Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Hamilə deputatın Rusiyadan qaçışı


Xelqa Piroqova
Xelqa Piroqova

“İttihamlarla mübarizə ilə təkcə özümün deyil, həm də gələcək övladımın azadlığı arasında seçim etməliydim. Körpəmin doğuşdan dərhal sonra həbsdə qalmasına imkan verə bilməzdim”

İyulun 21-də Rusiya hakimiyyəti Novosibirskdə müstəqil deputat Xelqa Piroqovanı “silahlı qüvvələri nüfuzdan salan saxta informasiya” yaymaqda ittiham edərək ona cinayət işi açıb. Priqoqova ertəsi günü sakitcə Gürcüstana gedib.

“Dostlarım mənə cinayət işinin açılması haqda xəbər verdilər. Hər şey çox sürətlə baş verdi”, – Piroqova AzadlıqRadiosunun Siberia.Realities portalına eksklüziv müsahibəsində deyib.

İyulun 21-də səhər ona yalnız administrativ ittiham irəli sürülmüşdü, Rusiyadan getmək fikri yox idi.

“Qalardım. Dindirilməyə və həbsə hazır idim”, – o deyib.

“Doğuşdan dərhal sonra həbsdə qalmasına imkan verə bilməzdim”

Ancaq cinayət ittihamı, 10 ilədək həbs perspektivi 33 yaşlı, ilk uşağına hamilə deputat üçün başqa durum yaradıb.

“İttihamlarla mübarizə ilə təkcə özümün deyil, həm də gələcək övladımın azadlığı arasında seçim etməliydim. Körpəmin doğuşdan dərhal sonra həbsdə qalmasına imkan verə bilməzdim”, – Piroqova danışır.

O, 2020-ci ildə müxalifət lideri Aleksey Navalnının “Smart Səsvermə” təşəbbüsünün dəstəyilə Novosibirsk Şəhər Şurasına seçilib. Navalnı özü o vaxtdan siyasi motivli hesab olunan ittihamlarla həbsdədir. Onun bir çox fəal tərəfdarları ya təqib edilib, ya da ölkədən qaçmağa vadar olub. 2021-ci ilin iyununda hökumət Navalnın Antikorrupsiya Fonduna və regional ofislər şəbəkəsinə “ekstremist” damğası vuraraq qapadıb.

Bu ayın əvvəlində tanınmış müxalifətçi İlya Yaşin də “silahlı qüvvələrin nüfuzdan salınması” qanunu ilə ittiham olunub. Prezident Vladimir Putin bu qanunu fevralın 24-də Ukraynaya hücuma başlayandan bir neçə gün sonra imzalayıb.

Moskva vilayət şurasının deputatı Aleksey Qorinov bu qanunla təqsirli bilinən ilk seçilmiş rəsmidir, yeddi il həbsə məhkum edilib.

Dəfnə görə hökumətə təşəkkür edənlər

Piroqovaya ittihamlara gəlincə, o, iyulun ortasında Twitter postunda Ukraynada döyüşlərdə həlak olan yaxınlarının dəfninə pul verdiyinə görə hökumətə təşəkkür edən yoxsul rusiyalılara sarkastik yanaşma göstərib.

“Mənə dəhşətli gəlirdi ki, ərini, qardaşını, oğlunu itirənlər bu itkinin yasını tutmaqdansa, onların dəfninin belə gözəl təşkilindən, kəndin yarısını çağıra biləcəkləri qədər yeməyin olmasından heyrətlənirlər”, – Piroqova deyir.

O, postunu dərhal pozsa da, sürətlə yayılıb. “Postu təzədən oxuyub anladım ki, yanlış yoza bilərlər. Elə də oldu”, – o söyləyir və postunun “həddən artıq emosional” olduğunu sözlərinə əlavə edir.

Novosibirsk Şəhər Şurasının sədr müavini, hakim Vahid Rusiya partiyasından Andrey Panfyorov Piroqovanı İstintaq Komitəsinə çuğullayır və ona qarşı təhqiqat başladılır.

Bəhanə

Ancaq Piroqova inanır ki, Twitter postu onun Putinin və Ukraynadakı müharibənin açıq tənqidçisi kimi hədəfə alınmasına bəhanə verib.

“Onların məqsədi müxalifət fikirli bütün insanları ölkədən çıxarmaqdır. Hansı bəhanədən istifadə etmələrinin əhəmiyyəti yoxdur”, – o, AzadlıqRadiosuna deyib.

İttihamlardan xəbər tutan deputat dərhal Rusiyadan getməyə qərar verir.

“Hətta əşyalarımı yığmağa belə vaxtım olmadığını anladım. Məni hər yerdə gözləyə bilərdilər”, – o vurğulayır.

Piroqova bilet almağa ona kimin kömək etdiyini açıqlamır, sərhədi problemsiz keçdiyini, nə Rusiya, nə də Gürcüstanda problemlə üzləşdiyini deyir: “Ölkədən çıxışına qadağa qoyulmamışdı… Ona görə düşünürəm ki, onların məqsədi məni ölkədən çıxarmaq idi”.

“Müharibə” deyə bilmək

Rusiyadan gedəndən sonra özünüsenzura hissinin itdiyini deyən Piroqova danışır ki, Gürcüstanda jurnalistlərə müsahibə verərkən Ukraynadakı müharibəyə “müharibə” deyə bilmək onda qəribə hisslər oyadıb.

“Səmimi desəm, çox qəribə idi. Beş aydır gedir, ancaq ilk dəfədir düşünmədən, tərəddüd etmədən, sözlərini filtrasiyadan keçirmədən sadəcə ‘müharibə’ deyə bilirsən və qorxmursan”, – o danışır.

Piroqova qeyd edir ki, son aylar paylaşdığı sosial media postlarını yenidən nəzərdən keçirir, əslində nə demək istədiyinə dair şərhlər əlavə edir.

O, şəhər şurasının üzvü kimi fəaliyyətini məsafədən, bacardığı müddətdə davam etdirməyi planlaşdırır.

XS
SM
MD
LG