Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:49

Ursula fon der Leyen yenidən Avropa Komissiyasının rəhbəri seçildi


Ursula fon der Leyen
Ursula fon der Leyen

Avropa Parlamenti iyulun 18-də keçirilən sessiyasında Ursula fon der Leyenin ikinci beşillik müddətə Avropa Komissiyasının sədrliyinə namizədliyini təsdiq edib.

Onun namizədliyi leyhinə 720 Avropa deputatından 401-i səs verib ki, bu da tələb olunandan 40 səs çoxdur.

Bu da bildirilir ki, səsvermə bülletenlərlə və qapalı keçirilib.

Almaniya Xristian-Demokrat İttifaqının (XDİ) üzvü olan fon der Leyen Avropa Parlamentində ən böyük fraksiyanı – sağ-mərkəzçi Avropa Xalq Partiyasını təmsil edir.

Onun namizədliyi bundan əvvəl Aİ-yə üzv ölkələrin liderləri tərəfindən dəstəklənmişdi.

Çətin səsvermə

Səsvermədən əvvəl prosesin fon der Leyen üçün heç də asan olmayacağına və onun yalnız kiçik səs çoxluğu ilə təkrar seçilə biləcəyinə dair söhbətlər dolaşırdı. Sağ təmayüllülər və ifrat solçular fon der Leyenə qarşı çıxış edirdilər.

Onun namizədliyini dəstəkləyən mərkəzçi koalisiyanın Avropa Parlamentində məhz 401 deputatı var.

Buna baxmayaraq elə həmin koalisiyanın bəzi deputatları müxtəlif səbəblərə görə fon der Leyenin əleyhinə səs veriblər.

Əksinə səsverməyə az qalmış müxalif “Yaşıllar” fon der Leyenin namizədliyini dəstəkləyiblər. Onların Avropa Parlamentində 53 mandatı var.

Ümumilikdə Ursula fon der Leyenin namizədliyi əleyhinə mühafizəkar sağçılar, sağçı populistlər və ifrat solçular səs veriblər.

İndi fon der Leyen Avropa Komissiyasının yeni tərkibini tərtib etməlidir. Məlumdur ki, burada yeni vəzifələr, o cümlədən müdafiə məsələləri və mənzil siyasəti komissarları postları təsis olunacaq.

Avropa Parlamentinin yeni çağırış heyəti qarşısında çıxış edən fon der Leyen deyib ki, o Ukraynanı “lazım olduğu qədər qətiyyətlə” dəstəkləməkdə davam edəcək.

Fon der Leyen, onun fikrincə Rusiyanın mövqeyini dəstəkləyənləri sərt tənqid edib.

O çıxışında konkret olaraq Macarıstanın baş naziri Viktor Orbanın adını çəkib və deyib ki, onun Moskvaya səfəri, özünün dediyi kimi sülh missiyası yox, Rusiyanı “sakitləşdirmək” cəhdi olub.

Fon der Leyen, “sakitləşdirmək” terminini işlədərkən, belə görünür, Fransa və Britaniyanın 1938-ci ildə Hitler Almaniyasının “sakitləşdirilməsi” üçün Münhen razılaşması imzalamalarına işarə edib. Bu razılaşma ovaxtkı Çexoslovakiyanın ərazi bütövlüyünün güzəşt edilməsini nəzərdə tuturdu.

Avropa Müdafiə İttifaqı

Avropa Komissiyasının rəhbəri çıxışının böyük bir hissəsini Rusiya təhlükəsi qarşısında Avropa İttifaqının müdafiə qabiliyyətinin artırılmasına həsr edib. O “Avropa Müdafiə İttifaqının” yaradılacağını vəd edib.

Bu da qeyd olunur ki, Aİ-nin müdafiə sahəsindəki birgə layihələri əsasən hava hücumundan və kibertəhlükələrdən müdafiəni ehtiva edəcək.

Fon der Leyen habelə ittifaqın xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi zərurətindən danışıb.

O eyni zamanda Aİ-nin gələcəkdə daha da genişləndirilməsinə tərəfdar olduğunu deyib. Ursula fon der Leyen Ukrayna, Moldova və Gürcüstanın Aİ üzvlüyü məsələsindən söz açıb və deyib ki, bu ölkələrin Aİ-yə qəbulu onların nailiyyətlərindən asılı olacaq.

Avropa Komissiyasının başçısı habelə vurğulayıb ki, o “yeni yaşıl kursdan” imtina etməyəcək. Bu siyasət Avropa iqtisadiyyatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması məqsədini güdür.

Qeyd edilir ki, elə bu vəd Avropa Parlamentindəki “Yaşılların” ona dəstəyini təmin edib.

XS
SM
MD
LG