Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Xədicə İsmayıl: «Obama, Əliyevdən soruş ki...»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın məktubunu dərc edib: «Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin».

Xədicə İsmayıl bir sıra iqtisadi cinayətlərdə təqsirli bilinərək 7 il yarım həbs cəzasına məhkum edilib. Jurnalist və AzadlıqRadiosunun rəhbərliyi onun hökumətdə korrupsiyanı aşkarladığına görə cəzalandırıldığını düşünür.

Jurnalistin məktubunun tərcüməsini qısa ixtisarla dərc edirik:

«ƏDALƏT YERİNİ TAPMAYIB»

«Bu məktubu Bakıda bir həbsxanadan yazıram. Mən heç vaxt törətmədiyim cinayətə görə 7 il yarım həbs cəzası çəkirəm».

«Jurnalistəm, yeganə «cinayət»im hökumətlə və prezident İlham Əliyevin ailə üzvləri ilə bağlı korrupsiyanı araşdırmaq olub. Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. 2009-cu ildə Konstitusiyanı dəyişib ki, müddətsiz hakimiyyətdə qalsın. Beynəlxalq qurumlar onu «mətbuatın düşməni» adlandırıb. O, həmçinin digər fundamental azadlıqları, insanların həqiqəti bilmək hüququnu pozub».

«Əliyev bu həftə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Prezident Obama-dan dəvət almaq xatirinə o, bir neçə siyasi məhbusu əfv etməli olub. Onlar həbsdən buraxılsalar da, ölkədən çıxa bilməzlər və beləliklə də, ədalət yerini tapmayıb».

«Bu dəvət Əliyevə çox baha başa gəlib. O, illərdir bu məsələylə bağlı beynəlxalq təzyiqləri və tənqidləri qəbul etmir. Cavabı belə olur ki, Azərbaycanda siyasi məhbus yoxdur. Dekabrda konqresmen Christopher H.Smith «Azərbaycanda Demokratiya Aktı»nı təqdim etdi və Azərbaycanda insan haqları və azadlıqlarının pozulmasını tanımağa, ayrı-ayrı rəsmiləri cəzalandırmağa çağırdı. Bu layihə qəbul olunmalıdır».

«OYUNCAQ DEYİLƏM»

«Bəs niyə bəzi siyasi məhbuslar qəfildən azad olundu? Nə dəyişdi ki?».

«Əliyevə bu məhbusların buraxılması ona görə gərəkdi ki, Obama-nın əlini sıxa bilsin və ya neftin qəfil ucuzlaşmasından sonra dəyərsizləşən valyutası və axsayan iqtisadiyyatına Dünya Bankından kredit ala bilsin».

«Əliyev utanmadan siyasi məhbuslardan xarici siyasət gündəmində alver predmeti kimi istifadə edir. Onlar da azadlığa çıxdıqlarına görə sevinirlər».

«Siyasi məhbuslardan bəzilərinin buraxılmasına görə xoşbəxtəm, çox xoşbəxtəm. Ancaq onların və mənim mübarizəm bitməyib. Mən rəsmilərin heç nə olmamış kimi davranması naminə Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm. Biz həbsxanada və ondan kənarda rejimin girovları olaraq qalırıq. Azadlıq mənim universal və konstitusion hüququmdur, ancaq Əliyev dövlət başçısı kimi onu qoruya bilmədi. Heç vaxt törətmədiyim cinayətə görə əfv istəyən deyiləm. Mən hətta indi, həbsxanada da azadam və azadlığım satlıq deyil».

«SORUŞ Kİ...»

«Beləliklə, Prezident Obama, zəhmət olmasa, Prezident Əliyevin müstəqil medianı və vətəndaş cəmiyyətini boğmağı dayandırmasını istə. Bir neçə nəfərin mənafeyi naminə «ağ fil» layihələrinə xərclədiyi neft milyardlarının hesabını sor. Ondan soruş ki, nə vaxt azad və ədalətli seçki keçirəcək. Soruş ki, bütün siyasi məhbusları nə vaxt azad edəcək. Soruş ki, fundamental azadlıqlar nə vaxt hüquqa çevrilə bilər, yəni onun verib aldığı hədiyyə olmaqdan çıxar. Bu sualları soruşdum və həbsxanaya düşdüm».

«Bunlar vacib suallardır. Cavabsız qalmamalıdır. Ədalət tam təmin olunanadək savaşacağıq».

Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının «siyasi məhbus» adlandırdıqları şəxslərin isə konkret cinayətlərə görə həbsdə yatdığını deyir.

XS
SM
MD
LG