Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Zelenski İzyuma səfər edib, İran dronunun vurulduğu deyilir


Volodimir Zelenski İzyum şəhərində
Volodimir Zelenski İzyum şəhərində

İzyumun geri alınması Rusiyanın Donbasdakı hərbi ambisiyalarına ciddi zərbə olub

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şərqində aparılan əks-hücumla Rusiya qüvvələrindən geri alınmış İzyum şəhərinə səfər edib.

Ukrayna hərbiyyəsinin sosial mediada yaydığı məlumatda deyilir ki, Zelenski və hərbi rəsmilər Ukraynanın şərqində böyük şəhərlərdən biri olan İzyumda keçirilən “bayraqqaldırma” mərasimində iştirak ediblər.

İzyumun geri alınması Rusiyanın Donbasdakı hərbi ambisiyalarına ciddi zərbə olub.

Mərasimdən yayılan fotolarda Zelenskinin Ukrayna əsgərlərini salamladığı görünür.

Zelenski bundan əvvəl verdiyi bəyanatda Ukrayna qoşunlarının 8 min kvadrat kilometrədək ərazini işğaldan azad etdiyini bildirmişdi.

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını ölkənin şimal-şərqindəki yüzlərlə şəhər və kənddən çıxarıb.

Zelenski bildirib ki, azad olunmuş 4 min kvadratkilometrlik ərazidə stabilləşdirmə işləri aparılır.

Baydenin ehtiyatlı bəyanatı, Von der Leyenin səfəri

Lakin Ukrayna qüvvələrinin əhəmiyyətli uğurlarına baxmayaraq ABŞ prezidenti Co Bayden sentyabrın 13-də demişdi ki, “irəlidə hələ uzun yol var”.

Bayden əlavə etmişdi ki, Ukraynanın dönüş nöqtəsinə çatdığını demək hələ tezdir.

Strasburqda Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen sentyabrın 14-də Kiyevə səfər edəcəyini bəyan edib.

Bu, Avropa Komissiyası liderinin fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri onun Kiyevə üçüncü səfəridir.

Kiyevə səfər edəcəyi barədə elanı Ukraynanın birinci ledisi Olena Zelenski ilə birlikdə açıqlayan Von der Leyen əyininə Ukrayna bayrağının sarı-mavi rənglərində paltar geyinmişdi.

O deyib ki, Kiyevə səfəri zamanı prezident Zelenksi ilə Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələlərini müzakirə edəcək.

Ukrayna İran dronunu vurduğunu deyir

Bu arada sentyabrın 14-də Ukrayna ilk dəfə olaraq Rusiyanın İran istehsalı dronlardan istifadəsini müşahidə edib.

Ukraynanın hərbi Strateji Kommunikasiyalar Müdirliyinin dərc etdiyi fotolarda İranın deltaşəkilli Şahed-136 PUA-sının qalıqlarının göründüyü iddia olunur.

Bu dronun şərq cəbhəsindəki Kupyansk yaxınlığında vurulduğu bildirilir.

İranın BMT-dəki daimi nümayəndəliyi bu hadisə barədə sorğulara cavab verməyib.

Britaniyanın Müdafiə Nazirliyi də Ukraynada vurulan dronun İran istehsalı olduğu barədə ehtimalını təsdiqləyib:

"Cəbhə xəttində Şahed-136-nın vurulması göstərir ki, Rusiya bu sistemdən Ukrayna ərazisinin dərinliyindəki strateji hədəflərin vurulması üçün deyil, taktiki məqsədlərlə istifadə edir”.

İyul ayında ABŞ İrana Rusiyaya heç bir dron sistemləriin ötürülməməsinə dair xəbərdarlıq etmişdi.

Tehran və Moskva bu kimi məlumatları təkzib edirlər.

Bu arada Ağ Ev bilirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir.

XS
SM
MD
LG