Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:22

Un bahalaşıb


Topdansatış un mağazası
Topdansatış un mağazası

Azərbaycanın rayonlarında unun bahalaşdığı bildirilir.

Astara şəhərində topdansatış un məntəqəsində işləyən satıcılardan birinin dediyinə görə, 50 kiloqramlıq unun bir kisəsi əvvəllər 26 manat idisə, indi 30 manat olub: "İki il əvvəl 50 kiloqramlıq un kisəsi 37 manata yüksəlmişdi. Sonra qiymətlər yenə düşdü. İndi yenə qalxıb. Unu, əsasən, çörək bişirən sexlər alır. Dağlıq ərazilərində yaşayanlar daha çox un alırlar. Oralarda hər evdə təndir var, təndir çörəyinə daha çox üstünlük verirlər. Orada qış uzun və sərt keçir, ona görə un tədarükü görürlər".

"Çörək bişirmək sərf etmədi"

Həyətyanı sahədə çörək sexi olan bir sahibkar da deyir ki, vəziyyət elə də yaxşı deyil: "Artıq iki ildir ki, çörək bişirmirəm, bulka bişirib satıram. Əsasən mağazalara paylayıram. Çörək bişirmək sərf etmədi. Unun qiyməti sabit qalmır. 50 kiloqramlıq unun bir kisəsi 37 manata qalxan vaxtı zərərə düşdüm. Rayona Bakıdan və digər yerlərdən çörək gəlir. Bizdə də çörək bişirən çoxdur. Evlərdə sexlər var. Elə sexlər var, günə 10-15 kisə un istifadə edir. Onlarda qazanc var. Balaca sexlərdə vəziyyət yaxşı deyil. Unun bahalaşması çörək sexlərini işlədən sahibkarların cibinə girməkdir, çünki çörəyin qiyməti olduğu kimi qalıb".

Onun sözlərinə görə, adətən ilin bu vaxtında un bahalaşır: "Yeni taxıl biçiləndən sonra unun qiyməti düşür".

'Azərbaycana ucuz un gətirə bilərəm, imkan vermirlər' – İşadamı
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

"Çörəyin çəkisi də azalır"

Astara şəhər sakini Nəcibəddin Məmmədov isə deyir ki, unun qiyməti artanda çörəyin çəkisi də azalır: "Bu barədə şikayət etmişdim. Çörəklərin çəkisi nəzərdə tutulduğundan azdır".

İqtisadçılar isə hesab edirlər ki, hazırda unun bahalaşmasının təbii səbəbləri yoxdur. Ölkədə nə un qıtlığı var, nə də dünyada buğdanın qiymətində ciddi artım.

"Qiyməti dəyirman işlədən şirkətlər qaldırır"

Un satan mağazalardan birinin sahibi qiyməti dəyirman işlədən şirkətlərin qaldırdığını iddia edir: "Biz isə üstünə 1-2 manat qoyuruq. Hansı qiymətə verirlər, o qiymətə uyğun da satırıq. Unu nisyə alan çörək sexləri var, çörəyini satır, sonra pulunu verir. Unun qıtlığından söhbət gedə bilməz. Keyfiyyətindən də şikayət edən yoxdur. Unun qiyməti qalxdı, kəpəyin qiyməti də qalxacaq. Unun bahalaşması, yəqin, heyvan yemlərinin və quş dənin qiymətinə təsir edəcək. Əslinə baxanda unun qiyməti bahadır".

Bu deyilənlərə un istehsal edən şirkətlərin təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Astara şəhər sakini Asən Həşimli deyir ki, unun qiyməti ilə yanaşı, ərzaq məhsullarının qiyməti də qalxır: "Birinci növbədə ət bahalaşıb. Gündə mağazaya gedirsən, görürsən ki, dünən aldığın məhsulun qiyməti 3-4 qəpik artıb. Hər dəfə qiymət cüzi şəkildə artır, hiss etmirsən. Unun qiyməti qalxıb, amma çörək həmin qiymətədir".

XS
SM
MD
LG