Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

'Uşağı atası mənə 3 min manata satdı...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakıda uşaq oğurluğunda suçlanan Gültəkin Muradova bu ittihamın yalan olduğunu deyir. O iddia edir ki, uşağı öz atasının razılığı ilə götürüb aparıb.

Söhbət 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində ikiyaşlı Məhəmməd Şıxəliyevin oğurlanmasından gedir. Dekabrın 29-da aparılan uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

53-yaşlı qadın uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, Muradovanın özü uşaq dünyaya gətirə bilməyib. O, qeyri-rəsmi birlikdə yaşadığı şəxslə Kürdəxanı qəsəbəsində kirayə qalıb. Ətraf qəsəbələrdə də övladlığa götürmək üçün uşaq axtarıb və, nəhayət, Məhəmmədi oğurlamaq qərarı verib.

"O uşaqlara yazığım gəlirdi"

Amma Muradova ittihamda yazılanlarla razılaşmır, özünü təqsirli bilmir. Deyir ki, uşağı atası satıb. Onun sözlərinə görə, Məhəmmədə görə atasına 3 min manat pul verib: "O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub".

O əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

Cinayət işinin materiallarında yazılıb ki, Muradova uşağı aparanda onun böyük bacısı Firuzə Şıxəliyeva da evdə olub. Muradova uşağın bacısına deyib ki, ona şirniyyat alıb geri qaytaracaq.

Uşaq tapılandan iki gün sonra – yanvarın 10-da Daxili İşlər Nazirliyinin mətbuat xidməti azyaşlının atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, onun da bu prosesdə iştirakı ehtimal olunur və bu məsələ araşdırılır.

Hətta Muradova ilə qeyri-rəsmi nikahda olan Şamil Əliyevin də saxlandığı bildirilirdi. Lakin son nəticədə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına yalnız Muradova çıxarıldı.

Uşaqlar valideynlərdən alınıb

Hadisədən sonra Məhəmməd də daxil olmaqla, bu ailədəki dörd uşağın hamısı valideynlərdən alındı və yerli icra orqanının qərarı ilə sığınacağa yerləşdirildi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Uşağın anası Reyhan Şıxəliyeva hadisədən sonra mətbuata müsahibələrində bildirmişdi ki, Muradova onların kirayə qaldıqları evə gələrək özünü yardımsevər şəxs kimi təqdim edib. Onlara söz verib ki, yardım almalarına vasitəçilik edəcək.

Gültəkin Muradova Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG