Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:54

Ukraynada ruscadan istifadə azalır


Kiyev, arxiv fotosu
Kiyev, arxiv fotosu

Rusiyanın Kremlə hava hücumuna görə Ukraynanı suçlamasından sonra Kiyevə hava hücumları intensivləşib. Bu isə ukraynalı İrina, SvitlanaOlyanı Ukrayna dili dərslərini bir kafedə keçməyə vadar edib. Sevastopol, Enerhodar və Donetskdən olan bu üç qadın ukrain dilini inkişaf etdirir, rus dilindən “qurtulmağa” çalışırlar. Əksəriyyəti işğal altında olan şəhərlərdən köçkün düşən onlarla qadın da onların yoluyla gedir.

İrinanın oğlu Ukrayna ordusunda xidmətdədir. O, raketlərin atıldığı Krımda yaşaya bilmədiyindən oranı tərk edib. Dediyinə görə, “özünü günahkarlıq hissindən azad etmək”dən ötrü Ukrayna dilini öyrənməyə başlayıb.

Svitlana isə Kiyevə cəmi iki ay öncə gəlib. Onun əri Enerhodarda yaşayır və rusiyalıların işğalın əvvəlində ələ keçirdiyi Avropanın ən böyük atom elektrik stansiyası Zaporojjya AES-də işləyir.

Olyaya gəlincə, 2014-cü ildə bir neçə aya qayıdacağına ümid edərək Donetskdən çıxıb. 8 ildir Donetskdəki evindən ayrı qalan Olya ukrain dilini inkişaf etdirmək istəyir.

Gündəlik həyatlarında daha çox ukrain dilində danışan ukraynalıların sayı 58 faizə yüksəlib. 2017-ci ildə bu rəqəm 49 faiz idi. Tanınmış ukraynalı politoloq Volodimir Kulık və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2022-ci ilin dekabrında apardığı araşdırmaya əsasən bunu demək olar. O vaxtdan bu yana rus dilindən istifadə edənlərin sayı 26 faizdən 15 faizə qədər düşüb. Bu tendensiya ictimai sahədə daha da güclüdür; iş yerlərində və təhsil sahəsində 68 faiz Ukrayna dilinə, 11 faiz isə rus dilinə üstünlük verir. Bu keçid ölkənin cənubunda və şərqində özünü daha qabarıq büruzə verir.

Bu, ölkədə hər kəsin həm Ukrayna, həm də rus dillərində passiv şəkildə danışmasının, ikidilliliyin göstəricisidir. Bir çoxları surjik, Krım-tatar və ya macar dillində də danışır. Rus dilindən ukrain dilinə sürətli keçid bütün ölkədə müşahidə olunur. Küçələrdə, sosial mediada, kitab mağazalarında və ən əsası şəxsi məkanlarda belə Ukrayna dilinə keçilir.

Putinin ittihamı və...

Ukraynada çoxları dil dəyişikliyinə sevinir, amma Rusiyanın Ukrayna mədəniyyətini silmək və hücum etdiyi ölkədə parçalanmalar yaratmaq cəhdləri prosesi sürətləndirir və bu, ağrısız keçmir.

“Qatillərin və Təcavüzkarların Federasiyası olan Rusiya Federasiyası, rus dilində danışan əhalini qoruduğunu əsas gətirərək vətənimə müharibə elan edib. Onlar mənim varlığımdan istifadə edərək öz müharibələrinə haqq qazandırdılar”, – donetskli yazıçı Volodimir Rafeyenko AzadlıqRadiosuna belə deyib.

Donbasda münaqişə başlayandan Rusiya prezidenti Vladimir Putin Kiyevi regionun rusdilli əhalisinə qarşı “soyqırım” törətməkdə ittiham edib. Yalnız rus dilində yazan və yaradıcılığının böyük bir hissəsini rus ədəbi dünyası təşkil edən Rafeyenko doğma vətənində rus dilinin statusunu çox fərqli xatırlayır. “Anam, atam və nənəm ətrafımdakı hər kəs kimi rusca danışırdılar. İyirmi yaşım olanda Dostoyevskini və Çexovu əzbər bilirdim, rus dili filoloqu olmaq üçün oxudum və 2014-cü ildə şəhərim “separatçılar”ın əlinə keçdi. Donetskdən Kiyevə gedən qatara minənəcən heç ağlıma belə gəlmirdi ki, Ukrayna dilini bu qədər aktiv istifadə edəcəm”, – o, sözlərinə əlavə edib. 2014-cü ildə başlayan müharibə, hazırda 53 yaşı olan Rafeyenkonun Rusiya ədəbi dünyası ilə əlaqələrini kəsməsinə səbəb olub.

“Amma evim yoxdur”

2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalı zamanı Donetskdən sürgün edilmiş Rafeyenko Buça ilə Kiyev arasındakı bir kənddə yaşamağa başlayıb. Rusiya tezliklə oranı da işğal edib. “Fevralın 24-dən bəri evə qayıtmaq fikri ağlımdan çıxmır”, – deyən yazar bir anlıq düşünəndən sonra əlavə edir ki, “amma evim yoxdur”.

Rafeyenko yazılarında, ictimai və şəxsi həyatında “ədəbsiz” və “təhlükəli” rus dilinə heç vaxt qayıtmayacağına and içib. “Ola bilsin ki, rus dilindən tamamilə imtina etməyim geniş fəlsəfi fikirlərdən daha çox, yaşadığım travmadan xəbər verir. Nə qədər çalışsam da, oxuduğum kitablardan, yaşadığım həyatdan tamamilə qopub çıxa bilməyəcəyimin fərqindəyəm. Bu, şəxsiyyətimin bir hissəsidir. Mən öləndə yox olacaq”, – o bildirir.

Yazı masasında altı lüğəti olan Rafeyenko, başqa dilə keçidin bir yazıçı üçün uzun, əziyyətli və bəzən də yorucu bir proses olduğunu bilir. Amma bunun “mükafatla gələn özünü sağaltma cəhdi” olduğunun da fərqindədir. Rafeyenko və ya Kiyevdəki dil kursunda olan qadınların timsalında olduğu kimi, Ukrayna dilinə könüllü keçid hal-hazırda yüksəlişdədir. Bu, böyük prosesin bir hissəsidir.

Akademiyanın qadağanı

Yanvarda Ukraynanın ən qədim və hörmətli universitetlərindən biri olan Kiyev-Mohyla Akademiyası, öz filiallarında rus dilindən istifadəni yasaqlayan qərarı ictimaiyyətə bir daha xatırlatdı. Universitetdə tədris otuz ildən çoxdur ki, Ukrayna və ingilis dillərində aparılır.

Kiyev-Mohyla Akademiyasında qadağanın qanunauyğunluğu sorğulansa da, bu, Ukraynada mövcud dil siyasətindən çox da kənara çıxmır. 2019-cu ildə qəbul edilən qanuna əsasən, ictimai həyatın bir çox sahələrində, o cümlədən administrasiya, təhsil, media, hətta restoran və mağazalarda Ukrayna dilindən istifadə məcburidir. 2022-ci ilin fevralında kütləvi işğaldan sonra rusca kitab və musiqilərə əlavə məhdudiyyətlər qoyulub.

Universitetin rektoru Serhiy Kvit AzadlıqRadiosuna deyib ki, qadağaya baxmayaraq, rusca kitablar universitetin kitabxanasında qalacaq. "Biz özümüzü müdafiə etməliyik, amma kitabları yandırmayacağıq. Biz rus deyilik və azadlığı siyasi mədəniyyətimizin mərkəzi kimi görürük", – o söyləyib.

Kiyevli pedaqoq Valentina Merjiyevska da 2004-2005-ci illərin Narıncı İnqilabından sonra ruscadan Ukrayna dilinə keçib. "Ukraynalı bir rusdilli kimi özümü çoxdan aldadılmış hiss edirəm, lakin bu manipulyasiyanın nə qədər dərin olduğunu başa düşməmişəm. Bir dildən digərinə keçid, hər şeydən əvvəl insanın öz şəxsiyyətinə meydan oxumasıdır", – Merjiyevska əlavə edib.

Paytaxtın tarixi Podil rayonunda, universitetin yanında qoyulmuş 2022-ci il tarixli xatirə lövhəsi Kiyevin ruslaşdırma siyasətinə həsr olunub. Şahidlərin dediyinə görə, Rusiya işğal etdiyi ərazilərdə muzeyləri talayır, mədəni eksponatları oğurlayır, Ukrayna abidələrini dağıdır, Rusiyanın mədəniyyət və tarixi şəxsiyyətlərinin heykəllərini yenidən ucaldır, məktəblərdə təhsili ruslaşdırır.

Rusca kitabları yığırlar

Bu hərəkətlər isə cavabsız qalmır.

Kiyevin ən qədim və ən böyük kitab mağazalarından biri olan “Syayvo Knıxı” hər həftə iki tona yaxın rusca kitabı toplayır və onları təkrar emala göndərir. Buna görə alınan pul Ukrayna ordusuna bağışlanır.

“Yeddi ton kitab topladığımız həftələr oldu və gündə bir neçə dəfə qutu-qutu kitab daşımalı olduq”, - kitab mağazasının direktoru, 27-yaşlı Hlib Maliç AzadlıqRadiosuna bildirib.

Kiyevdə yeganə dövlət kitab mağazası “Syayvo Knıxı” uşaqlar və təqaüdçülər arasında savadlılığın təbliği və yeni yazıçılarla görüşlər keçirmək kimi digər proqramlar da gerçəkləşdirir. Maliç deyib ki, hər yaşda və hər təbəqədən insanların rusca kitablarını təkrar emal üçün gətirmələri, getdikcə daha çox ukraynalının rusdilli məzmunun faydasız və Ukrayna üçün potensial təhlükəli olması ilə razılaşdığını göstərir.

Ancaq rus dili yenə də Ukraynadakı statusunun bir hissəsini qoruyub saxlayır. Bunun bir səbəbi odur ki, dünyada təxminən 258 milyon nəfər bu dildə danışır, Ukrayna dili ilə müqayisədə daha çox televiziya, musiqi və ya kitab kimi mədəni mallar bazarında işlənir.

Ukraynada bu disbalans 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra tədricən dəyişir. Lakin son vaxtlar bunun əksi yeni status-kvoya çevrilir, çünki rusca məzmuna məhdudiyyətlər və ümummilli dil olaraq Ukrayna dilinə keçid baş verir.

XS
SM
MD
LG