Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Vəzifəli şəxslərin gəlirini öyrənmək mümkün olacaqmı?


Arxiv fotosu
Arxiv fotosu

Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını açıqlamasını təmin etməlidir.

«Obamanın gəlir bəyannaməsi açıqlanıb», «Ötən il Medvedevin gəlirləri Putindən çox olub», «Petro Poroşenko 2014-cü ildəki gəlirlərini, ödədiyi vergi və bank vəsaitlərinin miqdarını açıqlayıb». Mediada belə xəbərlərə hər il rast gəlmək olar. Bəs Azərbaycanda? Niyə burada da prezident, nazir, bir sözlə, vəzifəli şəxslər öz gəlirlərini açıqlamırlar? İlkin cavab bəllidir: Azərbaycanda belə mexanizm yoxdur. Amma ardınca yenə sual doğur: Bəs həmin mexanizm niyə hazırlanmır?

Sənəddən sənədə ötürülən öhdəlik

Azərbaycanda icrasını gözləyən məsələlərdən biri də vəzifəli şəxsləri öz gəlirlərini açıqlamağa vadar edəcək qanuni tələbdir.

Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə - iyulun 21-də qəbul edilmiş «Dövlət qulluğu haqqında» qanunda öz əksini tapıb. Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər. Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir. Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.

Bu maddəyə görə, vəzifəli şəxslər hər il:

- mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə;

- vergitutma obyekti olan əmlakları barədə;

- kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

- şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə;

- şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

- şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidirlər.

2005-ci ildə Nazirlər Kabinetinə 2 ay vaxt verilmişdi

Bu tədbirlərin icrası ilə əlaqədar 2005-ci il iyunun 24-də «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları» təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 2005-ci il 9 avqust tarixli fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Həmin fərmanla Ədliyyə Nazirliyi yerli özünüidarə orqanlarına seçilmiş şəxslərin bəyannamə formalarının qəbulunda məsul qurum sayılıb.

Hökumətə verilən, iki aydan 10 ildən çox keçsə də bəyannamə formasından xəbər yoxdur. Bu məsələ yeni qəbul edilmiş «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər görməlidir.

«Təklifimiz daha konkret və daha detallı idi»

Qalib Toğrul
Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul deyir ki, 10 il ötsə də, Nazirlər Kabineti «Korrupsiyaya qarşı mübarizə haqqında»«Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında» qanunların tələblərini yerinə yetirmir:

«Nazirlər Kabineti «Vəzifəli şəxslərin gəlirlərini bəyan etmək formaları»nı və digər uyğun normativ-hüquqi akt layihələrini hazirlayıb təsdiqləməli idi».

Açıq Hökumətlə bağlı yeni Milli Fəaliyyət Planında bu məsələnin yenidən gündəmə gətirilməsini bəyənən ekspertin öz təklifləri də olub:

«Yeni fəaliyyət planı layihə kimi müzakirəyə çıxarılarkən, həmin öhdəlik nəzərə tutulmamışdı. Biz İTM olaraq o zaman fəaliyyət planı layihəsinə «Vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsi mexanizminin yaradılması» adlı ayrıca bir istiqamət salınmasını təklif etmişdik. Dörd altbənddən ibarət təklifimiz daha konkret və daha detallı idi. Təklif edirdik ki, qanunvericilik bazası yaradılmaqla mexanizm işə salınsın, məlumatların on-line rejimdə elektron təqdim olunması təmin edilsin, məlumatlar ictimaiyyətə açıq olsun və ya hər il ictimaiyyətə açıqlanmasına dair tələb qanuniləşdirilsin. Üstəlik, tələb olunan məlumatları təqdim etməyən vəzifəli şəxslərlə bağlı inzibati məsuliyyət müəyyən edilsin».

«O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa...»

Ekspert yada salır ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun yeni qəbul olunarkən, vəzifəli şəxslərin müvafiq dövlət qurumlarına təqdim etdiyi məlumatlar kommersiya və ya bank sirri sayılırdı:

«Bu məlumatların yayılması qanunla müəyyənləşən məsuliyyət doğururdu. Göstərilən məlumatları yalnız Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və ya belə hüquqpozmalara görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tələb edilə bilərdilər. Qanuna görə, bu hallarda göstərilən məlumatlar yalnız məhkəmə qərarı əsasında veriləcəkdi. Sonradan mahiyyət etibarilə çox mürtəce yanaşma olan bu maddə qanundan çıxarıldı və onu «...məlumatlar qanunvericiliklə müəyyənləşmiş qaydada tələb edilə bilər» cümləsi əvəzlədi. Göründüyü kimi, məsələ yenə də açıq qalıb. O məlumatlar ümumi istifadəyə açıq olmayacaqsa, vəzifəli şəxslərin gəlirlərinə dair məlumat təqdim etməsi də formal xarakter daşıyacaq».

«Qanunun icrasının gecikməsi...»

Nazim Məmmədov
Nazim Məmmədov

Ekspert Nazim Məmmədovun fikrincə, qanunun icrasının gecikməsi məmurların ictimai nəzarətdən kənarda qalmaq arzusundan doğur:

«Tətbiq olunsa, jurnalistlər, qeyri-hökumət təşkilatları, hüquq- mühafizə orqanlarının diqqət mərkəzindən yayınmaq mümkün olmayacaq. Eyni zamanda şəffaflıq arta bilər».

Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısını bir neçə yolla ala bilər:

«İlk olaraq gəlirlərin açıqlanması ictimaiyyətə və ya aidiyyəti qurumlara imkan verir ki, vəzifəli şəxsin varlanmasına və ya gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etsin. Bu məlumatların vaxtaşırı təqdim edilməsi müddətlər arasında şübhəli gəlir və ya xərclərini müəyyənləşdirməyə imkan verir və... Və şəxsdən bunun əsaslandırılmasının tələb edilməsinə və ya araşdırmalar aparılmasına şərait yaradır».

«Bəyannamə vəzifəli şəxsi korrupsiyadan çəkindirir»

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Ə. Nuriyevin qənaətincə, bəyannamələr ictimaiyyətə təsirli siqnaldır:

«Beləcə, vəzifəli şəxslərin fəaliyyətində mümkün maraqlar toqquşmasını izlənə və bununla bağlı aidiyyəti qurumlara vaxtında məlumat verilə bilər. Bu həm də vətəndaşların dövlət qurumuna etimadını və vəzifəli şəxsin şəffaf fəaliyyətinə inamını artırır. Bəyannamələrin önləyici və çəkindirici özəlliyi var. Qanunsuz gəlirlərin üzə çıxarılması, bunların üzərində ictimai və ya kənar nəzarətin olması özəlliklə vəzifəli şəxsləri korrupsiya hallarına yol verməkdən çəkindirir».

XS
SM
MD
LG