olduğunu deyirdi.

“Separatçılar ərazi bütövlüyü üçün müharibəyə yenidən başlaya bilərlər. Bu isə gərginliyin artması, onların ərazi iddiaları əsasında hərbi fəaliyyətin bərpası demək olar, bir yolla Rusiya qüvvələrini də cəlb edər”, – təhlilçi qeyd edib.

Putin fevralın 22-də separatçıların tanınmasına aydınlıq gətirərək onların ərazi iddialarını tanıdığını bildirib. Bu isə Ukraynada hərbi münaqişənin böyüməsi deməkdir. Putin eyni zamanda bu məsələlərin “dinc yolla” həll oluna biləcəyinə ümidini bildirib.

Kiyev Donbasda hərbi fəaliyyətlə məşğul olmadığını, təmas xəttində atışmanın separatçılar tərəfdən gəldiyini bildirir. ABŞ-ın hesablamasına görə, Rusiya Ukrayna sərhədləri yaxınlığına və ilhaq etdiyi Krıma 190 minədək qoşun cəmləyib. Kiyev və Qərb ölkələri böyük hücumun gözlənildiyini deyirlər.

Separatçılar hərəkətə keçiblər

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Putinin ölkə xaricində hərbi qüvvə yeritməklə bağlı xahişini tələsik təsdiqləyib. Səsvermədən öncə Müdafiə nazirinin müavini Nikolay Pankov dəlil göstərmədən deputatlara deyib ki, “Ukrayna rəhbərliyi zorakılıq və qan axıtma yolunu seçib”. O, separatçı qurumların “sərhədlərində” Ukraynanın 60 minlik hərbi qüvvə, hərbi texnika cəmlədiyini iddia edib.

Separatçıların təmsilçiləri isə hələ Putin niyyətini aydın ifadə etməzdən öncə bütöv əraziyə iddialarını dilə gətirməyə başlamışdılar.

Luqanskda aparıcı separatçı Dmitri Xoroşilov fevralın 22-də jurnalistlərə bildirib ki, onların elan etdiyi “xalq respublikası” müharibədən öncəki Luqansk Oblastını bütünlükdə əhatələyir və onun bəzi hissələrini “Ukrayna qüvvələri tutub”.

Separatçılar Kiyevdən iki regiondakı hərbi qüvvələrini geri çəkməyi tələb ediblər.

Qarışıq bəyanatlar

Fevralın 22-də Rusiya rəsmiləri Putinin niyyətlərindən əmin görünmürdülər. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, iki qurum “elan olunduqları sərhədlər daxilində” tanınıblar. Ancaq bu bəyanat çox ziddiyyətlidir, çünki separatçıların iddia etdikləri – Donetsk və Luqansk vilayətlərinin sərhədləri onların nəzarət etdiyi sərhədləri çox aşır.

Peskovun sözləri Moskvanın qəsdən qarışıqlıq yaratmaq niyyətini də göstərə bilər. Çünki Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra qeyd edirdi ki, Rusiya variantları açıq saxlamaq istəyir, yəni, əlavə ərazi iddiaları təhdidi ehtiyatda qala bilər.

“Burda təəccüblü bir şey yoxdur… sərhədləri qərarlaşdırılmayan, yaxud sadəcə, müəyyənləşdirilməyən xeyli suveren ölkə var. Bu, gələcəyin işidir, həll ediləcək məsələdir”, – o deyib.

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

“Tammiqyaslı hücum”

Kremlin siyasətini dəstəkləyən tanınmış rusiyalı şərhçi Vladimir Solovyov isə Telegram-da yazıb ki, Donetskdəki separatçılara “Azov dənizinə çıxış, Mariupol limanına nəzarət lazımdır”.

Separatçı qurumlar “Donetsk və Luqansk oblastlarının 2014-cü ilin əvvəlindəki sərhədləri daxilində tanınacaqlar”, – o yazıb.

Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı, siyasi təhlilçi Aleksandr Baunov yazır ki, Rusiyanın separatçıların ərazi iddialarını tanıması “Ukraynaya və onun vasitəsilə Qərbə hərbi təzyiqinin azalmaması” demək olar.

Dövlət Dumasının keçmiş liberal üzvü İlya Ponomaryovun mövqeyincə, Moskvanın separatçıların əlavə ərazi iddialarını tanıması “tammiqyaslı hücuma bərabər olar və ona belə yanaşılmalıdır”.

XS
SM
MD
LG